Kinematoqrafçılar İttifaqı da sabiq naziri ittiham edir - QURUMUN İDARƏ HEYƏTİ TƏKLİFLƏR VERİB

Baxış sayı:
4875

Son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurlarını, nüfuzlu  Beynəlxalq Festivallarda “Kuklalar”, “Nabat”, “Axınla aşağı”, “Qırmızı  bağ”, “Nar bağı”, “Axşama doğru”  filmlərinin iştirakını qeyd etməklə yanaşı,  etiraf etməliyik ki, bu dövr  bütövlükdə kinomuz üçün durğunluq illəri olub.

Yaranmış vəziyyətin əsas səbəbi Mədəniyyət Nazirliyinin kadr siyasətidir. Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmişlər. 

Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmamış, dövlət studiyalarının texniki təchizatı formalaşmamış, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmamış, birgə istehsal dəstəklənməmiş, Eurimages Fonduna üzvlük həyata keçirilməmiş, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırmışdır. 

Bununla yanaşı, 50 ildən artıqdır ki, fəaliyyəti olan Azərbaycan Kinematoqrafçılar İttifaqının dağılması istiqamətində addımlar atılmış, ölkə kinematoqrafçılarının birliyi sarsıdılmışdır. Bundan başqa, kinomuzun inkişafında, nailiyyətlərinin təbliğində, mühüm rolu olan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilməmişdir. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti, yuxarıda deyilənləri nəzərə alaraq, milli kinomuzun müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə aşağıda sadalanan təcili tədbirlərin görülməsini vacib sayır:

– İllərlə təxirə salınmış və keçən ildən müzakirəsi başlanmış, lakin indiyənədək qəbul edilməmiş Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq, beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, Dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi yaradılmalıdır.

– Kino Mərkəz dövlətin kino siyasətini həyata keçirməli, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməli və xalqımızın həyatının ekranda realist, dolğun təsvirini vacib saymalıdır.

– Azərbaycan kinosunun xaricdə təmsil edilməsi və yayımı üçün Kino Mərkəzinin yanında xüsusi struktur yaradılmalıdır.

– Əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurum yaradılmalıdır. Bu məqsədlə Mərkəzin yanında tərkibi Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, başqa kino ictimai təşkilatları və müstəqil peşəkarlardan formalaşmış – İctimai Şura yaradılmalıdır.

– Yuxarıda sadalanan təkliflərlə yanaşı kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmalı, dünyanın qabaqcıl kino təhsili mərkəzlərinə tələbələr göndərilməli, hal-hazırda fəaliyyət göstərən Kino Məktəbinin işi dəstəklənməli, əsas heyəti Şukin adına Teatr Məktəbinin azərbaycanlı yetirmələrindən və yeni nəsil Azərbaycan aktyorlarından ibarət olan Kino Aktyoru Teatrı yaradılmalıdır.

– Pandemiya dövründə zərər görmüş kinoteatral şəbəkələrə dəstək göstərilməlidir, milli filmlərimizin ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmalıdır.

– Peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək, Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslər dəstəklənməlidir.

– Mədəniyyət Nazirliyi kino mətbuat orqanlarının bərpası və fəaliyyətini dəstəkləməlidir.

Ümid edirik ki, bu bəyanat kino ictimaiyyəti, yaradıcı təşkilatlar və aidiyyəti olan rəsmi strukturlar tərəfindən diqqətlə qarşılanacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti