KORONAVIRUS DÜNYANI YOXSULLAŞDIRACAQ - Onunla mübarizəyə kimlər və nə qədər pul xərcləyəcək?

Baxış sayı:
4224

Koronavirus dünya iqtisadiyyatını böhran təhlükəsiylə üz-üzə qoyub və bu, son 100 ilin ən ciddi böhranı ola bilər. Planetin tezliklə sağalması ehtimalı gündən-günə azalır, müalicə xərcləri isə sürətlə artır, BBC Rus Xidmətinin əməkdaşı Aleksey Kalmıkovun icmalında deyilir.

Virusa qarşı mübarizəyə artıq on milyardlarla dollar vəsait xərclənib və iqtisadçılar bunun hələ başlanğıc olduğunu bildirirlər.

Avropa və ABŞ-da karantin tətbiq edilməzdən, maliyyə və əmtəə bazarları çökməzdən əvvəl ekspertlər dünyada sərvət artımının yavaşlayacağıyla bağlı ehtiyatlı proqnozlar irəli sürürdülər, bu günsə dünyanın yoxsullaşacağını deyirlər.

Onlar xəbərdarlıq edirlər ki, gözlənən iqtisadi geriləmə yer əhalisinin rifahı baxımından on il əvvəlki maliyyə böhranının nəticələrindən daha təhlükəli ola bilər, çünki problemlər daha geniş və daha dərindir.

Keçən dəfə mərkəzi banklar kağız pul çap etdirərək çökmüş bank sistemlərini xilas etdilər. İndiki böhransa iqtisadiyyatın bütün sahələrini əhatə edir: istehsalı da, xidmət sektorunu da, tələbatı da. İndi çoxhədəfli müdaxilələr lazımdır və bunun üçün hamı əlini cibinə salmalı olacaq.

"Hazırda problem real iqtisadiyyatdakı geriləmələrdir və bunu sadəcə mərkəzi banklar vasitəsilə aradan qaldırmaq mümkün deyil" - dünyanın ən böyük investisiya fondu "BlakckRock"-un nümayəndəsi Rupert Harrison belə deyir.

Nə qədər və nəyə pul xərcləmək lazım gələcək

Koronavirus probleminin Avropanın təkcə iqtisadiyyatına yox, birliyinə də təhlükə törətməsi haqqında açıq məktub yazmış iqtisadçılar da bu fikirlə razılaşırlar: "Dünya maliyyə sisteminin və avrozonanın böhranından sonra hazırlanmış antiböhran alətləri tamamilə başqa problemlərlə mübarizə üçün nəzərdə tutulmuşdu. Bu dəfə hər şey başqa cürdür".

Bütün ölkələr vergi ödəyicilərinin milyardlarla dollarlıq vəsaitini böhranın həm səbəbinin, həm də nəticələrinin aradan qaldırılmasına (epidemiyanın qarşısının alınmasına, zərər görmüş insanlara və biznesə dəstək olmağa) sərf etməli olacaqlar. Ancaq bu, müəyyən problemlər yarada bilər: sürətlə, qətiyyətlə, çox pul xərcləyərək və qonşu dövlətlərlə koordinasiyalı şəkildə hərəkət etmək lazım gələcək. Ancaq bir çox ölkələrin siyasətçiləri sonuncusunu çox da yaxşı bacarmırlar.

Təcili yardım avtomobili

Artıq bəzi ölkələr virusla mübarizəyə pul ayıracaqlarını bəyan ediblər, digərlərində isə siyasətçilər hələ sövdələşirlər.

Ancaq bunun kifayət etmədiyi aydın görünür. Bir ekspert qrupunun hesablamalarına görə, Avropa İttifaqı ölkələri bir aylıq karantinin nəticələrini aradan qaldırmaq üçün il ərzində yüz milyardlarla dollar xərcləməli olacaqlar.

Bu pullar nəyə sərf ediləcək? Üç əsas istiqamətə: səhiyyənin, insanların və biznesin dəstəklənməsinə. Birincisi epidemiyanın qarşısının alınmasına, ikincisi sosial sabitliyin və iqtisadiyyat üçün tələbatın təmin edilməsinə, üçüncüsü mal və xidmətlər təklifinin bərpasına xidmət edəcək.

Həm karantin ucbatından gəlirlərini itirmiş vətəndaşların, həm də işçilərini, təchizatçılarını və istehlakçılarını itirmiş şirkətlərin dövlət dəstəyinə ehtiyacı olacaq. Bu dəstək büdcə subsidiyaları, vergi tətilləri və pul kompensasiyaları şəklində ola bilər.

Ölkələr böhran dövründə işsizliyə görə müavinətləri artırsalar və bu tip ödəmələrin, məsələn, xəstəlik məzuniyyətlərinə görə ödənişlərin əhatə dairəsini genişləndirsələr, dövlət xəzinəsinin sosial xərcləri artacaq.

Biznes artıq həyəcan təbili çalır və yardımla bağlı ilk haraylardan hiss olunur ki, məsələ sadəcə gəlirin azalmasında deyil. Milyonlarla insan işsiz qalacaq, minlərlə şirkət müflis olacaq. Hökumətlər çətin seçim qarşısındadırlar: vergi gəlirlərinin azaldığı indiki dövrdə biznesi dəstəkləmək, yoxsa sonra işsizləri dəstəkləmək?

Rim

Hazırda ən çox ziyan çəkən sahələr turizm və aviasiyadır. Aprelin sonunda Turizm və Səyahətlər üzrə Beynəlxalq Şura bildirib ki, pandemiya nəticəsində bu il sektorda 100 milyon iş yeri ixtisar edilə, xidmətlər 30 faiz azala bilər.

Hələ tam qapanmaya qədər otellər Madriddə dörd müştəridən birini, Barselonada isə beşindən birini itirmişdi. Aviaşirkətlər əvvəlcə Asiyaya, sonra da Avropa və ABŞ-a sərnişin daşımalarını kəskin ixtisara salıblar. Şirkətlərin nümayəndələri bunun mülki aviasiya tarixində ən ağır böhran olduğunu bildirir, hökumətlərdən milyard dollarlıq yardım istəyirlər.

Bütün xidmət sferaları təhlükə altındadır: restoranlardan tutmuş kinostudiyalara, universitetlərə və taksilərə qədər. İdman sektoru translyasiyalardan və bilet satışından gələn milyardlarla dollarlıq qazancından məhrum olub. Neft qiymətlərinin və neftə tələbatın kəskin düşməsi hətta neft-qaz şirkətlərini də dotasiyalar üçün növbəyə durmağa məcbur edib.

Və bu hələ başlanğıcdır

Aprelin 24-də ABŞ Konqres 484 milyard dollarlıq iqtisadi yardım paketini təsdiqləyib. Beləliklə, yeni qanun layihəsi, keçən ay təsdiqlənmiş koronavirus pandemiyasının ABŞ iqtisadiyyatına təsirini azaltmaq üçün ümumi dəyəri 2,2 trln dollar olan tarixi yardım paketini tamamlayıb.

Aprelin 10-da Avropa Ittifaqına üzv ölkələrin maliyyə nazirləri, koronavirus pandemiyasının nəticələri ilə bağlı məqsədlərə 500 milyard avroluq maliyyə paketini təsdiqləyiblər.

Fransa, Avstraliya, Yeni Zenlandiya və Yaponiya iqtisadiyyatı dövlət xəzinəsi hesabına dəstəkləmək üçün "mümkün olan hər şeyi" etməyə söz veriblər. İstehsalı stimullaşdırmaq üçün Çin vergi endirimləri və güzəştli kreditlərlə bağlı genişmiqyaslı proqram həyata keçirməyə başlayıb.

