Kəlbcərin icra başçısı haqda şok faktlar

Aqil Məmmədov “150 min AZN pulunu mənimsədiyi üçün” ondan şikayət edən Kəlbəcər sakinini hədələyir

Şikayətçi iddia edir ki, Kəlbəcər DSMF-nin müdiri Elşən Əlizadə şantaj yolu ilə ondan 80, rayon prokuroru Ariz Əliyev isə 90 min AZN alıb

“Hürriyyət”in ötən sayında Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal” sərlövhəli yazıda Kəlbəcərdən məcburi köçkün düşən Bayramov Əli Aslan oğlunun icra başçısı tərəfindən aldadıldığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yataqxanasında məskunlaşan məcburi köçkün Əli Bayramova 150 min AZN “atıb”. Bundan əlavə, Ə.Bayramovun dələduzluq və şantaj yolu ilə ümumilikdə yarım milyon manata yaxın pulunun mənimsənildiyini qeyd etmişdik. Həmin yazının sonunda dəyərli oxucularımıza söz vermişdik ki, bütün bunlar haqda onlara ətraflı məlumatlar verəcəyik.
Odur ki, bu yazımızda Əli Bayramovun Kəlbəcər rayon rəhbərliyində təmsil olunan bir qrup məmur tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi haqda faktları sizlərlə bölüşəcəyik. Bundan öncə isə, “məcburi köçkün yarım milyon manatı necə əldə etmişdi ki, ona da “atıblar”?” – düşüncə içərisində olan oxucularımızın haqlı suallarına aydınlıq gətirək...
Qeyd edək ki, Kəlbəcərdən məcburi köçkün düşən Əli Bayramov uzun illər heyvandarlıqla məşğul olub. Onun öz zəhməti hesabına qurub-yaratdığı şəxsi təsərrüfatında bu yaxınlaradək 600 (altı yüz) baş qoyun, 30 inək, 30 keçi, 3 at olub. Üstəlik, onun özünə məxsus ət mağazası, ikimərtəbəli evi və biri yük maşını olmaqla, iki avtomobili olub. Lakin icra başçısı Aqil Məmmədovla tanışlıq qısa müddət ərzində onun nəinki müflis olmasına, hətta külli miqdarda borc altına girməsinə səbəb olub. Bir sözlə, vaxtilə Gəncədə xeyriyyəçi, kasıblara, imkansızlara həmişə əl tutan bir adam kimi tanınan Əli Bayramov, hazırda ailəsini dolandırmaq üçün gündəlik çörək puluna belə möhtacdır.

İcra başçısından şikayət...

Ötən yazımızda da qeyd etdiyimiz kimi, “Hürriyyət”in redaksiyanı gələn Əli Bayramov bir qrup məmurun dələduzluq yolu ilə onun külli miqdarda pulunu mənimsədiyi haqda şok faktlar açıqlayıb. Şikayətçi iddia edir ki, bu məmurların başında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov durur. Onun sölərinə görə, 2013-cü ilin sentyabr ayında Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Loğman Məmmədov dünyasını dəyişdikdən sonra icra başçısı onun yerinə adam axtarıb. Təbii ki, məqsəd DSMF-nin yeni sədrinin həm özünə münasib biri olması, həm də onun təyin edilməsi zamanı müəyyən məbləğ əldə etməsi olub. Bu səbəbdən Aqil Məmmədov rayonda maddi cəhətdən imkanlı şəxslərin siyahısını nəzərdən keçirib. Bu zaman Əli Bayramovun oğlunun Kəlbəcər DSMF-də məsləhətçi vəzifəsində işləməsi haqda bilgilər onun işinə yarayıb. Başçı, Ə.Bayramovdan oğlunu DSMF-yə müdir qoydurmaq üçün, çox güman ki, yaxşı pul qoparacağını düşünərək təcili onu yanına çağırtdırıb.
Əli Bayramov deyir ki, Aqil Məmmədov onu qəbul edərək Kəlbəcər rayon DSMF-də məsləhətçi vəzifəsində işləyən oğlu Qalib Bayramovun müdir vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib. Daha sonra onu da deyib ki, oğlunun Kəlbəcər DSMF-nin müdiri olması üçün “yuxarılara” 100 min manat ödəmək lazımdır. Üstəlik, onu arxayın edib ki, oğlu müdir olarsa, bir neçə ayın içərisində verilən rüşvəti çıxaracaq.
İcra başçısı ilə görüşdən sonra Ə.Bayramov oğlu Qaliblə danışaraq Aqil Məmmədovun ona belə bir təklif etdiyini bildirib. Bu zaman oğlu da onu əmin edib ki, Kəlbəcər DSMF-nin müdiri vəzifəsinə təyin olunarsa, verilən 100 min manatı qısa müddətdə çıxarmaq olar. Bundan sonra Əli Bayramov şəxsi təsərrüfatında olan heyvanları sataraq icra başçısına verməli olduğu 100 min AZN-i toplamağa çalışıb.
Ə.Bayramovun dediyinə görə, bir neçə günün içərisində icra başçısı A.Məmmədovun istədiyi 100 min AZN-i toplayaraq onun qəbuluna gedib. O, başçı ilə onun kabinetində şəxsən görüşərək əlindəki torbada olan 100 min manatı Aqil Məmmədova təqdim edib. İcra başçısı torbanı açaraq içəridəki “paçka”ları saydıqdan sonra həmin məbləği qəbul edib. Daha sonra Əli kişini arxayın yola salıb ki, oğlu qısa müddətdə Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri vəzifəsinə təyin ediləcək.

Başçı sözünün arxasından qaçıb...

Lakin aradan bir neçə ay keçsə də, Qalib Bayramovun DSMF sədri vəzifəsinə təyinatı ilə bağlı heç bir xəbər çıxmayıb. A.Məmmədovun dediyi vaxtdan xeyli keçdiyi üçün Ə.Bayramov onun qəbuluna gedib məlum təyinatın nə üçün yubandığı ilə maraqlanmaq istəyib. Elə bu ərəfədə başçının özü təkrar onu qəbuluna çağırıb. Sevindirici bir xəbər eşidəcəyini güman edən Əli Bayramov tez-tələsik Aqil Məmmədovun qəbuluna yollanıb. Ancaq bu zaman icra başçısı “yuxarılar”ı yıxıb-sürüyərək deyib ki, Qalibin müdir təyin olunması ilə bağlı bütün sənədlər hazırdır, bircə imza atdırmaq qalır, bunun üçün isə 50 min AZN tələb edirlər.
Təbii ki, bu mənzərə Ə.Bayramov tərəfindən heç də xoş qarşılanmayıb. Bu səbəbdən o, yaxınları ilə məsləhətləşmək üçün başçıdan bir neçə gün vaxt istəyib. Nəhayət, Əli kişi oğlu və yaxınları ilə danışdıqdan sonra həmin məbləği də toplamaq qərarına gəlib. Beləiklə, Ə.Bayramov bir neçə gün sonra əlavə olaraq topladığı 50 min AZN-i yenə öz əli ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova şəxsən təqdim edib. Lakin aradan bir neçə ay keçsə də, yenə də Qalib Bayramov Kəlbəcər rayon DSMF-nin rəisi vəzifəsinə təyin olunmayıb. Bütün gözləntilərin əksinə, həmin vəzifəyə Elşən Əlizadə adlı birisi təyin edilib. Bu zaman icra başçısı tərəfindən aldadıldığını bilən Əli Bayramov onun qəbuluna gedərək Aqil Məmmədovdan ona verdiyi 150 min AZN-i geri istəyib.  Başçı isə ondan 150 min manat aldığını inkar edib və üstəlik Əli kişiyə hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...

Aqil Məmmədov şikayətçini hədələyir

Şübhəsiz, Əli Bayramov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun bu əməlləri qarşısında susqunluq nümayiş etdirməyib. O, ölkə başçısına və bütün aidiyyatı qurumların rəhbərlərinə A.Məmmədovun onun 150 min manatını mənimsədiyi ilə bağlı müraciət edib. Ə.Bayramov iddia edir ki, “Aqil Məmmədovun dələduzluq əməlləri ilə bağlı” ölkə rəhbərliyinə müraciəti onu icra başçısının hədəfinə gətirib. Nəticədə, A.Məmmədov müxtəlif adamlar vasitəsilə onu və oğlunu şantaj etdirərək onlardan əlavə olaraq 80 min AZN, daha sonra isə 90 min AZN pul qoparıb. Hansı ki, Ə.Bayramov bu pulların bir hissəsini 40 nəfərə yaxın qohum və tanışının adına kredit götürərək qarşı tərəfə ödəməli olub.

Yeni müdirin fırıldağı...

Əli Bayramov iddia edir ki, icra başçısı onun susdurmaq üçün Kəlbəcər DSMF-də çalışan oğlu Qalib barəsində qondarma cinayət işi açdırmağa nail olub. Onun sözlərinə görə, başçıya bu işdə yeni sədr Elşən Əlizadə yardım edib. Belə ki, A.Məmmədov onu çağıraraq Qalib Bayramov barəsində “faktlar” toplamağı tapşırıb. Bu vəzifəyə yeni təyin olunan zaman başçının təlimatı ilə Qalibə “Mən bir-iki aylıq bu vəzifədə olacam. Müdir vəzifəsi sənlikdir” deyən Elşən Əlizadə, AşMəmmədovun bu tapşırığından sonra tamamilə fərqli mövqe tutub. Belə ki, o, bütün vasitələrlə Qalibi “ilişdirməyə” çalışıb. Bu məqsədlə vaxtilə Qalib tərəfindən hazırlanıb rəhbərliyə təqdim edilən sənədlərin hamısı araşdırılıb. Nəticədə 2014-cü il fevralın 1-də qeyri-qanuni olaraq 488 nəfərin pensiyası 6-7 ay ərzində dayandırılıb. Daha sonra icra başçısı guya, prosesə müdaxilə edərək “kimin sənədi qanunidirsə, onun pensiyası verilsin...” deyərək dolayısı ilə Qalibi hədəfə gətirib.
Bütün bunlardan sonra icra başçısı Aqil Məmmədovun tapşırığı və Kəlbəcər DSMF-nin rəisi Elşən Əlizadənin canfəşanlığı ilə Qalib Bayramov barəsində bir sıra faktlar toplanaraq prokurorluğa göndərilib. Bunun ardınca E.Əlizadə Qalibin atasını – Əli Bayramovu çağıraraq deyib ki, oğlunu həbsdən qurtarmaq istəyirsənsə, 100 min manat verməlisən. Məlumata əsasən, o, bu məbləği, başçının israrına rəğmən, əsas faktları prokurorluğa göndərməməsinin (?) qarşılığında istəyib. Nəhayət, oğlunu həbsdən xilas etməyə çalışan ata borca-xərcə baxmayaraq E.Əlizadəyə 80 min AZN ödəməyə məcbur olub. Lakin onun problemi bununla bitməyib...
Belə ki, aradan bir müddət keçdikdən sonra, bu dəfə Kəlbəcər rayon prokuroru Ariz Əliyev Əli Bayramovu çağıraraq oğlunun həbs olunacağını bildirib. Ə.Bayramovun sözlərinə görə, rayon prokuroru da Qalibi həbsdən qurtarmaq üçün 100 min AZN istəyib. Nəhayət, Əli kişi uzun danışıqlardan sonra Ariz Əliyevə 90 min AZN ödəmək məcburiyyətində qalıb. O, düşünüb ki, bütün var-dövləti əlindən çıxsa belə, oğlu həbsə düşməsin, axı, onun ailəsi, iki övladı var. Lakin...
Əli Bayramovun sözlərinə görə, oğlu Qalibi həbsdən xilas etsə də, onun ailəsinin dağılmasına mane ola bilməyib. O, deyir ki, icra başçısı Aqil Məmmədovun səyi nəticəsində Qalibin 23 ailə həyatı sona çatıb...
Bəs, bu işdə icra başçısının nə kimi rolu olub? O cümlədən, Əli Bayramov Bakıda görüşdüyü yüksək rütbəli məmurlardan bu işlə bağlı hansı cavabları alıb? Və yaxud "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun bu qalmaqalla nə kimi əlaqəsi olub? Bütün bunlar haqda növbəti sayımızda açıqlama verəcəyik. Bizi izləyin!

RƏŞAD