Konstitusiyaya edilən dəyşikliklərlə Rusiya qonşuları üçün DAHA BÖYÜK TƏHLÜKƏYƏ ÇEVRİLDİ

Baxış sayı:
3394

Xaqani Cəfərli: “Rusiyanın başında Sovet İttifaqının dağılmasını böyük geosiyasi fəlakət hesab edən Putin kimi avtoritar liderin dayanması bu təhlükənin miqyasını daha da artırır”

Kərəm Məmmədov: “Rusiya kimlərə torpaq alıb veribsə, məhz onlardan torpaq istəyə bilər”

Xəbər verdiyimiz kimi, iyunun 25-dən iyulun 1-nə qədər Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının bununla bağlı verdiyi məlumata görə, seçicilərin 77,93 faizi Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib, 21,26 faiz isə əleyhinə səs verib. Qeyd edək ki, burada əsas məqsəd prezidentin səlahiyyətlərinin daha da gücləndirilməsinə, həmçinin Vladimir Putinin hakimiyyəti ələ keçirməsinə hesablanıb. Belə ki, konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən Putinin əvvəlki prezidentlik müddəti sıfırlanacaq və o, 2036-cı ilədək prezident vəzifəsinə yenidən seçilmək imkanı əldə edəcək.

Nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qarşıda Azərbaycanı kifayət qədər ciddi təhlükələrin gözlədiyini bildirib. “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid, təhlükələr mövcuddur” deyən ADR Hərəkatının sədrinin sözlərinə görə, rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib: “Putin konstitusiya islahatlarının tərkib hissəsi olan dövlət suverenliyini qorumaq üçün düzəlişlərin müəllifidir. Bu dəyişliklər çərçivəsində qonşu dövlətlərlə delimitasiya, demarkasiya, yenidən demarkasiya çərçivəsində Rusiyanın sərhədlərinə yenidən baxılması nəzərdə tutulub. Rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib. Belə çıxır ki, Rusiya bundan sonra həmin əraziləri geri götürəcək, belə olan halda Rusiya Federasiyası tərəfindən Azərbaycana qarşı da ərazi iddiasının irəli sürülməsi gözlənilir. Ətrafda və daxildə gedən proseslər və baş verən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid və təhlükələr mövcuddur”.

“Rusiya beynəlxalq hüquqa hörmət edən demokratik dövlətə çevrilməyənə qədər bütün qonşuları, o cümlədən də Azərbaycan üçün də təhlükə mənbəyi olaraq qalacaq”

Hurriyyet.org-un məlumatına görə, politoloq Xaqani Cəfərli də bu qənaətdədir ki, konstitusiyaya edilən dəyşikliklərlə Rusiya daha da avtoritar dövlətə, deməli qonşuları üçün də daha böyük təhlükəyə çevrildi: “Xüsusilə də Rusiyanın başında Sovet İttifaqının dağılmasını böyük geosiyasi fəlakət hesab edən Vladimir Putin kimi avtoritar bir liderin dayanması bu təhlükənin miqyasını daha da artırır. Putin son zamanlar tez-tez belə bir fikir səsləndirir ki, Sovet İttifaqı dağılan zaman keçmiş müttəfiq respublikaların bəziləri Rusiyanın tarixi torpaqlarının bir hissəsini özləri ilə götürüb, aparıblar. Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Rusiyanın Azərbaycana qarşı ərazi iddiası irəli sürə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib və bir sıra addımların atılması təklifi ilə çıxış edib. Rusiya beynəlxalq hüquqa hörmət edən demokratik dövlətə çevrilməyənə qədər bütün qonşuları, o cümlədən də Azərbaycan üçün də təhlükə mənbəyi olaraq qalacaq”.
Rusiya müxalifəti çox ciddi sürətdə post-Putin dövrünə hazırlaşır ...

