Koronavirus Almaniya şəhərlərində həyatı durdurub - REPORTAJ / VİDEO

Baxış sayı:
2188

1990-cı ilə qədər Almaniyanın “Hökumət mərkəzi” olan Bonn şəhəri koronavirus pandemiyasının sürətlə yayıldığı bu günlərdə “ruh şəhər”ini xatırladır. Burada bütün ticarət obyektləri bağlanıb, avtobus və tramvay dayanacaqları boşdur. Bir zamanlar nəqliyyat vasitələrinin daim tıxac yaratdığı yollarda isə indi avtomobillər arabir gözə dəyir.

Şəhər bələdiyyəsinin sədri Aşok Sridrahan jurnalistlərə açıqlamasında bildirib ki, Bonnda koronavirusa yoluxanların sayı hər gün artır. Onun sözlərinə görə, son rəsmi məlumata əsasən Bonnda 133 nəfər virusa yoluxub.

Almaniyanın Bavariya əyalətindən fərqli olaraq, Bonn şəhərinin daxil olduğu Şimali Reyn-Vestfaliya əyalətində hələ ki, komendant saatı elan edilməyib. Əyalətin baş naziri Armin Laşet bazar günü kansler Angela Merkel və digər federal əyalət baş nazirləri ilə keçirdiyi videokonfrans zamanı buna ehtiyacın olmadığını bildirib.

Laşnet qeyd edib ki, təhsil müəssisələrinin bağlanması, restoran və kafelərin vaxt məhdudiyyəti çərçivəsində fəaliyyəti, eyni zamanda bütün şəhərlərdə yerli bələdiyyələr tərəfindən əhaliyə evdə qalmaları ilə bağlı tövsiyələrin verilməsi koronavirusla mübarizədə effektiv ola bilər.

Şəhərdə açıq məhdudiyyətsiz fəaliyyət göstərən isə, yanız ərzaq, çörək mağazaları və supermarketlərdir. Keçən həftə müəyyən vaxt məhdudiyyəti ilə işləyən restoran və kafelər artıq qapılarını bağlayıb. Məşhur butiklərin olduğu mərkəzi küçələrdə tək-tük insana rast gəlmək olur. Küçəyə çıxma qadağası olmasa da, polis əməkdaşları qrup halında parklarda gəzən və piknik etmək istəyən insanlara xəbərdarlıq edirlər. Açıq marketlərdə insanların bir-biriləri ilə iki metr məsafə saxlamasına diqqət yetirilir. Bəzi kiçik mağazalar isə, müştəriləri bir-bir qəbul edirlər.

Ölkə boyu tətbiq olunan səyahət məhdudiyyətlərinə görə, şəhərə turist axını da dayanıb. Adi günlərdə turistlərlə dolub-daşan tarixi yerlər və muzeylər qapılarını ziyarətçilərin üzünə bağlayıb.

Küçələrdə daha az vaxt keçirmək cəhdləri hər keçən gün daha çox insanı evlərə çəkir. Hər gün işə gedib-gələnlər artıq ictimai nəqliyyatdan istifadə etməməyə çalışırlar. Əvvəlki günlərlə müqayisədə sərnişinlərin azalması bəzi avtobus şirkətlərini yeni vaxt intervalı təyin etməyə məcbur edib. İnsanlar daha çox taksi xidmətlərindən istifadə etməyə çalışırlar.

Qeyd edək ki, son rəsmi məlumata görə, Almaniyada 24 mindən çox insan koronavirusa yoluxub. Virusa yoluxanlardan 91-i həyatını itirib, 239 nəfər isə sağalıb. Bu ölkədə ən çox virusa yoluxma vaxtı azərbaycanlıların da kompakt yaşadığı Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb. Bu əyalətdə 7 361 nəfərin koronavirus testi müsbət çıxıb. Karantin altında saxlanılan 24 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb./Report