​Konqresdə ölkəmizə qarşı addım - POLİTOLOQ

Baxış sayı:
442

Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir.
Muxalifət.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət Departamenti əvvəlcə vətəndaşlarını “terror təhlükəsi qarşısında” Azərbaycana getməməyi məsləhət gördü, indi də Konqres nümayəndələrinə “ABŞ – Arsax: səfərlər və təmaslar” adlı sənəd paylanıb:
"Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var. Əlbəttə, bu sənədin ciddi qəbul olunacağı şübhə doğurur, ancaq niyə Dövlət Departamenti konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah edən hesabat paylamır ki?!"
Politoloq vurğulayıb ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu olan Ermənistana dəstək verə bilməz:
"Azərbaycan bir çox məsələdə Vaşinqtonla əməkdaşlıq edir. Bundan başqa ABŞ konqresmenlərinin heç vaxt Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbas separatçılarına dəstək vermək, ora səfərlər etmək ağıllarına gəlməz. Çünki anlayırlar ki, bu bölgələr Rusiyanın nəzarətindədir və bu, Amerikanın maraqlarına ziddir. Amerikalı bir qrup konqresmenin Dağlıq Qarabağı digər separatçılardan ayrı tutması ikili standartın bariz nümunəsidir".