“Putin Rusiyanın tarixi torpaqları deyəndə nəyi başa düşür” sualını cavablandıran politoloq qeyd edib ki, Kreml sahibi bu fikirini yalnız bir dəfə, 2012-ci ilin yanvarında Rusiya Federasiyasının hökumətinin başçısı, prezidentliyə namizəd qismində “Nezasimaya Qazeta”nın 23.01.2012-ci il tarixli sayında dərc olunmuş “Rusiya: milli məsələ” məqaləsində ifadə edib: “Stalinin “Milli məsələ və leninizm” məqaləsi ruhunda yazılmış məqalənin “Rusiya “tarixi dövlət” kimi” yarımbaşlıqlı hissəsində Putin tarixi, böyük Rusiyanın tarixi torpaqları dedikdə XVIII əsrin sonlarındakı sərhədlərini nəzərdə tutduğunu qeyd edir. XVIII əsrin sonlarında Rusiyanın sərhədləri, xüsusilə də Qərb sərhədləri Osmanlı dövləti ilə bağlanmış 1791-ci il müqaviləsinə, Prusiya və Avstriya ilə imzalanmış 1795-ci il Peterburq bəyannaməsinə əsasən müəyyən olunmuşdu. Putinin tarixi, böyük Rusiya dedikdə nəzərdə tutduğu XVIII əsrin sonlarındakı Rusiya imperiyasının torpaqlarına istinad etməsi təsadüfi deyil. Bu məqam Putinə Ukrayna, Belarus, Moldova, Estoniya və Latviyaya qarşı ərazi iddiaları irəli sürmək imkanı verir. Putin hesab edir ki, Estoniyanın şimal-şərqi, Latviyanın şərqi, Ukraynanın şərq,cənub və mərkəzi hissəsi, Moldovanın tərkibindəki Dnestryanı bölgə və bütün Belarus tarixi, böyük Rusiyanın bir hissəsidir və Sovet İttifaqının dağılması nəticəsində Moskva bu torpaqlarını itirib”. Xaqani Cəfərlinin sözlərinə görə, Putinin istinad etdiyi XVIII əsrin sonlarındakı Rusiyanın Qafqazdakı sərhədləri bugünkü Rusiya-Azərbaycan sərhədlərindən fərqli idi: “Əgər XVIII əsrin sonlarının sərhədlərinə istinad edilsə, Moskva Qafqazdakı sərhəddini şimala doğru geri çəkməli olacaq. Rusiya mətbuatının sərhədlərin demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilməsini müzakirə etməsi ilə bağlı ADR sədri Qubad İbadoğlunun narahatlıqlarını anlamaq olar. Amma Putinin məhz Çinin dövlət başçısı Si Cinpinlə danışıqdan sonra Şimali Qazaxıstan iddiasından geri çəkildiyi haqqındakı fikirlərin bu günə kimi rəsmi səviyyədə təkzib edilmədiyini nəzərə alsaq, Rusya mətbuatındakı müzakirələri ciddiyə almamaq olar. Putin məhz XVIII əsrin sonlarının sərhədlərinə istinad etməklə Rusiyanın sərhədlərini Qərbə doğru genişləndirmək arzusu ilə yaşayır. Onun bu arzusunu həyata keçirmək üçün yaxın aylarda Belarus, Ukrayna, Estoniya və Latviyaya qarşı hibrid müharibəyə başlayacağı haqqında məşum iddialar var. Həmin iddialara görə, Putin Moldovanın rusiyayönümlü prezidenti İqor Dodonun Dnestryanı bölgəni Rusiyaya könüllü verəcəyinə ümid edir”.

“Rusiyanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsini deyil, Qarabağda atəşkəsi pozmağa çalışması daha çox gözləniləndir”

Xaqani Cəfərlinin fikrincə, Rusiyanın ən çox istinad edilən politoloqu Valeri Solovey hesab edir ki, Putin tarixin səhnəsindən getmək ərəfəsində olduğundan tarixə Rusiya torpaqlarını qaytaran şəxs kimi düşmək istəyir və buna görə yaxın aylarda Qərb istiqamətdə “tullanış”lar edə bilər: “Rusiyanın hərbi gücü hələlik bütün qonşularına və bütövlükdə dünyaya narahatlıqlar, təhlükələr yaratmağa imkan verir. Amma Rusiyanın üzləşdiyi vəziyyət ona böyük hərbi kompaniyalar aparmaq, Qərb dövlətləri ilə münasibətləri daha da gərginləşdirmək arzusunu reallaaşdırmağa imkan vermir. Neft-qaz qiymətlərinin kəskin ucuzlaşması, koronavirus pandemiyası Rusiya iqtisadiyyatını məhvin bir addımlığına gətirib. Belə bir vəziyyətdə Rusiyanın Qərbin maliyyə institutları ilə əlaqəsinin kəsilməsi Moskva üçün fəlakət demək olardı. Rusiyanın nüfuzlu ictimai-siyasi xaadimlərinə inansaq Qərbin siyasi dairələrində Putin rejiminə son qoymasının zərurətə çevrilməsi ilə bağlı qəti rəy formalaşıb. Bunun səbəbi Vaşinqton və Londonun hərb-siyasi elitasının Putini Qərb üçün təhlükə hesab etməsidir. Moskvada ikinci dünya müharibəsində qələbənin 75 illiyi bağlı hərbi parada əksər dövlət rəhbərlərinin qatılmaması da Qərbin Putinə münasibətin kəskinləməsi və qətiləşməsi ilə bağlı məlumatların nəzərə alınması ilə izah edilir. Yəni, hər kəs bu həsas məqamda Putindən uzaq durmağa çalışır. Əfqanistanda NATO-nun komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibindəki ABŞ və Böyük Britaniya əsgərlərinin öldürülməsi müqabilində Rusiyanın “Taliban”a “qonarar” ödəməyi vəd etməsi haqqında dünyanın ən nüfuzlu qəzeti hesab olunan “The New York Times” qəzetində dərc olunan məqalə Vaşinqtonda anti-Moskva əhval-ruhiyyəsini ən kəskin həddə çatdırıb. Vaşinqtonda siyasətçilərin və məmurların Rusiyanın sərt cəzalandırılmasının vacibliyi ilə bağlı çağrışların ardı-arası kəsilmir. Əgər bu çağrışların sonunda Rusiyanın terrorizmi maliyyəşdirməsi haqqında qanunvericilik aktı qəbul olunsa, prezident Putin və müdafiə naziri Şoyquya qarşı sanksiyalar tətbiq edilsə Kreml sahibinin adı “Əl-Kaida” terror təşkilatının öldürülmüş lideri Üsamə bin Laden, özünü İslam Dövləti (İŞİD) adlandıran terrorçu qrupun lideri Əbu Bəkr əl-Bağdadinin bir zamanlar adı olan siyahıya düşmüş olacaq. Belə olacağı tərzdə Rusyanın xarici iqtisadi fəaliyyəti mümkün olan ən aşağı həddə salınacaq ki, bunun da nəticəsini təsəvvür etmək çətin deyil. Rusiyanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi deyil, Qarabağda atəşkəsi pozmağa çalışması daha çox gözləniləndir. Beynəlxalq təcrid vəziyyətinə düşmüş Putin Qərb liderləri ilə birgə danışıq masası arxasında yer almaq üçün regional münaqişələrin qızışdırılmaısna yeganə imkan kimi baxa bilər. Bu zaman ən əlverişli münaqişə isə Qarabağda atəşkəsin pozulması, Azərbaycanla Ermənistan arasında iri miqyaslı müharibə ola bilər. Dnestyanı bölgədə, gürcü-abxaz, gürcü-osetin münaqişə xəttində və Ukraynadakı separatçı vilayətlərdə münaqişələrin alovlanması Rusiyanın birbaşa münaqişəyə cəlb edilməsi demək olar. Hazırkı vəziyyətdə bu Putinə ciddi diplomatik uğur vəd etmir. Eyni zamanda, bu bölgələrdə münaqişələrin alovlanması Rusiyanın daxilində narazılıqları artıra bilər ki, Kreml bunda maraqlı ola bilməz. Ona görə də Putin Qərb liderləri ilə diplomatik masa arxasında oturmağa çalışacaqsa, Qarabağda hərbi əməliyyatlar daha cəlbedici kimi görünə bilər. Unutmaq olmaz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qurulmuş yeganə beynəlxaql platforma olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri Rusiya, digərləri ABŞ və Fransadır. Putinin G7 ölkələrinin sammitinə çağrılmaması ilə bağlı ABŞ prezidenti Donald Trampın təklifi London və Tokionun kəskin müqaviməti nəticəsində baş tutmadı. Bu olay eyni zamanda, Rusiya prezidentinin çox ciddi beynəlxalq təcriddə olduğunu göstərdi. Putinin danışıqlar masasından kənarda qalmasını istəyən Donald Tramp və Emmanuel Makronun rəhbərlik etdiyi ABŞ və Fransa ilə birgə Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu Kreml sahibinə Qərb liderləri ilə bir masa arxasında oturmaq üçün hazırda yeganə mümkün variant kimi görünür”.

“Ruslar özləri də gözəl bilir ki, Dərbənd Azərbaycanın tarixi ərazisidir, odur ki, Rusiyanın bizə torpaq iddiası ilə çıxış edəcəyi o qədər də inanadırıcı deyil”

Kərəm Məmmədovu Gürcüstana » "Dünya" informasiya agentliyi

Mövzu ilə bağlı Hurriyyet.org-a açıqlama verən tarixçi-alim, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov hesab edir ki, Rusiya kimə torpaq alıb veribsə, məhz onlardan torpaq istəyə bilər: “İndi nə 1813-cü, nə 1828-ci, nə də 1920-ci ildir. Yəni hansı zəmanədir ki, sən qonşu ölknin torpağını zorla qopardasan?! Bundan başqa, istənilən şəxs Rusiyanın, o cümlədən Azərbaycanın keçmişinə baxsa, o zaman yaxın 200 ildə bu iki ölkənin dövlət sərhədlərinin hardan keçdiyi bəlli olar. Ruslar özləri belə, dərsliklərində yazırlar ki, 1813-cü ildə Şimali Azərbaycan xanlıqları ilə yanaşı, Dağıstan da Rusiyanın tərkibinə qatıldı. Əgər Dağıstan Rusiyanın tərkibinə qatılıbsa, həmin vaxta qədər kimin tərkibində olub?! Rusiya kimə torpaq alıb veribsə, məhz onlardan torpaq istəyə bilər. Əksinə, Rusiya Azərbaycanın əlində olan torpaqları da alıb. Axı, Dağlıq Qarabağın işğalında kimin rolu olduğunu hamı çox yaxşı bilir. Gərək, biz hər şeyi öz adıyla deyək. Rusiyanın hansı ərazisi Azərbaycanın tərkibində olub ki, indi də onu istəsin? Belə bir hal yoxdur və heç vaxt da möcvud olmayıb. Ruslar özləri də gözəl bilir ki, Dərbənd Azərbaycanın tarixi ərazisidir. Odur ki, Rusiyanın bizə torpaq iddiası ilə çıxış edəcəyi o qədər də inanadırıcı deyil”.

Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org