​Komada olan deputat ayıldı

Baxış sayı:
869

Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyev bir neçə günlük komadan ayılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a deputat Elmira Axundova məlumat verib. 
O bildirib ki, məsləhətləşmələrdən sonra Nəriman Əliyevin süni yatızdırılmasına son qoyulması qərara alınıb: “Bundan sonra Nəriman Əliyev süni nəfəs aparatından ayrılıb. Əslində bu riskli bir qərar idi, amma şükürlər olsun ki, hər şey qaydasındadır. Nəriman Əliyev ayıldıqdan sonra məlum oldu ki, huşu tam yerindədir və əvvəllər olan hər şeyi xatırlayır. Sonuncu xatırladığı isə odur ki, avtomobildə qəflətən halı pisləşib. Ürək cərrahı Rəşad Mahmudovun bildirdiyinə görə, Nəriman Əliyevin ürəyi tam sağlamdır. Ürəyə yeni qoyulan 3 damarın hər biri də öz funksiyasını normal yerinə yetirir. Həmçinin, daxili orqanlarda da hər hansı problem yoxdur. Yaxın 5-6 gün müddətində Nəriman Əliyev reanimasiyada həkim nəzarətində olacaq və daha sonra palataya köçürüləcək”.
Deputat qeyd edib ki, Nəriman Əliyevin yenidən sağlamlığına qovuşmasında özünün sağlam orqanizmə sahib olmasının da böyük rolu olub: “Nəriman Əliyevdə aşkarlanan xəstəlik çox nadir hallarda rast gəlinən bir xəstəlik idi. Həkimlərin bildirdiyinə görə, bu şəkildə komaya düşənlərin əksəriyyətini həyata qaytarmaq mümkün olmur. Amma təcrübəli ürək cərrahı, deputat həmkarımız  Rəşad Mahmudovun səyi ilə Nəriman Əliyev təkrar həyata qayıtdı”.
Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib  və elə əməliyyatdan sonra da komaya düşüb.
N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.