Köçəryan “Qarabağ klanının” başına keçir – Paşinyanı devirmək planı işə düşür

Baxış sayı:
2155

Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv ölkələrin onlayn konfransı Ermənistan baş naziri Nikol Paşinyanın növbəti təxribat çəhdi ilə yadda qaldı. Zabit Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harda gəldi özlərinə uyğun şəkildə səsləndirirlər. Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış tərədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu.

Nikol Paşinyan bu mövzuda üstünlük qazanmayacağını anlayaraq keçdi Qarabağ mövzusuna və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli Arsax, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır”. Paşinyan eyni cümləni bir gün əvvəl, yəni iyunun 17-də parlamentdəki çıxışı zamanı dilə gətirmişdi.

Paşinyan bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır. O, düşünür ki, cümləsinə “Azərbaycanın da maraqları nəzərə alınmalıdır” sözlərini əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən fərqlənir. 

Əlbəttə, Köçəryan və Sərkisyan Paşinyan kimi “münaqişənin həlli Azərbaycan xalqının da maraqlarına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem ondadır ki, işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir.

Paşinyanın işğal altındakı Şuşada “andiçmə” mərasimi təşkil etməsi, işğal altındakı bölgələri məsşkunlaşdırması və Dağlıq Qarabağa işğal altındakı rayonlarımız üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı şəkil almasının bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın əleyhinədir. Ona görə də Paşinyanın “münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir” sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan sadəcə, ifadələrlə söz oyunu aparır, əməldə isə devirdiyi və həbs etdidiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücüylə davam etdirir.

Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanda müharibə çağırışlarından narahat olduğunu da vurğulayıb. Görəsən Paşinyan Azərbaycandan ayrı nə gözləyir ki? Azərbaycan işğal altında torpaqlarında Paşinyanın separatçılarla birgə təxribatlarına seyrçimi qalmalıdır? Torpaqları işğal altında olan dövlətin müharibə çağırışları təbiidir və bu çağırışları Ermənistandan başqa kimsə anormal qarşılamır.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu iyunun sonuna qədər münaqişə tərəflərinin onlayn müzakirələr aparacağını istisna etməyib. Zaxarova deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlər daima təmasdadırlar və onlayn rejimdə müzakirə aparırlar. Onun sözlərinə görə postkoronavirus dövründə üz-üzə görüşlər həyata keçiriləcək.

Bu açıqlamada yeni heç nə yoxdur. Əgər illərdir üz-üzə görüşlər nəticə verməyibsə, onlayn müzakirələrdən nə gözləmək olar? Danışıqlar keçmiş illərdə nəticə vermədiyi kimi onlayn rejimdə keçirilən müzakirələrdə də irəriləyiş yoxdur. Zaxarova münaqişənin həllinin sürətləndirilməsi vacibliyi barədə bir kəlmə də deməyib. Onun növbətçi sözlərinin isə əhəmiyyəti yoxdur. Digər tərəfdən Paşinyanın onlayn konfransdakı çıxışı göstərir ki, onun xarici işlər naziri də onlayn konfransda yeni heç nə deməyəcək.

Nikol Paşinyanın daxildə dərdi artır. Paşinyanı bir tərəfdən koronavirus pandemiyası çökdürür, digər tərəfdən Ermənistanda “istefa” şüarları artır. Ən gülməlisi odur ki, İrəvan bu vəziyyətdə başqa dövlətdəki ermənilərə kömək edəcəyi barədə bayağı açıqlamalar verir.

Məsələ burasındadır ki, Yaxış Şərq dövləti olan Livan ağır iqtisadi böhrana yuvarlanıb. Livanda yaşayan ermənilərin də durumu ağırlaşıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan parlamentdəki çıxışı zamanı deyib ki, Livandakı ermənilərin ağır vəziyyətinə biganə deyillər.

Deputatlardan biri nazirə “Ermənistan Livandakı ermənilərə nə kimi kömək göstərə bilər” sualını ünvanlayıb. Mntasakyan cavabında ümumi sözlərlə kifayətlənib. Ermənistanın nəyi var ki, Livandakı ermənilərə kömək etsin? Bunun əvəzinə erməni nazir deyib ki, guya Livandakı ermnəilərin durumunun ağırlaşmasında Türkiyə maraqlıdır. Ermənilərin növbəti cəfəngiyyatıdır.

Nikolal Paşinyan və onun hökumət üzvləri Livan erməniləri haqqında düşünərkən həbsdən azan olunan eks-prezident Robert Köçəryanla necə başa gələcəklərini düşünməlidirlər. Appelyasiya məhkəməsi Köçəryanı azad etdi. Paşinyan yenə məhkəmə sisteminə qəzəbləndi. Köçəryanı azad edən hakimlər Paşinyanın təzyiqindən çox Rusiyanın təzyiqindən qorxduqları üçün eks-prezidenti azad etdilər. Hakimlər düşünüblər ki, Paşinyan bu gün var, sabah yoxdur, Köçəryanı dəstəkləyən Rusiya isə daima var. Ona görə də hakimlər Rusiya amili ilə hesablaşdı.

Paşinyan ötən dəfə olduğu kimi Köçəryanı yenə həbsə göndərməyə çalışacaq. Bu alınmasa Köçəryan “Qarabağ klanının” başına keçəcək. “Qarabağ klanı” başsız qalıb. Keçmiş prezident və baş nazir Serj Sərkisyan “Qarabağ klanına” rəhbərlik edə bilmir. 

O Köçəryandan zəif fiqurdur. Köçəryan Sərkisyandan fərqli olaraq hakimiyyətini küçədən gələn Paşinyana verməzdi. Köçəryan öz klanını gücləndirməyə və ətrafında yeni qüvvələri toplamağa çalışacaq. Arxasında dostu Rusiya prezidenti Vladimir Putinin də dəstəyini alan Köçəryan Paşinyanı eyni yolla devirməyə çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi