KƏLBƏCƏRDƏ KİLSƏNİN YANINDA RUSİYA NƏ MƏQSƏDLƏ POST QOYUR? - Siyasi ekspertdən sensasion təhlil

Baxış sayı:
730

Ermənilərin Kəlbəcərin Vank kəndindəki Dadivank adlandırdığı kilsə kompleksi artıq bütün Rusiyanın gündəminə çevrilmişdir. Məsələ o qədər şişirdilmişdir ki, artıq Prezident Putin bu məsələni Prezident İlham Əliyevlə müzakirə etmişdir. 

Sanki bu kilsə Yerusəlimdəki Əl- Aksa məçidinin statusunu daşıyır. Ermənilərin hər bir tələbinə Rusiyanın bu səviyyədə həssas yanaşması suallar doğurur. Agdamda, Zəngilanda və Qubadlıda məscidlər donuz və inək tövləsinə çevrilmişdir. Həmsədr olan Rusiyanın bundan yaxşı xəbəri vardır. Heç bir münasibət eşitməmişik.

Bu günə qədər 28 il ərzində 1 milyon azərbaycanlının on illər ərzində çadırlarda yaşamasına və çöllərdə qalmasına Rusiya heç bir zaman münasibət bildirməmişdir. Hər bir qonşu ölkənin və beynəlxalq təşkilatların 1993-2005 illərində bölgələrdə qaçqınlara yardım çadırları olduqları halda, Rusiya fövqəladə hallar nazirliyinin heç bir yardımını görməmişdik. İndi isə Rusiyanın bütün idarələri ermənilərin köməyinə gəlir.

Fizuli, Cəbrayıl, Agdam, Zəngilan,Qubadlı yer üzündən silinmişdir.O biri rayonların təbiətəni və mülkiyyətini yandırırlar. Rusiyada bu haqda danışan yoxdur.

Digər tərəfdən Cənab Putin və ya XİN –i Lavrov yaxşı bilir ki, ən böyük erməni kilsəsi elə Bakının mərkəzində yerləşir və ildə yanından milyonlarla adam keçir və hər kəs də ona dini məbəd olaraq normal baxır.

Dadivanka gələndə isə bu kilsə yüz illərdir Vəng adlanan azərbaycanlı kəndinin içindədir və hələ sovet dönəmində dini məbədlərin,kilsə və məcidlərin qadağan edildiyi və ya məhdudiyyət qoyulduğu bir dövrdə Vəngdə yaşayan azərbaycanlı –müsəlmən əhalisinin qorumasında qalmışdır. Ermənilər kimi onun içində qoyun və inək saxlamamışlar. Vəng 55 evli kənd idi və kənddə və onun ətrafında heç bir zaman ermənilər yaşamamışdır. Hər kəs bunu bilir.

Həmzə kişinin evi

Əksinə kəndin sakini Babaşov Yusif bu kilsənin qoruqçusu olmuş və kilsənin təmizlik işlərinə və qorunmasına məsul olmuşdur. Onun evi də kilsənin 10 m solunda yerləşirdi. İndi onun da evini ermənilər yandırdılar və uşaqları onu televiziya ilə seyr etmişdir. Bu iki mərtəbəli yanan ev Bağırov Yaqub və Bağırova Fazilə ailəsinin evidir. Ermənilər sadəcə evin şiferini kiremitle evez edib orada yaşayıblar .

Yaqub və Fazilə Bağırovların evi

İndi isə ordan qaçanda onların da evini yandırıblar. Yaxınlıqda televiziyalarda Malasov Yelmar Abdulla oğlunun evinin yandığı görünür. O tərəfdə Bağırov Qasım Mirsəyyad oğlunun evinin yandığı görünür. Bu da Həmzə kişinin evidir. Bütün bunların hamısı Rusiya sülh məramlılarının gözü önündə baş verir. Bəs onlar niyə müdaxilə etmir?

Kənddə ki qrupun komandirinin dediyinə görə onlar Hovanes ata-nın (keşişin) xeyir duası ilə burada post qurublar və kilsəni qoruyurlar. Orada azərbaycanlı yoxdursa kilsəni o zaman kimdən qoruyurlar? Bir də ki, həmən Hovanesin əli avtomatlı şəkli artıq bütün dünyanın saytlarında din adamı kimi yox, din adamı libasına bürünən, ancaq insan öldürən erməni millətçisi kimi yayılmışdır.

Rusiya müdafiə nazirinin sözçüsü Konaşenkonun sözünə görə isə, oradakı postu yerli əhalinin xahişi ilə qurublar. Yerli əhali kimdir? Onlar qanunsuz məskunlaşan və Vənglilərin evini zəbt edən cinayətgarlardır. İndi də evləri yandırıb oradan qaçırlar. O zaman Konaşenko hansı yerli əhalini nəzərdə tutur?. Məgər, Kəlbəcərin ərazisinin statusunu ermənilər müəyyən edir? Bəs üçtərəfli bəyənat harda qaldı?

Sabah Vənglilər kəndlərində gələndə kəndlərinə girmək üçün bu postdan icazə alacaqlar? Kəndlilər indidən bu haqda narazı və qəmgindirlər. O zaman kim kilsəni qorumaq istəyirsə, getsin kəndin girişində yox, kilsənin qapısında bir tank qoysun. Axı bizim kilsə ilə nə işimiz var- Vənglilər belə deyir. Kilsə də kəndimizin bir parçasıdır.

Elxan Mehdiyev, siyasi ekspert

Turan.az