Kimlərin vərəsəlik hüququ var?

Cəmiyyətdə tez-tez rastlaşdığımız problemin qanuni həlli yolları…

Hazırda ölkəmizdə ən çox məhkəmə predmeti olan problem vərəsəlik mövzusudur. Vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından olaraq, bütün dövrlərdə olduğu kimi, indi də böyük əhəmiyyət kəsb edir. Əslində, əvvəllər vərəsəlik valideynlərin sağlığında ailə daxilində bölüşdürülsə də, hazırda həllini daha çox məhkəmə müstəvisində tapır. Çox zaman vərəsəliyin özəlliyindən xəbərsiz insanlar bu hüquqlarından istifadə edə bilmirlər. Dünya praktikasında inkişaf etmiş ölkələrdə bu problem demək olar ki, öz həllini çoxdan tapıb. Bizdə isə bu məsələ sovetlər dönəmindəki hüquqi konteksindən çıxıb. Bu sahədə qanunlarımızda incəliklər daha da mükəmməlləşib. Elə vətəndaşlarımız da maarifləndikcə, hüquqlarının bərpasına çalışırlar. Sabirabad rayon sakini Nərmin İsmayılova kimi.

Vərəsəlik hüququm varmı?

Nərmin deyir ki, ailədə dalbadal qız övladı dünyaya gəldiyindən atasının valideynləri ondan imtina edirlər. Çarəsiz qalan anası onu öz valideynlərinin yanına aparır. Nənəsi və babası Nərmini böyüdür və övladlığa götürürlər: “Nənəmi doğma anam bilirdim. Anam bildiyim nənəm yüksək təhsil almağım üçün əlindən gələni edirdi. 2-ci sinifdə oxuyanda nənəmi, ondan 3 il sonra isə babamı itirdim. Daha sonra övladı olmayan bacım bildiyim xalamın qəyyumluğuna verildim. 16 yaşım olanda öyrəndim ki, əslində, anam bacim bildiyim başqa xalamdır. Bioloji anamın oğlu olmadığına görə, valideynlərim də ayrılıblar. Doğma anamla bacım bildiyim xalalarım arasında inciklik yarandı. Məcburən məni bioloji anam yanına apardı. Sonra məni boyudən xalam da rəhmətə getdi. Nənə və babamdan qalan mənzillərin üzərində dava başladı. Demə, babam həyət evini sovet dönəmində digər övladlarının razılığını almadan xalalarımdan birinə bağışlayıb. Digər mənzildə isə ailə həyatı qurmayan xalam məskunlaşıb.
Indi mənzilə heç kimi yaxın buraxmır. Ortada qalmışam. Nənəm və babam sağlıqlarında vərəsəliklə bağlı heç bir hüquqi sənəd hazırlamayıblar. Bu günədək də soyadını daşıdığım, sənədlərdə övladı olduğum təsdiqlənən valideynlərimin mülkiyyətçisi olduqları mülk və mənzildə vərəsə haqqım varmı? Mən bu hüququ necə əldə bilərəm?” - deyə, o, problemin həllini tapmaq istəyir.

Vərəsəlik ya qanun, ya da vəsiyyət üzrə olmalıdır

Vərəsəlik hüququ nədir? Bu hüquq vətəndaşlara necə verilir?  Həyata  keçirilməsi üçün hansı hüquqi sənədlər lazımdır? Ümumiyyətlə, mülki qanunvericiliklə müəyyən edilmiş qaydada bu hüquqlardan necə istifadə olunur? Belə problemlərlə yaşayan vətəndaşlar bu suallara cavab tapmaqda çətinlik çəkirlər. Qeyd edək ki, ölkə vətəndaşları müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Hüquqi aspektdən yanaşsaq, dünyasını dəyişən şəxslərdən miras qalmış əmlakın onun varislərinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Bu sahə üzrə ixtisaslaşmış vəkil Ruslan Vəliyev deyir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, övladlığa götürülmüş uşaq qanuni nikah daxilindəki uşaq statusundadır.Yəni miras münasibətləri baxımından övladlığa götürülmüş uşaqla normal ailədəki uşaq arasında heç bir fərq yoxdur.
Vərəsəlik hüququ yeganə hüquq sahəsidir ki, özündə ümumi olmadan konkret iddia müddətləri nəzərdə tutur. Belə ki, Mülkü Məcəllədə vərəsəlik hüquq münasibətlərindən doğan mübahisələr üçün ümumi iddia müddəti yoxdur, lakin konkret olaraq vərəsəlik mübahisələri üçün (məsələn, vərəsənin ləyaqətsiz vərəsə hesab olunması və s.) iddia müddəti nəzərdə tutulmuşdur. Vərəsəlik ya qanun, ya da vəsiyyət üzrə olmalıdır, əgər bunlar yoxdursa, o zaman əvvəlcə vətəndaş zəruri olan sənədləri hazırlayıb məhkəməyə müraciət etməlidir.
Bunun üçün miras qoyanın ölümü haqqında şəhadətnaməsi, miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzil-istismаr sаhələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd, vəsiyyətnamənin əsli (vəsiyyətnamə başqa notariat kontorunda təsdiq edildikdə və ya dövlət notariat arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd aparılmaqla), vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri, qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.), miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış. Eləcə də, iştirak etməli olan şəxslərin siyahısı; vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi, qəyyum və ya himayəçi, vərəsənin valideynləri və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi. Dövlət rüsumunun  ödənilməsi haqda sənəd. Qanunla müəyyən edilən bütün növbəli vərəsələrə dövlət rüsumu 20 manat, vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə 40 manatdır.

Vəsyyətnamə yoxdursa...

Vəkil deyir ki, vəsiyyətnamə olmadığı təqdirdə miras qanunla nəzərdə tutulmuş formada bölüşdürülür. Yəni qanun üzərində və vəsiyyət üzərində vərəsəlik mövcuddur. Vəsiyyət üzrə vərəsəlik vəsiyyətnamə olduğu təqdirdə olur.Vəsiyyətnamə yoxdursa, qanunla nəzərdə tutulmuş formada olur. Qanun üzrə vərəsəlikdə növbəlik sistemi qəbul edilmişdir. Əgər birinci növbədən vərəsə varsa, digər növbədən olan vərəsələr vərəsə ola bilməz. Bir yuxarıdakı növbədə vərəsənin olması sonrakı vərəsələrin qanun üzərində vərəsəliyini istisna edir.

Hüquqşünas İlhamə Həsənovanın sözlərinə görə, vətəndaşlar hüquqi baxımdan bir çox problemlərlə qarşılaşırlar. Buna səbəb, bəzən onların qanundan xəbərsiz olmalarıdır. Son dövrlər isə əmlak mübahisələrilə bağlı məhkəmələrin sayı artıb. Problemin yaranmasına səbəb ölkənin Mülki Məcəlləsində nəzərdə tutulmuş vərəsəlik haqqında qanuna vətəndaşların düzgün əməl etməməsi və bilərəkdən pozmasıdır: “Belə məhkəmə iddiaları çoxlu sayda ailə üzvləri və yaxın qohumlar arasında baş verir. Vərəsəlik haqqında qanuna görə, əmlak qanunvericiliyə, yaxud da vəsiyyətnaməyə görə bölünür. Ölkənin Mülki Məcəlləsində göstərilir ki, dünyasını dəyişmiş şəxsin bir nömrəli mirasçısı onun övladıdır. Əgər ortada vəsiyyətnamə varsa, o, zaman miras payının kimə çatacağı bu sənədlə müəyyənləşdirilir. Yəni həmin sənəddə şəxs övladını yox, istədiyi hər hansı bir insana mirasını verə bilər. Bundan başqa, Mülki Məcəllədə miras payı bölgüsünün başqa formaları da göstərilib. Belə ki, bu proses növbəlilik prinsipilə də həyata keçirilir”.
İ.Həsənova hesab edir ki, qanun üzrə vərəsələr beş növbəlidir. Buraya ilk növbədə mərhumun övladları aiddir. İkinci növbədə ər-arvad, valdeyinlər, bacı-qardaş, üçüncü növbədə nənələr, babalar, dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər: “Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir”.

Vərəsəlik vəsiyyətlə dəyişdirilmədikdə...

Hüquqşünasın sözlərinə görə, son dövlərdə ciddi məhkəmə çəkişmələrinə səbəb olan daşınmaz əmlakın bölünməsi də qanunda yer alıb. Belə ki, valideyin vəfat etdikdən sonra ailədəki övladlardan biri kənarda yaşamağına baxmayaraq həmin mülkdən ona da miras payı düşür. Bunun üçün notariat kontorlarından vərəsəlik şəhadətnaməsi alınır ki, burada bütün övladların adı qeyd edilir: “Şəhadətnamədə bütün övladların adları  yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı, yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı göstərmirsə, bu qanunsuzluqdur. Digər övlad gəldikdən sonra məhkəmə mübahisəsi açıla bilər” - deyə, o bildirib.
Vərəsəlik vəsiyyətlə dəyişdirilmədikdə qanun üzrə həyata keçirilir və vəsiyyət miras qoyanın ona məxsus olan əmlak üzərində sərəncam verməsinin bir növü kimi qəbul olunur. Lakin bu sərəncam vermənin özünəməxsus xüsusiyyətləri də var; vəsiyyətnamədə miras qoyan şəxs ona məxsus əmlakın özünün iştirakı olmadan bölüşdürülməsini, öz ölümündən sonrakı dövr üçün həmin əmlakın müqəddəratını həll etmiş olur. Göründüyü kimi, əmlakın idarə olunması və ya bölüşdürülməsi miras qoyanın iradəsinə müvafiq olaraq həyata keçirilir. Lakin belə hal yalnız vəsiyyət üzrə vərəsəlik zamanı mümkündür.
“Vəsiyyət üzrə vərəsəlikdə miras qoyan öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət əşyaları istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur“ – deyə hüquqşünas bildirir.

Şəhadətnaməsiz vərəsəlik hüququ  tələbi

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, əgər vətəndaş vəfat edibsə, mənzil və şəxsi mülkiyyət hüququ həmin şəxsin adına özəlləşibsə, ilk növbədə həmin mənzil orada yaşayanların şəxsi mülkiyyətinə keçə bilər. Mülki Mənzil Məcəlləsinin 77-ci maddəsinə əsasən, ümumiyyətlə, mülki işlərə hər hansı bir iddianı, faktı sübut etmək ücün şikayət vermiş iddiaçi tərəfindən sübutedici sənədlər təqdim olunmalıdır. Bunu həyata keçirməyin isə bir neçə yolu var. Birinci yol ondan ibarətdir ki, vəfat edən şəxsə vərəsəlik haqqında şəhadətnamə açılmalı və 6 ay müddətində həmin mənzilin yerləşdiyi rayon ərazisində notarial orqana ərizə verilməlidir ki, bu ərizə əsasında da 6 ay müddətində notariusda vərəsəlik haqqında, bir də əmlak haqqında iş açılsın. Bu 6 ay müddəti tamam olan vaxt əgər digər vərəsələr müraciət etməzsə, bu halda həmin əmlak (yəni mənzil) həmin vərəsələrin adına birgə mülkiyyət kimi keçir. Əgər varis 1 nəfərdirsə, bu halda da 1 nəfərin adına vərəsəlik haqqında şəhadətnamə verilir. Ancaq vəfat etmiş şəxsin mülkiyyəti uzun müddət onun adında qalarsa, həmin vaxt vərəsələr qanunla nəzərdə tutulan qaydada notariusa müraciət etməyibsə, bu halda bu işə məhkəmə qaydası ilə baxılmalıdır”.
Qanunla Mülki Məcəllənin nəzərdə tutulan qaydası belədir ki, 6 ay müddətinə notariusa müraciət etməli və vərəsəlik haqqında şəhadətnamə açılmalıdır. Artıq bu müddət keçdiyinə görə, istənilən halda bu cür mübahisəli məsələyə məhkəmədə baxılmalıdır. İddiaçılar sübut etməlidir ki, mənzili almaq hüququna malikdir. İddia qaldıran şəxs bu sənədləri müvafiq orqanlardan və vətəndaşlardan əldə etməyə çətinlik çəkərsə, o halda bu sənədlər məhkəmə qaydası ilə də alına bilər. 

Maariflənməyə ehtiyac var

Hüquqşünas vərəsəliklə bağlı qanunvericiliyin tətbiqində problemlər olduğunu da qeyd etdi.  R.Vəliyev deyir ki,  bu daha çox mirasın qəbul edilməsi ilə bağlıdır və mövcud qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər: “Miras açıq elan edildikdən sonra notariat kontoruna ərizə ilə müraciət etməklə və mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur. Əgər miras əmlakın qəbulu ilə bağlı işə baxılırsa, həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. Bəzən miras payının müəyyən olunmasında səhvlərə yol verilir. Bununla bağlı işlər Ali Məhkəməyə göndəriləndə yenidən araşdırılması üçün aşağı məhkəmələrə göndərilir“. 
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, 2015-ci il dekabrın 18-də  Mülkü Məcəllədə vərəsəlik hüququ ilə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, bu müddət xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə qırx doqquz ildən çox ola bilməz.
Son...
Ümumilikdə bu sahədə qanunun tətbiqi və qanunvericiliklə bağlı istər əhalinin, istər vəkillərin, istərsə də hakim korpusunun maariflənməsinə ehtiyac var.  Bunun üçün isə dövlət qurumları ilə yanaşı QHT-lərində üzərinə məsuliyyət düşür.
Gülnaz Qənbərli
Qeyd: Araşdırma GİZ-in keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.