“Kimin icazəsi yoxdursa, Bakıya buraxılmayacaq” – Kamran Əliyev

Baxış sayı:
2665

“İki gün öncə rayona gedən Bakı və Abşeron sakinlərindən kimin icazəsi yoxdursa, onlar şəhərə buraxılmayacaq”.

Muxalifet.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, sakinlərə bu barədə əvvəlcədən məlumat verilmişdi.

“Deyilmişdi ki, Bakı sakinləri, hətta dövlət orqanlarında xidmət edən şəxslər digər rayonlara ezamiyyət vərəqəsi əsasında gedə bilərlər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunda tətbiq olunan giriş-çıxış məhdudiyyəti karantin rejiminin sonunadək qüvvədədir. Bu əraziləri icazə əsasında tərk etməyə icazə verilir. Şirkətdə, digər müəssisələrdə işləyən və rayon qeydiyyatı olan şəxslərə icazə verilmişdi ki, gəlib Bakıda fəaliyyət göstərsinlər. Həmin şəxslərə tapşırıldı ki, qeydiyyatın rayon yerində olmasından asılı olmayaraq, Bakı ərazisini tərk etməsinlər, çünki getsələr geri buraxılmayacaqlar”.

K.Əliyev bildirib ki, rayonlara gedənlərin əksəriyyəti iki günlük sərt karantin rejimindən istifadə edərək bölgələr üz tutanlardır.

“Dedilər ki, “biz qayıtmayacayıq, evimiz ordadır”. Amma indi yaşanan situasiya göstərir ki, onlar düzgün informasiya verməyib və şəhərə qayıtmaq istəyirlər. Bununla da icazəsi olan, qanuni əsaslarla şəhəri tərk edən insanların geri qayıtmasına mane olurlar. Postlardan ancaq müvafiq icazə sənədi olan şəxslər Bakı şəhərinə buraxılır, digərləri isə geri qaytarılır. Postlarda bütün maşınlar, onlar içərisində sürücü və sərnişinlər yoxlanılır və kimin icazəsi yoxdursa, geri qaytarılır”.

Qeyd edək ki, hazırda rayonlardan Bakı istiqamətində böyül tıxaclar müşahidə edilir. Bu səbəbdən yüzlərlə avtomobil yolda qalıb.