“Kişi intim pirsinqini baha etmişəm ki, müraciət olmasın” - Aysel usta

Baxış sayı:
3268

“Təqribən 9 il əvvəl pirsinq etdirmək üçün usta axtarırdım. Onda başa düşdüm ki, Bakıda bu sahə inkişaf etməyib. O vaxt başqa bir sahədə çalışırdım və istiqaməti dəyişmək qərarına gəldim”.

Beləliklə o, qarşısına məqsəd qoyaraq əvvəl Bakıda, sonra Rusiyada tibb təhsili alır. Üzərində çalışması, bu sahəni sevməsinin nəticəsidir ki, sadəcə özünü yox, həm də pirsinq sahəsini ölkəmizdə inkişaf etdirə bilib.

“Qafqazinfo”nun budəfəki qonağı hamının “Pirsinq Aysel” kimi tanıdığı Aysel Məmmədovadır. 

“Artıq 7 ilə yaxındır ki, pirsinq edirəm. İlk pirsinqi bacıma etdim. Sonra rəfiqələr, onların tanışı və beləliklə bu sahədə işləməyə başladım. Bu il Rusiyada akademiyanı bitirirəm. İldə bir dəfə beynəlxalq pirsinq ittifaqının seminarları təşkil olunur və orada iştirak edirəm”. 

- İnsanlar pirsinq, döymə mövzusunda bir qədər mühafizəkardırlar. Əvvəllər bu hal daha qabarıq idi, indi bir az yumşalma var. Başlanğıcda çətin olmadı?

- Açığı bu sahədə çətinlik çəkməmişəm. Gənc nəsildən tutmuş yaşlı insanlara kimi müraciət edənlər var. Ən yaşlı müştərim 60 yaşlı xanımdır. Nəvəsi ilə gəlib. Özü də hər zaman öyrəşdiyimiz qulaq məməsinə etdirməyib, qulağın daha modifikasiya olunan yerinə etdirib. 

Biz pirsinqi qadın gözəlliyi kimi təqdim etdiyimiz üçün heç kim mentalitetə bağlamır. Qadınların obrazına bir xanımlıq, qlamurluq qatmaq istəyirik. Pirsinq əsasən rokla, metal musiqilərlə səciyyələndirilir, biz isə aksesuar kimi təqdim edirik. 

- Pirsinq əvvəllər adətən qaşa və buruna etdirilirdi. Demək olar ki, qulağın müxtəlif nahiyələrinə edən yox idi. İndi isə çox geniş yayılmağa başlayıb. Elə sizin paylaşımlarınıza da nəzər salanda bunu görmək olar. Pirsinqdə də dəb dəyişir?

- İlk növbədə usta özündən başlamalıdır. Əgər usta bunu edirsə, deməli, güvənmək olar. Mikrodermal (boyun nahiyəsi) pirsinqi elə ilk özümdən başlamışam. Həmçinin qulaq da. Məsələn, belə bir şayiə gəzir ki, traqus bölgəsində pirsinq etdirən zaman iştah kəsilir. Ancaq bu, doğru deyil. Kafedə oturmuşdum, bir xanım yaxınlaşıb maraqlandı ki, kim edib, necə edib. İnsanlar görür, maraqlı gəlir. Və beləliklə yayılır.

Açığı, üz nahiyələrində pirsinq etdirilməsinə qarşıyam. Elə ona görə də mənim üzümdə pirsinq görə bilməzsiz. Səbəbi də odur ki, üzdə iz qalır. Qaşa edilmiş pirsinq gənclik dövrünün həvəsidir. O qulaqda və ya bədəndə daha qəşəng görünər. Bizim məqsədimiz gözəlliyə gözəllik qatmaqdır, sonradan insanların peşman olmasını istəmərik.

- Yaxşı bir mövzuya toxundunuz. Çox vaxt döymə etdirib sonra peşman olub sildirirlər, bəs üzdə edilmiş pirsinqin nəticəsi necə olur?

- Üzün dərisi elədir ki, bədənə nisbətən tez ləkə qalır. Ona görə də qaşa pirsinq etdirəndə qabaqcadan xəbərdarlıq edirəm ki, izi qala bilər. Burun və dodaqda sırğalar nazik olduğu üçün iz qalmır. Həmçinin selikli qişalı yer olduğundan tez bağlanır. 

- Qulağın müxtəlif nahiyələrinin deşdirilməsi ilə bağlı hər hansı tibbi göstəriş var? 

 - Sinirlər bizim barmağımızın ucundan tutmuş hər yerdə var. Prosedurdan əvvəl dəri hazırlanır. Masaj zamanı sinirlər dağılır. Ona görə də hər hansı bir problem yaşanmır.

- İllərdir, qulaq deşilməsində istifadə olunan iki əsas metod tanıyırıq: dədə-baba üsulu iynə və salonlarda gördüyümüz tapança. Siz ikinciyə qarşısız və bu yöndə təbliğat aparırsız. Səbəbini bilmək olar?

- Mənə müraciət edən müştərilərin 70%-i təsdiqləyir ki, iynəylə daha ağrısızdır, nəinki tapançayla. Çünki o nahiyədə dəlik küt bir sırğayla açılır. Küt sırğa da dərini yırtır. Yırtılmış dəri kanalın içində qalır və sonradan dəri qatında müxtəlif şişlər yaranır. Bundan başqa, tapançanın başlığı insan dərisinə dəyir, daha sonra sadəcə spirtlə silinir. Alətin üzəri plastmasdan ibarət olduğu üçün stilizasiya oluna bilmir. Bu da hepatit xəstəliklərinin yoluxmasına zəmin yaradır. 

