​Kondisioner bir gündə 10 saat işləyirsə... - “Azərişıq”-dan ETİRAZLARA CAVAB

Baxış sayı:
3493

“Məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir. Məsələn, bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə 1 ay ərzində 70 manata başa gəlir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Azərişıq”ASC-nin Eneji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
V.Nəsibbəyli sayğaclara sistemdən hər hansı müdaxilənin mümkün olmadığını deyib.
“Bir kondisionerin 1 saat işləməsi 2,5 kVt enerji sərfiyyatı deməkdir, gün ərzində 10 saat işləyirsə, 25 kVt enerji sərfiyyatı gedir. Bu, təxminən ay ərzində 70 manat deməkdir. İsti hava şəraitilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn 25-30 dərəcədə bu avadanlıq 1 saat ərzində 2,5 kVt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kVt enerji istehsal edə bilər. Çünki avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. Abonentləri əmin edirik ki, sayağacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür. 300 kVt-a qədər 7 qəpikdən, ondan sonra isə kilovatı 11 qəpikdən hesablamaqla aylıq sərfiyyatı müqayisə etmək olar. Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət edir və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirə bilir. 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər".
Qeyd edək ki, ötən ayla eyni qaydada məişət avadanlıqlarından istifadə etdiyini bildirən abonentlər iyul ayında sərfiyyata görə ödənişin 2 və ya 3 dəfə artıq hesablandığını iddia ediblər. Hətta məzuniyyətə çıxdığı üçün ödəniş ayının bir çox günlərini evində olmayan şəxslərə də ötən ayla müqayisədə daha çox “işıq pulu” gəlib.