KOMİTƏ SƏDRİ: “Qeyri-rəsmi nikaha girib uşaq doğurlar, sonra da...”

Baxış sayı:
5332

Muxalifət.az-ın xəbrinə görə, teleqraf.com-un suallarını Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı cavablandırıb.
- Dünən komitə iclasında boşanmalar, aztəminatlı ailələrin övlad sayı barədə fikirləriniz, gənclərə “Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər” çağırışınız birmənalı qarşılanmadı. İstərdik fikirlərinizə aydınlıq gətirəsiniz...
- Komitənin iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi gündəlikdə olub. Bu, çox möhtəşəm, prezidentin tövsiyə etdiyi layihədir. Layihənin müzakirəsindən sonra komitə üzvləri arasında cari məsələ ətrafında fikir mübadiləsi apardıq ki, görək niyə boşanmaların saylı çoxalıb, vətəndaş nikahı cəmiyyətimizdə nədən əsas yer tutub.
Müzakirə əsnasında hərə öz fikrini bildirdi. Bunun ictimailəşməsinə, saytlarda yayılmasına heç bir lüzum yox idi. Çünki müzakirə deyildi, komitə daxilində aparılan fikir mübadiləsi idi. Cəmiyyətdə razılaşmadığımız məqamları yüksək səslə bir-birimizlə danışırdıq ki, baxaq görək, nə edə bilərik. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndələr dəvət edib dinləmə keçirmək niyyətindəyik.
Cəmiyyətdə olan, bizi narahat edən suallara cavab tapmaq istəyirik. Bir çox jurnalistlər çoxdandır sensasiyalı material tapa bilmirlər. Gərək cari məsələyə baxanda jurnalistləri zalı tərk etməyə məcbur edərdik, humanistlik göstərib buna əl atmadıq. Onlar da çox vacib, dövlət əhəmiyyətli bir layihəni kənara qoyub, öz aramızda aparılan danışıqları quraşdırıb yazıblar. Biz intervü verməmişik, öz aramızda fikir mübadiləsi aparıb, mövqeyimizi bildirmişik.
Biz deyirik tədbirimizə ağsaqqallarımızı, ağbirçəklərimizi çağıraq, yol göstərsinlər, gənclərlə necə işləyək ki, boşanmaların qarşısını alaq. Maraqlıdır, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qeyri-rəsmi nikahlarla bağlı hansı mövqe bildirirlər, Ədliyyə Nazirliyindən nümayəndə çağıraq, görək, boşanma ərəfəsində tərəflərdən soruşan varmı, niyə boşanırsan, vaxt verirlərmi, təhlil aparılırmı ki, gənclərimiz hansı səbəbdən boşanır. Bütün bu məsələləri müzakirə etdik ki, mayın 23-də “Ailə modeli, müasirlik və dəyərlər” mövzusunda keçirəcəyimiz dinləmələrə ilkin rəyləri öyrənək.
Hansısa jurnalist sensasiya axtarırdı, guya biz aztəminatlı uşaqları lağa qoyuruq. Söhbət qeyri-rəsmi nikaha girib öz taleyini fikirləşməyərək, uşaq dünyaya gətirən insanlardan gedir, onlar o uşaqları dövlətə təhvil verib öz həyatını yaşamaq istəyirlər. Bu, yolverilməz haldır.
Bu məqamları müzakirə edəcəyik, jurnalistləri də dəvət edirik, dinləmələri diskussiya, sual-cavab şəklində keçirib, suallara cavab tapmağa çalışacağıq. Bu, cəmiyyətin sifarişidir, bu barədə çoxsaylı zənglər alırıq.
- Əsas müzakirə mövzularından biri də az bal topladığı üçün intihar edən yeniyetmələrlə bağlıdır. Bu məsələnin çözümü üçün təklifləriniz nədən ibarətdir?
- Hamının ali məktəbə daxil olması şərt deyil. Bizdə peşə təhsili ilə bağlı dövlət proqramı var, ali təhsildən də üstün olan bir şeydir. Abituriyentlərin imtahanda az bal topladıqlarına görə intihar etməsi xəbərindən sarsıntı keçirdim. Uşaq güman edibsə, 400 bal toplamalıdır, ancaq 200 bal yığıb, gərək həmin dəqiqə valideyn ayıq olardı, öyüd-nəsihət verərdi. Məktəbdə uşaqları psixoloji olaraq hazırlamalıdırlar ki, az bal toplamaq da mümkündür və bundan faciə düzəltmək lazım deyil. Özü də bu, yaz imtahanıdır, qarşıda yay imtahanı da var.
Doğrudan da imtahanın nəticəsinə görə intihar ediblərsə, təəssüf, ikinci imtahanı belə gözləməyiblər. Məktəblərdə psixoloji yardım gücləndirilməlidir. Bəlkə məhz həmin anda uşaqla kimsə danışsaydı, onun fikrini yayındırsaydı, bu hal yaşanmazdı. Valideynlər də düşünməsin ki, bu işi təkcə məktəb görməlidir və özü kənarda qalmalıdır.
Özlüyümdə düşünürəm ki, yəqin onlar repetitor yanına gediblər və valideyn hansısa məqamda deyib ki, sənin təhsilin üçün bu qədər pul xərcləmişəm, mütləq instituta qəbul olmalısan. Güman edirəm ki, bu cür təsir də olub.
Uşaq da fikirləşib ki, valideyni boğazından kəsib repetitor yanına hazırlığa göndərib və etimadı doğrultmasa pis ola bilər. Hər cür versiya irəli sürmək olar.
Məktəblər şagirdlərlə iş aparmalı, onları həyatda hər şeyə hazırlamalıdırlar. Bizim dövrümüzdə 2-3 il instituta sənəd verib kəsilir, gedib işləyirdilər, yenə cəhd edirdilər, qiyabi bölməyə daxil olurdular. İndiki gənclərimizin imkanları daha çoxdur. Əgər ali təhsil müəssisəsinə girməsə, onları gözəl ixtisaslı texniki peşə məktəbləri də gözləyir, onsuzda kənarda qalmayacaqlar.
Mənə elə gəlir ki, o uşaqların psixikasında zəiflik olub və əvvəldən onlarla işləmək lazım idi. Ümumiyyətlə, məzunlar qəbul imtahanlarına gedəndə yaxınları, əzizləri, valideynləri yanlarında olmalıdır. İmtahandan çıxan kimi valideyn uşağını müəllim yanına göndərib dərhal testini yoxlatdırırlar, sonra da uşağı özbaşına buraxırlar. Yeniyetmənin isə beynində hansı fikirləri, stress keçirdiyini müəyyən etmək çətindir.
Hesab edirəm ki, həm valideyn, həm də məktəb birgə iş görməlidir. Gənclərin psixikası çox kövrək olur və tez stress vəziyyətinə düşə bilirlər. Amma həmin məqamda yanında olsan, fikrini yayındıra bilsən, öyüd-nəsihət versən, uşağı depressiv vəziyyətdən çıxarmaq olar. Kimlə yazışıb, nə deyib, hamısına nəzarət etmək lazımdır. İnformasiya texnologiyaları çox inkişaf edib, uşaqların hansısa təsirə düşdüyünü bilmək olmur. Ola bilsin, yoldaşı onu ələ salıb, yaxud irad tutub, hansı hadisələrin baş verdiyini müəyyən etmək mürəkkəbdir.