“Kölgə salma, mükafatını istəmirəm…”

Səadət Cahangir
 
Makedoniyalı İskəndərin məşhur yunan filosofu Diogenlə maraqlı bir qarşılaşma səhnəsi var. İskəndərin gəldiyini görüb qımıldanmayan filosofa “sən nə edirsən, gələnin kim olduğunu bilmirsənmi?” deyə bağırıb, qılıncla vurmaq istəyirlər. İskəndər “durun, toxunmayın” deyir və “görmürsənmi, hər kəs “İskəndər gəlir” deyə yerlərə qapanıb qalır, yoxsa, onu tanımırsan?” soruşur. Diogen: “Tanıyıram və sizi də yaxşı tanıyıram” deyə cavab verir. İskəndər: “O halda söylə, kiməm mən?” Diogen: “Əsirimin əsirisən,” deyir. İskəndər sarsılır. Yerində dayana bilmir, atından enib soruşur. “Nə demək bu?” Diogen: “Sən torpaq üçün insan öldürürsən. Dünya isə mənim əsirim, köləm. Sən də mənim köləmin köləsi olmusan. Kim kimin ayağına qalxmalıdır?” deyir. İskəndər böyük filosofun sözlərini çox bəyənir, “dilə məndən, nə dilərsən” deyir. Diogen isə: “Kölgə salma, başqa mükafatını istəmirəm” deyə cavab verir.
Fəlsəfə oxuyan neçə adam qalıb ki, dünyada? Hökmdara münasibətdə Diogen qədər müdrik və prinsipial insanların sayı nə qədər olar dünyanın milyardları arasında? Cəsur şəkildə zoru, zülmü, hirsi, təkəbbürü rədd edənlərin sırası nə qədər genişdir? Dünyanın müasir mənzərəsi də, bu sayın çox az olduğu da hər kəsə aydındır. Yer üzündə qəddar, zalım, totalitar düşüncəli hökmdarların sayı nədən tükənmir, heç düşündünüzmü? Nədən dünyanın bu vaxtında əxlaqlı, idealist, zəkası və qəlbi çirkaba bulaşmamış adamlar dura-dura, insanlığa tam tərs olanlar gəlib çıxır hakimiyyətlərin başına? Elmin, texnikanın, yaşam şərtlərinin bu qədər inkişaf etdiyi bir zamanda, nədən cəmiyyətləri girdaba çəkən primitiv düşüncəli gerizəkalıların əlində əsir-yesir olub qalmışıq? Hər kəsin günah payı yoxmu müasir yaşamımızı şəkilləndirən bu tablonun yaranmasında? Cəsur və azad düşüncələrə dəstək olan, onu müdafiə edən, dəyərini verən neçə nəfərik? Bəzən susqunluğumuz, bəzən də yardımçılığımızla zülmü, ədalətsizliyi, hikkəni tətikləyən hökmdarları böyüdən və bəsləyən özümüz deyilikmi?
Bu ölkədə qazandıqların, sahib olduqların, əldə etdiklərin öz halal haqqındırsa, başda oturanlara niyə minnətdarlıq borcun olsun ki? Dövlətin kreslosunu tutub sənə xidmət etməli olan mənsəb sahiblərinin xidmətçisinə çevrilmək öhdəliyinmi var? Sənə verilən şey dövlətin, yəni sənin və mənim haqqım olan sandıqdan çıxırsa, vasitəçinin qarşısında ikiqat əyilmək nədir?
İllər öncə milliyyətcə ingilis olan müəllimimlə operaya getmişdim. Tamaşa xeyli gecikdi və sonra baxdıq ki, salona hakimiyyətin məşhur simalarından biri daxil oldu. Salonun yarıdan çoxu ayağa qalxdığına görə, müəllimim “bu kimdir” deyə soruşdu. “Birinci şəxsin qohumudur, deputatdır” dedim. “Bizdə kraliça belə tamaşaya gələndə kimsə ayağa qalxmaz” cavabını verdi. Doğrudan, insan tamaşada niyə hökmdarın ayağına qalxmalıdır ki?
Sözsüz ki, Diogen olmaq hər kəsin hünəri deyil. Heç olmasa, haqq etdiyiniz şeyləri haqqınızla almağı bacarın, əyilməklə, əzilməklə, sınmaqla yox. Heç olmasa, bunu qürurla, inad və dirənişlə etməyə çalışın, arxa qapılardan girməklə deyil. Heç olmasa, haqqınız olanı haqsızdan ianə kimi almağı özünüzə sığışdırmayın. Kimsə sizdən Diogen kimi “kölgə salma, mükafatını istəmirəm” deməyi gözləmir. Barı hökmdar kölgəsinə sığınmaq üçün olub-qalan abır-həyanızdan da keçməyin…