KİV-ə dövlət sirləri sızdırılır, HAKİMİYYƏT İSƏ SUSUR

KİV-də xüsusi xidmət agentlərinin adlarının və müxtəlif vaxtlarda onlara ödənilən qonorarın həcminin açıqlanması ilə bağlı yeni siyasi qalmaqal yaranıb.
 
Belə ki, bəzi İnternet-saytlar mənbə göstərmədən konkret şəxslərin necə ələ alınması və onlara ödənilən məbləğlə bağlı dövlət sirri təşkil edən məlumatları dərc edir, onların kod və gerçək adlarını açıqlayır.
Guya bu məlumatlar keçmiş MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin işi üzrə məhkəmədə üzə çıxıb.
Ancaq KİV-də yayılan məlumatlar E.Quliyevin dediklərindən uzağa gedir.
Çoxsaylı dövlət sirrinin KİV-ə bilərəkdən sızdırılması göz önündədir. Ancaq qəribədir ki, nə Dövlət Təhlükəsizlik Xidməti, nə də Baş Prokurorluq buna heç bir reaksiya vermir, özlərini elə aparırlar ki, sanki heç nə baş vermir.
Belə ki, Turan-ın Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə sorğusunda "KİV-də agenturanın adının açıqlanması dövlət sirridirmi" sualını cavablandırmaqdan imtina edərək prokurorluğa müraciət etməyi məsləhət görüblər.
Baş Prokururluğun mətbuat xidməti də bu cür yazıların dövlət sirrinin yayılması olub-olmamasını şərh etməyib.
Mətbuatdan məxfi məlumatların açıqlanmamasını tələb edən dövlət orqanlarının belə davranışı yumşaq desək, qəribədir.
Belə ki, bu günlərdə saytlardan birinin rəhbərini Baş Prokurorluğa çağırıblar və Azərbaycan Silahlı Qüvvələrində erməni ağenturasının aşkar edilməsində İsrailin Mossad kəşfiyyatının Azərbaycan hakimiyyətinə kömək etməsi barədə məlumata görə cinayət məsuliyyəti ilə hədələyiblər.
İndi isə həmin bu xüsusi xidmət öz agentura şəbəkəsinin ictimai fəallar, jurnalistlər və müxalifət partiyaları arasında necə ifşa olunduğunu sakitcə müşahidə edir.
Belə vəziyyət ancaq bir şeydən xəbər verir: KİV-ə məlumatlar dövlət orqanlarının özləri tərəfindən qəsdən sızdırılıb.
Bunun niyə və hansı məqsədlə edildiyini söyləmək çətindir, ancaq bir şey məlumdur: bu, hüquq-mühafizə orqanlarının və hakimiyyətin nüfuzuna zərbə vurub və gözdən salıb.
Tanınmış jurnalist Xədicə İsmayılova ilə bağlı hadisəni yada salmaq yetər. Onu müxalifət sıralarında agentin olmasını açıqlamaqda ittiham etmişdilər. Agentin adı açıqlanmasa da jurnalist məsuliyyətə cəlb olundu və məhkəmə qarşısında dayandı.
Azərbaycanda çoxsaylı qanunvericilik aktlarına görə, dövlət sirrinin yayılması zamanı bu cür faktların araşdırılması və müvafiq qərarların qəbul edilməsi üçün xüsusi qrup yaradılmalıdır. Görünür, hüquq-mühafizə orqanlarının bundan xəbəri yoxdur.