​Kimin damarında türk qanı axırsa... - Aqil Abbas

Baxış sayı:
1138

Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə paradın keçirilməsinə çox sevinirəm. Sabah bir millət, iki dövlətin birgə paradı olacaq, adətən belə yerdə adamlar kövrəlir. Damarında türk qanı axan insanlar kövrələ bilər, axmaq qan axanlar buna ayrı don geyindirirlər. Qoy geyindirsinlər. Bu şərəfli tarix bir millətin böyük qələbəsidir, kim türk deyilsə, qoy sevinməsin.
Muxalifet.az xəbər verir ki, bu sözləri teleqraf.com -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
Deputat qeyd edib ki, Bakının işğaldan azad olunması şanlı tarixdir, bu, heç zaman yaddan çıxmayacaq.
Onun sözlərinə görə, özünü azərbaycanlı sayan hər kəs bu möhtəşəm tarixə görə sevinir: “Bura Azərbaycanda yaşayan ləzgi, avar, talış və rus xalqlarının nümayəndələrini də aid edirəm. Qafqaz İslam Ordusu olmasaydı, indi Azərbaycan yox idi. Azərbaycanın parçalandığı bir zamanda, bolşevik və ermənilərin yerli azərbaycanlıları qırdığı bir vaxtda Qafqaz İslam Ordusu gəlib Bakını azad etdi və Azərbaycanın paytaxtına çevirdi. Neçə min şəhid verərək qardaşlığını və türkçülüyünü sübut etdi. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, Bakı paytaxt olmayacaqdı və quberniyalara bölünəcəkdi. Təbii ki, Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın hər yerindən əsgərlər, könüllülər gəlib vuruşdular və tarix yazdılar".