Köhnələrlə yenilər üz-üzə

Köhnə YAP-çılar narazıdır; Eldar Sabiroğludan sonra Əli Əlirzayevlə Şahlar Əsgərov da üzə çıxdı; Siyavuş Novruzovdan həmkarına sərt reaksiya gəldi; son siyahı 10 sentyabrda açıqlana bilər.
“Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı sentyabrın 10-da açıqlanacaq”. Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov axar.az-a bildirib. Qeyd edək ki, S.Novruzov ötən həftənin cümə günü qəzetimizə açıqlamasında siyahının həftəsonunadək açıqlanacağını bildirmişdi. YAP funksioneri xırda detallar istisna olmaqla siyahının hazır olduğunu demişdi.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, siyahının yekun variantının açıqlanması ölkə prezidenti, YAP sədri İlham Əliyevdən asılıdır. Hakim partiyanın İdarə Heyəti məsələni müzakirə etdikdən sonra namizədlərdən ibarət 300 nəfərlik siyahını tərtib edib və İlham Əliyevin masasının üzərinə qoyulub. İddialara görə, ölkə başçısı ehtiyat namizədlərin də yer aldığı bu zəngin siyahıdan 125 nəfərin namizədliyi üzərində dayanandan sonra yekun qərar açıqlanacaq. 
Siyahının açıqlanmaması bütün siyasi proseslərlə maraqlanan, seçkiyə bu və ya digər şəkildə aidiyyəti olan şəxslər və çevrələri intizarda saxlayıb. Əksəriyyət YAP-ın siyahısını gözlədiyini gizlətmir. Siyahının gecikdirilməsi ilə bağlı ən müxtəlif versiyalar səslənir. İddialardan biri YAP-ın müxalifət partiyalarının tam olaraq namizədlərini açıqlamasını gözləməsidir. Başqa bir iddia isə budur ki, hakim partiya ölkənin siyasi həyatının qaynarlaşmasından ehtiyat edir. Buna görə də siyahının açıqlanmasını maksimum uzadır.
YAP-ın siyahısı hələ açıqlanmadığı halda bu mövzu nəinki müxalif çevrələrdə, hətta hakim partiyanın özündə də ciddi canlanma yaradıb. Xüsusilə də hakim partiyanın stajlı nümayəndələri narazılıqlarını ifadə etməyə başlayıblar. Bir neçə gün əvvəl Eldar Sabiroğlu mediaya açıqlamasında hakim partiyada onu sevməyənlərin olduğunu dilə gətirmişdi. S.Novruzov isə əvəzində həmkarından fikrini konkretləşdirməyi istədi.

Ardınca YAP-ın Səbayel rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevdən ittihamlar eşidildi. Qocaman YAP-çı deputat olmaq istədiyini də etiraf etdi, ancaq partiyadan dəstək görmədiyini vurğuladı. S.Novruzov isə APA-ya açıqlamasında bildirib ki, partiya bir neçə dəfə onun namizədliyini dəstəkləyib, sonuncu dəfə də dəstəkləməsinə baxmayaraq, seçicilər onu seçməyib, istəməyiblər.
O deyib ki, YAP həmişə öz qurucularına diqqət göstərir və lazımı dəstəyi verir: “2005-ci ildə YAP lazımı dəstəyi göstərdi, amma Əli Əlirzayev seçilmədi. Dünya praktikasında da belə təcrübə var ki, bir namizəd bir dairədən seçilmirsə, onun namizədliyi təkrar irəli sürülmür. Artıq burda seçicilərin münasibətindən söhbət gedir, yəni onu seçmədilər. Ona görə də burada partiyanı günahlandırmaq düzgün deyil... Bundan başqa, YAP hələ siyahısını açıqlamayıb, bəlkə onun da adı var, niyə siyahı açıqlanmamış belə açıqlamalar verir? Deməli özünə arxayın deyil”.
Bunun ardınca daha bir tanınmış YAP-çı mediada görünüb.  “Parlament seçkilərində namizədliyimi irəli sürməyə ehtiyac duymuram”. Bunu Modern.az-a açıqlamasında YAP-ın sabiq deputatı,  məşhur  “91-lər”dən olan Şahlar Əsgərov deyib. O bildirib ki, builki parlament seçkilərində iştirak etmək fikri yoxdur: “Mən iki dəfə seçkilərdə partiyanın namizədi kimi seçilmişəm. Birinci dəfə partiyanın proporsional siyahısında ilk sıralarda olmuşam. İkinci dəfə isə partiyanın dəstəyi ilə seçilmişəm. Qarşıda görüləcək işlərim çoxdur. Kitab üzərində işləyirəm. Ona görə də builki seçkilərə qatılmaq kimi fikrim yoxdur”.
“Seçki siyahısında namizədlərdən kimi görmək istərdiniz” sualına isə Ş.Əsgərov belə cavab verib: “Mətbuatda da bir neçə dəfə demişəm və bununla bağlı qəti qərarım var. Deputat seçilən şəxs parlamentin qarşısında duran sualları həll etməyə qadir olan insanlardan təşkil olunmalıdır. Orada gedib, sadəcə düyməni basmaqla kifayətlənməməli, prosesin passiv tərəfi olmamalıdır. Deputat qanunvericiliyin obyekti yox, subyekti olmalıdır. O həm də bütün prosesləri yaxından izləməlidir”.
 
Göründüyü kimi, köhnə YAP-çılar partiya rəhbərliyindən incik görünürlər.
Aktual.az-a daxil olan məlumata görə, YAP-ın siyahısında xeyli sayda yeni adlar var. Hazırda fəaliyyət göstərən bəzi deputatların isə siyahıda yer almadığı da gələn xəbərlər arasındadır. Hakim partiyanın xətti ilə parlamentə mandat qazanan daha dörd deputat bu dəfə YAP-ın siyahısında yer almayıb.
Bunlardan biri 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini parlamentdə təmsil edən deputat, professor Astan Şahverdiyevdir. Azərbaycan Texniki Universitetində kafedra müdiri işləyən, 68 yaşlı A.Şahverdiyevin özünün də bundan xəbəri var.
11 saylı Qaradağ seçki dairəsini parlamentdə təmsil edən Ağalar Vəliyevin də adı YAP-ın siyahısında yer almayıb.
55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən deputat Arif Əşfərov da hakim partiyanın siyahısında kənarda qalıb. Deputatlıq fəaliyyəti boyunca heç bir aktivliyi müşahidə olunmayan A.Əşrəfovun məhz bu səbəbdən siyahıda yer almadığı deyilir.
57 saylı Kürdəmir seçki dairəsini təmsil edən Fərhad Qəribovun adına da hakim partiyanın siyahında rast gəlmək olmur. Biznes fəaliyyəti ilə məşğul olan deputatın özünün də bundan xəbərdar olduğu deyilir.
Heç şübhəsiz YAP-ın siyahısından kənarda qalan digər deputatlar da var. Bu barədə isə biz bir neçə gün sonra, hakim partiya namizədlər siyahısını elan etdikdən sonra xəbər tutacağıq.
Bütün bu məsələlərlə əlaqədar S.Novruzovun mövqeyini öyrənmək istədik. Lakin “Yeni Müsavat”a açıqlamasında yalnız bunu bildirdi: “Siyahı açıqlananda hər şey aydın olacaq, gözləyin”.
musavat.com