Barselona

Bu ölkələrin heç biri hələ böhranın bütün nəticələriylə üzləşməyiblər. BVF-də, o cümlədən, Barak Obama administrasiyasında, "Pimco" investisiya fondunda və "Allianz" sığorta şirkətində rəhbər vəzifələrdə çalışmış iqtisadçı Məhəmməd əl-Ərianın sözlərinə görə, bu nəticələr çox ağır ola bilər.

"Ən yaxın zamanlarda planetimiz inkişaf etmiş ölkələrdə yaşayanların böyük əksəriyyətinin indiyə qədər üzləşdiyindən daha ciddi və əhatəli iqtisadi problemlərlə üzləşəcək" - əl-Ərian davranış modelləri üzrə ixtisaslaşmış iqtisadçılarla, həkimlərlə və alimlərlə bir neçə həftəlik söhbətlərindən sonra bu qənaətə gəlib.

"Biz qarşılıqlı əlaqələrin inkişafına hesablanmış qlobal iqtisadiyyat mühitində yaşayırıq. Ancaq sağlamlığımızın müdafiəsi qəflətən bizdən sosial ayrılıq və izolyasiya tələb etdi. Bu, iqtisadi artımın, rifahın və maliyyə sabitliyinin əsasını təşkil edən hər şeyə zidd vəziyyətdir" - əl-Ərian böhranın dərinləşməsi ehtimalını bu şərtlərlə izah edib.

Nə qədər yoxsullaşacağıq

Koronavirus epidemiyasına qədər iqtisadçılar 2020-ci ildə dünya iqtisadiyyatının təxminən 3 faiz artacağını proqnozlaşdırırdılar. İndi isə onlar resessiyadan danışırlar və fikir ayrılıqları ancaq prosesin davamlılığıyla əlaqəlidir: bu, pandemiyanın necə inkişaf etməsindən asılı olacaq.

İlin sonuna qədər iqtisadi artım baş verməsə, dünya 4 trilyon dollar itirmiş olacaq. Bu, Avropanın ən böyük iqtisadiyatına sahib olan Almaniyanın ÜDM-indən çox, Rusiya ÜDM-indənsə 2,5 dəfə çoxdur.

Finlandiyada boş rəflər

Hələ martın əvvəlində yeni qiymətləndirmələrə əsaslanan avropalı məmurlar illik azalmanın təxminən 1 faiz olacağını deyiblər. Dünyanın ən böyük iqtisadi gücü olan ABŞ-da koronavirusa qədər 2 faiz artım gözlənilirdi. Lakin pandemiya belə ümidləri puça çıxarıb.

Aprelin 29-da ABŞ Mərkəzi bankı bildirib ki, koronavirusun yayılması "Amerika Birləşmiş Ştatları və dünyada böyük insan və iqtisadi çətinliklərə səbəb olur".

Ən son məlumata görə, ABŞ iqtisadiyyatının həcmi 2008-ci ildən bəri ən yüksək templərlə azalmaqdadır. Rekord minimumda olan işsizlərin sayı artaraq 26 milyona çatıb.

Dünyadakı iqtisadi aktivliyin 2/3 hissəsi ABŞ, Çin və Aİ-nin üzərinə düşdüyü üçün Avropada geriləmə və Çində yavaşlama iqtisadiyyatın bütün dünya üzrə tormozlanmasına gətirib çıxarar.

Neft və metallardakı qiymət azalmasının xammal ölkələri üçün təhlükəsini də bunun üstünə gələndə, xeyli kədərli mənzərə yaranır.

Qərbdəki problemlərin miqyası hələ ki, statistikada öz əksini tapmayıb. Ancaq fevral ayında həm sənayedə, həm də xidmət sektorunda aktivliyin tamamilə donduğu Çinə - onun qabaqlayıcı indikatorlarına nəzərən təxmini ehtimallar yürütmək mümkündür: indiki geriləmə on il əvvəlki böhranın başlanğıcındakı göstəricilərdən daha ciddidir./BBC