​KƏMALƏDDİN HEYDƏROV MALİYYƏ BÖHRANI YAŞAYIR - Boks və Taekvando federasiyalarına maddi yardımlar tamamilə dayandırıldı

Baxış sayı:
2374

Azərbaycan Boks Federasiyası və  Azərbaycan Taekvando Federasiyası ciddi maliyyə problemi ilə üzləşib. Muxalifet.az etibarlı mənbələrə istinadən xəbər verir ki, hər iki idman qurumunun prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərov sözügedən federasiyalara maliyyə yardımı ayırmaqdan imtina edib.
Məlumata görə, əslində, Boks və Taekvando federasiyalarında maliyyə problemi yeni deyil, hər iki qurumun əməkdaşları aylardır maaş ala bilmir. Sadəcə, son vaxtlara kimi K.Heydərov onlara bu problemin tezliklə həll olunacağını vəd etdiyindən, federasiyalar öz işlərini çətinliklə də olsa, davam etdirirdi.

Mənbə deyir ki, “fövqəlnazir” son vaxtlar ciddi maliyyə problemləri ilə üzləşdiyindən, hər iki federasiyanın rəhbərliyini artıq maddi vəsait ayıra bilməyəcəyi haqda xəbərdar edib. Təbii ki, bu da istər Azərbaycan Boks Federasiyası, istər də Azərbaycan Taekvando Federasiyasının rəhbərliyi tərəfindən böyük narazılığa səbəb olub. Çünki, qeyd etdiyimiz kimi, onlara verilən vədlər əsasında, aylardır əməkdaşların maaşları yığılıb qalıb və hər iki qurum ciddi borca düşüb. Üstəlik, keçiriləcək yarışların xərci də ödənilməyib.

Mənbənin sözlərinə görə, yaranmış maddi çətinliklər hər iki federasiyanın fəaliyyətini sual altında qoyub. Hazırda rəhbərlik yaranmış borcları ödəməyin və maliyyə problemini həll etməyin yollarını axtarır.
Muxalifet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.