Kiyevə görə Bakının da problemləri yarana bilər

Baxış sayı:
7682

Mayın 26-da Kiyevdə Çempionlar Liqasının finalı keçiriləcək. Tanınmış bloqer Olqa Şariy hadisə ərəfəsində Britaniya KİV-inə açıqlamasında bildirib ki, "Liverpul" komandasının 2000-dən artıq azarkeşi finalı izləmək üçün Kiyevə getməkdən imtina edib. Azarkeşlər bunu Kiyevin infrastruktur və bəzi iqtisadi parametrlər baxımından onları qəbul etməyə hazır olmaması ilə əlaqələndirirlər.
 
Bütün bu problemlər gələn il Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı üçün də meydana çıxa bilər.
Bəs avropalıların Kiyevin azarkeşləri qəbul etməyə hazır olmaması ilə bağlı qərarları nədən qaynaqlanır? Məlum olub ki, Kiyevə yalnız yerli hava yolları şirkəti ilə, özü də çox yüksək qiymətə uçmaq mümkündür. Kiyev hava limanı Liqa müddətində çarter reyslərdən imtina edib. Otellərdə, yataqxanalarda və kirayə verilən mənzillərdə qiymətlər isə 50, hətta 100 dəfə qalxıb.
Bir ay və ya daha əvvəl avropalı azarkeşlərin nisbətən münasib qiymətlərlə etdikləri bronlar birdən-birə ləğv edilib. Əvəzində isə azarkeşlər həmin nömrələrin bir neçə dəfə artırılmış qiymətlərlə təklif olunduğunu müşahidə ediblər.
İspan qəzeti “Marca”nın yazdığına görə, "Çempionlar Liqasının finalında Kiyevə getmək qorxulu yuxuya çevrilib”. Səfərini özü təşkil etmək qərarına gələn azarkeş bura ən ucuz bilet üçün 791 avro xərcləməlidir. Həmçinin eyni yerə 2700 və 2900 avroya da biletlər var.
Otellərə gəldikdə isə, onların qiymətləri də çox qalxıb. Məsələn, may ayının 26-na eyni oteldə bir gecəlik qiymət əvvəllər 48 avro idisə, indi artıq 3000 avrodur. Mənzillərin qiymətləri isə daha fantastikdir. Belə ki, Kiyevin mərkəzində yerləşən 50 kvadratmetrlik mənzilin bir gecəsi 6300 avrodur(!).
İspan oxuculardan biri Kiyevdəki fantastik qiymətlərdən heyrətə gələrək belə yazıb: “Uğurlar UEFA! Final oyununun Kiyevdə keçirilməsi əla ideyadır. Ən pisi isə odur ki, növbəti il Avropa Liqasının finalı ekzotik Bakıda olacaq”.
Düzdür, Bakıda indiyə qədər dəfələrlə böyükmiqyaslı idman tədbirləri keçirildiyinə görə, çətin ki, Kiyevdəki kimi biabırçılığa yol verilsin. Bununla belə, "New York Times" yazır ki, “2019-cu ildə Avropa Liqasının finalına ev sahibliyi edəcək Bakı əvvəlcədən otel infrastrukturu haqqında bütün məlumatları UEFA-ya təqdim etməlidir”.
Başqa sözlə, bir rus məsəlində deyildiyi vəziyyət yaranır: "Sizinkilər içir, amma məstlikdən bizimkilərin başı ağrıyır".(Virtualaz)