"Koçaryan da, Paşinyan da Putinin əlində alətdir, bununla o göstərmək istəyir ki..."

Baxış sayı:
9838

Oktyabrın 1 - də İrəvanda baş tutacaq Avrasiya İqtisadi Birliyinin növbəti toplantısına qatılacaq Rusiya prezidenti Vladimir Putinin həbxanada yatan dostu Koçaryana baş çəkmək niyyəti barədə Rusiya mediasının iddiasını ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Moderator.az-a şərh edib: "RF prezidenti Putinlə Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Koçaryanın dostluğu nə zaman yaranıb, necə dost olublar onu deyə bilən tapılmaz. Əslində bunların "dostluqları" siyasi maraqlar üzərində qurulan bir dostluq olmuşdur və Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirmək baxımından siyasi iradə eyniliyidir. Qarabağ separatçılarının liderinin arxasında Rusiya rəhbərinin durmasının özü də göstərir ki, Rusiyanın bölgəmizdə gedən proseslərə maraqları necə "geniş" olub və separatçını Rusiya boyda bir ölkənin rəhbəri o qədər sevib ki, onu dar gündə tək qoymaq istəmir və bütün qaydaların əleyhinə gedərək ona türmədə baş çəkəcək, yaxud bu barədə ən azı xəbərlər yayılmasına rəvac verilir. Bizim bilmədiyimiz gizli məqamların olduğunu da nəzərə alsaq bu qeyri- standart olay gələcək siyasətə təsirsiz qalmayacaq. Putinin Koçaryanı yenidən hakimiyyətə qaytarmaq fikri varmı? Mən bunu istisna edirəm. Çünki Koçaryan Ermənistanda və Dağlıq Qarabağda o qədər cinayətlər törədib ki, onun yenidən hakimiyyətə gətirilməsi Rusiyanın işinə gəlməz. Putinin Koçaryanı həbsxanada ziyarət etmək istəməsinin mənası başqadır. Putin Koçaryan faktorundan Paşinyanı sıxmaq, onu hər zaman əlində saxlamaq və başqa məqsədlərdə istifadə etmək üçün istifadə edəcəkdir. Zatən Paşinyan istəsə də Rusiyanın nəzarətindən çıxmağa cəhd etmir, amma Qərbin onu öz tərəfinə çəkmək cəhdlərinin olduğunu Rusiyada bildiklərindən ehtiyatı əldən verməmək üçün Koçaryan kimi oyuncaqlara hələ ehtiyac olduğu düşüncəsindədirlər. Dolayısı ilə Koçaryan da, Paşinyan da indiki halda alətdir. Putin isə özünün orijinal görünmək "xəstəliyinə" bir yeni sürpriz də əlavə etmək istəyir: "Dostunu" həbsxanada ziyarət etmək kimi bir qeyri-adi addım kimi tarixə düşmək istəyir. Amma Koçaryan kimi bir cinayətkarla adının eyni sırada çəkilməsi kimi mənasız addım atır. Hesab edirəm bu addımın başqa bir gizli mənası yoxdur".