Əslində tapança insanların yox, heyvanların qulağında dəlik açılması üçün istehsal olunub. 

- Pirsinqdən sonrakı qulluq qaydaları necədir?

- Prosedurdan sonra müştəriyə, ümumiyyətlə, iki ay sırğanı oynatmamaq tapşırılır. Gündə iki təfə məhlulla kompres olunur. Bölgədən asılı olaraq üç gün üstübağlı saxlanılır. Əsas odur ki, travma almasın. Pirsinq olunan qulağın üzərində qətiyyən yatmaq olmaz. Saç ilişməməlidir. Bir aydan sonra müayinə mütləqdir. Birinci ay şişkinlik olduğu üçün uzun sırğalar taxılır, ikinci ay isə sırğalar dəyişir. Burada iş təkcə ustadan asılı deyil. Müştəri də məsluliyyətli olmalıdır. 

- Hazırda daha çox bədənin hansı nahiyələrinə pirsinq üçün müraciətlər olunur?

- Ən çox qulağın qığırdaq nahiyəsinə müraciətlər var. Daha sonra göbək, burun. Son vaxtlar mikrodermala da maraq artıb. Döşucu pirsinqə ayda 3-4 dəfə müraciət edilir. İntim bölgə üçün isə ayda 1-2 dəfə yazılan olur. 

- Prosedur vaxtı keyidicidən istifadə olunması nə dərəcədə doğrudur? Siz istifadə edirsiz?

- Mümkün qədər keyidicidən istifadə etməməyə çalışırıq. Çünki bu zaman dəri şişir və sonradan assimmetriya əmələ gəlir. Ancaq dözülməz ağrı olan hissələrdə keyidici istifadə edirəm. Bu barədə müştərinin özünə də qabaqcadan məlumat verirəm. Zərərsiz keyidicilərdir, xaricdən gəlir. 

- İstər sizin, istərsə də tatu sahəsində müştərilər daha çox antisanitar şərait və ustaların savadsızlığından gileylənirlər. Bəs siz həmkarlarınızda hansı səhvləri görürsüz?

- Qulaq nahiyələrində keyidicidən istifadə olunur, bu, qəti olmaz. Ən böyük səhv odur. Belə vaxtım çox olmadığından başqa ustalara baxa, müşahidə edə bilmirəm. Mənim müştərilərim məcbur edir ki, özümü inkişaf etdirim.

- Mikrodermal və ya digər pirsinq növləri zamanı ağrı olurmu?

- Müştərilər çox zaman pirsinq ağrısını müxtəlif prosedurlarla müqayisə edirlər. Məsələn, lazer, “lipuçka”yla. Deyirlər ki, pirsinqin ağrısı bunlardan dözümlüdür. Hətta onlara sual verirəm ki, həyatda xəyanət görmüsüz? Deyirlər, hə. Deyirəm, bax onun ağrısı daha pisdir (gülür). Yumorla izah edirik. Saniyəlik bir ağrıdır və sonradan özləri də bunu təsdiqləyir. 

- Mikrodermal haqqında bir qədər məlumat verərdiz.

- İşimə məsuliyyətli yanaşdığım üçün bunu yay aylarında etmirəm. Müştərilər sağaldığını düşünüb hovuza, dənizə gedə bilərlər. Çünki yara ilk gündən artıq sağalmış kimi görünür. Ancaq sağalma müddəti 6-12 aydır. Dəri qatının altına balaca disk formada dəri yerləşdirilir. Diskin üzərində iki balaca dəlik var. O dəliklərdə dəri yetişir və bərkiyib qalır. On gün bütün sutka, 5 gün də gecələr üzəri bağlanır. 3 ay sonra sonra müştəri müayinəyə gəlir və qaş açılıb təmizlənir. Bu, ən yaxşı sağalan pirsinqlərdən biridir. Barmağa və qol nahiyələrə pirsinq etmirəm. Çünki ora daimi hərəkətdə olduğu üçün ilişəcək və çıxacaq. Havayı pul ödəməkdir. 

- Bildiyim qədərilə pirsinq etdirmək elə də ucuz başa gəlmir.

- Qulağın qığırdaq nahiyəsi 30-60 manatdır (qiymətin dəyişmə səbəbi sırğaların modelinə görədir). Mikrodermal 100 manat, göbək nahiyəsi 50-60 manat, dil, qaş, dodaq 40-50 manat, burun nahiyəsi 30 manatdır. Ən bahalısı isə kişi intim pirsinqidir ki, 250 manat. Qiyməti özüm yüksək qoymuşam ki, müraciətlər olmasın.

- Hər zaman paylaşımlarınızda belə bir cümlə işlədirsiz ki, pirsinq etdirən qadın daha həvəslə güzgüyə baxır. 

- Pirsinqə hər bir səbəbə görə müraciət edirlər. Ayrıldıqları zaman, nəyisə yaddaşda saxlamaq üçün, stressli olan zaman. Ancaq hamı deyir ki, prosedurdan sonra güzgünün qarşısından çəkilmir. Obraza obraz qatırıq.

Günel Hacı