"Kim Türkiyəyə getsə, onunla getmək istəyərəm" - RÖYA / FOTOLAR

Baxış sayı:
259

Dünən Xalq artisti Röya Ayxan "Elektra Events Hall"da türkiyəli müğənnilər Ersay Üner və Fəridə Hilalın iştirakı ilə baş tutan konsertdə səhnəyə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, məşhur müğənni konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb. Röya qeyd edib ki, fəxri addan sonra məsuliyyəti daha da artıb:

"Xalq artisti fəxri adına layiq görüldükdən sonra sizi görməmişdim. Hamıya təşəkkür edirəm. Fəxri ad aldıqdan sonra yerim möhkəmləndi, məsuliyyətim daha da artdı. Məsələn, bir çox şeylərdən qorxurdum, amma indi onları həyata keçirmək üçün stimul yarandı. İnşallah gələn il yeni layihələrimiz olacaq".

Sənətçi Türkiyədə keçiriləcək "Altın Kelebek" mükafatlandırma mərasimi ilə bağlı verilən sualları da cavablandırıb:

"Mənə nə zaman müraciət edilirsə, heç vaxt yox demirəm. Kim də Türkiyəyə getsə, vaxtım olarsa onunla birlikdə gedərəm. Hətta mükafatı təqdim etməyi çox istəyərdim. Mən Sevda Yəhyayevanı dəstəkləyirəm. Oksana Rəsulovanı və Pərvin Abıyevanı da dəstəkləyirəm. Hər biri mənim üçün əzizdirlər. Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanovun iştirakından xəbərim yox idi. Kim Türkiyəyə getsə, onunla getmək istəyərəm. Kaş ki buna vaxtım olsun. Həmişə mükafat alanda getməməliyəm, mükafatı alanın da yanında olmalıyam".

R. Ayxan fəxri ada görə ona qıcıqlanan həmkarlarından da söz açıb:

"Onlar onsuz da qorxurlar. Üzbəüz gələndə qucaqlayırlar, öpürlər. Ay mənim əzizim, canım-ciyərim, pomidorum və s. deyib təbrik edirlər. Mən buna Allahın hədiyyəsi kimi baxıram. Bəlkə, onlar gözlədiklərinə görə baş vermir. İnsan bir şeyi çox gözləyəndə olmur".

Sənətçi daha sonra solo konsert verəcəyini açıqlayıb:

"Mən konsert etməyi çox istəyirəm. Amma bunun üçün çox böyük vəsait lazımdır. Hazırda oğlum və evimlə məşğulam. Neçə ildir ki, evim tikilir. Altı ay işləyirik, altı ay iş yoxdur. Bir az dayanır, bir az gedir. Bilirsiniz ki, böyük ailəm var".

"Qardaşınız İsmayıl bəylə duet gözlənilirmi?"- sualına isə R.Ayxan belə cavab verib:

"Bilmirəm, onun dünyası başqadır. Əsgərlikdə bura gəldi. Kişiyə dəstək lazımdır. Öz oğlumdan bilirəm. Oğlun varsa, ona təhsil verəcəksən. Qadın o qədər güclüdür ki, öz yolunu seçib bir yana çıxır. Mən özüm sürünə-sürünə xahiş edirdim ki, mənə toy verin. Amma onun üçün mən varam. Dedim ki, iki il sənin şirkətinə pul buraxacam. İki ildən sonra anam zəng edib, heç nə istəməyəcək, qardaşım. Mən onun sevinc göz yaşlarını görəcəm. On ildən sonra sizi dünyaya gətirib. Bütün anaların da gözünün şahı oğlanları olur. Anama deyirəm ki, o oğlun, o da sən. Mən onu qaldırıram. O da işləsin sənə baxsın. 30 ildir ki, mən baxıram, bir az da o baxsın. Hazırda Türkiyədə tanıdığım insanlar İsmayıl üçün çalışırlar".

Röya Milli Məclis üzvlərinin müğənnilərin vergi məsələsini müzakirəyə çıxarmasına da münasibət bildirib:

"Bizim vergimiz 30 manat deyil, reklamlara da çəkilirik. Köçürmə bank vasitəsi ilə olduğu üçün hamı nə qədər qazandığımızı bilir. Hörmətli millət vəkillərimizə demək istəyərdim ki, gündə dörd toya gedirəmsə, onun ancaq ikisi işə, makiyajıma, geyimə, birlikdə çalışdığım insanlara gedir. Nə qədər vergi təyin edilibsə onu ödəyirik. Əgər bir problem varsa, onu aşkarlasınlar, az ödəyiriksə, çox verək".

Röya Xalq artisti Afaq Bəşirqızının sosial şəbəklərdə millət vəkili olması üçün reallaşan kampaniyaları dəstəklədiyinu qeyd edib:

"Mən çox istəyirəm ki, Afaq Bəşirqızı bizim millət vəkilimiz olsun. Çünki bizim sözümüzü çatdıracaq adamın olması lazımdır. Mən isə millət vəkili olmaq istəmərəm. Mən yerimdən məmnunam. Kim istəyir millət vəkili olsun".

Fotolar: Nuran Məmmədov