Konsulluq xidmətləri bu gündən ASANlaşdı

Baxış sayı:
8062

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb.
Muxalifet.az xəbər verir ki, bu gündən “ASAN xidmət”də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.
Xidmətlərin təşkili “ASAN xidmət” standartlarına uyğun olaraq operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təmin ediləcək.
Eyni zamanda, müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı vasitəsilə konsulluq xidmətlərinin elektron qaydada göstərilməsini təmin edəcək.
Beləliklə, “ASAN xidmət” mərkəzlərində 12 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.