"KİMLƏRDİR AXI HAZIRLIQLI İDMANÇILARI ÖLKƏMİZDƏN UZAQLAŞDIRANLAR? ! "

Baxış sayı: 74

"Onların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır. Kimsə bu əmələ görə cəza alacaqmı ? !"
 
"Riodakı Olimpiadada Azərbaycanlı ağır atlet Nicat Rəhimovun Qazaxıstan adına çempion olmasının ardından yenə də Azərbaycanlı idmançı Ramil Quliyevin yüngül atletikada Londonda Türkiyə adına dünya çempionu olmasına ürəkdən sevindik. İlk dəfədir ki, millətimizin təmsilçisi yüngül atletikada bu cür uğurlu nəticə göstərir. Həm də sevindiricidir ki, bu idmançılar bizdən incik vəziyyətdə yola salınsalar da Azərbaycan bayrağını kürəklərində daşımağı unutmurlar. Yəni kimdənsə inciyə bilərlər, ancaq Vətəndən, bayraqdan incimək kimi bir cılız duyğunu özlərinə yaxın buraxmadıqlarını göstərirlər. Ən mühümü isə Azərbaycana olmasa da, qızıl medalı Osmanlı təbirincə desək gavura deyil, Qazaxıstan və Türkiyə kimi qardaş türk dövlətlərinə qazandırırlar".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində yazıb. Deputat qeyd edib ki, bu uğur qazanan idmançıların hansı səbəbdən Azərbaycan bayrağı altında çıxış etməkdən uzaqlaşdırılması diqqət mərkəzinə gəlir. Onların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır:
"Kimlərdir axı bilərəkdən bu cür hazırlıqlı idmançıları ölkəmizdən uzaqlaşdıranlar? Kimsə bu əmələ görə cəza alacaqmı? Digər tərəfdən bir həqiqət təkrar olaraq təsdiqini tapdı ki, Azərbaycan övladı olimpiya çempionu da, dünya çempionu da olmağa qadirdir. O halda idmanın müxtəlif növlərində xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq, əvəzində olmazmı ki, bir il tez, bir il gec olsun, pulu da, imkanı da, enerjimizi də öz dosdoğma azərbaycanlımıza sərf edək və onların uğur qazanmasına nail olaq? Hələ sonradan üstü açılan dopinqə görə medalı əlindən alınmış idmançılara xərclədiyimiz pula, verilən hədiyyələrə heyfslənməyimizi demirəm. Bir qisminin yaxasından da yapışmaq artıq gecdir. Ona görə də, idmanın bütün növlərində strategiyamız Azərbaycanlı idmançıları çempion və ya mükafatçı kimi yetişdirmək üzərində qurulmalıdır".