Kiyev prokurorluğu Fikrət Hüseynlinin həbsinə nail olmağa çalışır

Kiyev şəhər Apellyasiya Məhkəməsi noyabrın 30-da saat 10-da Niderland vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı prokurorluğun protestinə baxacaq.
 
 Bu barədə Turan-a hazırda Ukraynada olan Fikrət Hüseynlinin özü məlumat verib.
Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhədi qanunsuz keçmək maddələri ilə ittiham olunur.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.
Fikrət Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
Oktyabrın 27-də Fikrət Hüseynlini Kiyevin Lukyanov şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. Fikrət Hüseynli məhkəm zalından azadlığa buraxılıb. Məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib.
Onun sözlərinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olması ilə bağlı məhkəmə qərarı ilə razılaşmır və protest verib.
"Mən hazırda Kiyevdəyəm. Hələ prokurorluq pasportumu qaytarmayıb. Bununla bağlı məhkəmə qərar verməlidir. Hiss olunur ki, prokurorluq Azərbaycan hakimiyyəti ilə sövdələşmənin həyata keçirilməsinə cəhd edir", deyə o qeyd edib.
Hüseynli istintaqın qərarına uyğun olaraq bu il dekabrın sonunadək Ukraynada qalmalıdır. "Bundan sonra məhkəmə mənimlə bağlı yenidən qərar verməlidir".
Jurnalist hesab edir ki, onun məsələsinin diqqətdə saxlanılması həm də hazırda Ukraynada saxlanılan Özbəkistan və Qazaxıstandan olan jurnalistlərin işinə də aydınlıq gətirəcək. O, beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırıb.
"Mənim saxlanmağımla bağlı məsələ diqqətdə saxlanmalıdır ki, İnterpol xətti ilə jurnalistlərin həbsi avtoritar rejimlər platforması olmasın. Çünki Ukraynada bir neçə jurnalist saxlanılıb, onlardan biri, Qazaxıstandan olan jurnalist Janna Boto hələ də həbsdədir", deyə Hüseynli qeyd edib.