“Kim özünü müxalifətin birliyində görürdüsə, meydanda idi”

Milli Şuranın rəhbəri Cəmil Həsənlinin Versus.Az-a müsahibəsi.
 
– Cəmil bəy, bugünkü mitinqi necə dəyərləndirərdiniz?
– Mitinq çox yaxşı, normal keçdi. Bu gün hakimiyyətin “əsrin oğurluğuna” – 3 milyard vəsaitin ölkədən oğurlanmasına qarşı böyük etiraz nümayiş etdirildi. Bu, təkcə siyasi aksiya deyildi, həm də insanların vətəndaşlıq borcu idi. Milli Şura bu oğurluq faktını aşkara çıxaran “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Jurnalist qrupu”na öz təşəkkürünü bildirib. O vəsaitlərin çox gizli şəkildə köçürülməsinə baxmayaraq, bunu araşdırıb ortaya çıxardı. Mitinqdə həmin qrupun fəaliyyəti yüksək qiymətləndirildi, eyni zamanda siyasi məhbuslar müdafiə olundu. Ölkənin sosial-iqtisadi, eləcə də işğal olunmuş əraziləri ilə bağlı çıxışlar edildi.
 
Növbəti mitinq oktyabrın 7-nə təyin edilib
 
– Mitinqlə bağlı əksər siyasi partiyaların birmənalı olmayan münasibətləri müşahidə olundu. Partiyaların mitinqə qatılıb qatılmayacağını araşdırarkən bir çoxları Milli Şura adlı qurumun olmadığını, digər qismi isə mitinqin təşkilində iştirak etmədiklərini əsas gətirərək aksiyaya qatılmdıqlarını bildiriblər. Sizcə partiyalar dəvət olunmalıydımı?
– Əvvala, bütün Azərbaycan xalqına – bu hakimiyyətin oğurluğuna qarşı dura biləcək hər kəsə müraciət olunub. Mitinqin hədəfləri, mövzusu bəlli idi. Kimin buna etiraz etməyə gücü çatırdısa, meydanda olmalı idi. Ona görə də heç kəsə ayrıca xüsusi dəvət olunmayıb. Əslində burda xüsusi dəvətə də ehtiyac yoxdur. Axı burda cinayət, oğurluq hadisəsinə qarşı dayanmalıydıq. 150 nəfərə qədər siyasi məhbusumuz var, Şura buna etiraz edir və mitinqi də o məqsədlə təşkil etmişdi.
– Silahdaşlarınızın  birmənalı olmayan yanaşmaları sırasında mitinqlə bağlı şübhələridir.  Belə arqumentlər səslənir: necə ola bilir ki, müstəqil fikir yazan saytları bağlayan, bəzən hətta qapalı yerdə tədbirlər keçirilməsinə mane olan hakimiyyət bu cür radikal bir quruma ictimai yerdə mitinq keçirməyə icazə verir. Bununla da Milli Şuranın hakimiyyətlə razılaşdırılmış aksiya keçirməsi müammasını ortaya qoyurlar.
– Tamamilə mənasız yanaşmadır. Hansı işbirliyi ola bilər ki, biz 3 milyardın oğurlanmasında birbaşa ölkə başçısını günahlandırırıq. O “iş birliyi” deyən hansı partiya liderləri bu sözü deyə bilərdi. Nəinki deməyə, heç eşitməyə hazırdırmı? Siz mitinqi dinlədiniz? Sizcə orda səslənən şüarları bizə irad tutan hansı partiya lideri səsləndirə bilərdi. Belələri sadəcə bacarıqsız və əlindən bir iş gəlməyən adamlardır. Bu sözlərlə bəhanələr gətirirlər.
– Müxalifət partiyalarının açıqlamalarından görünür ki, sanki sizdən müxalif cəbhəni bir araya toplamaq, müxalifətin birliyinin yaranmasını gündəmə gətirib təmin etmək kimi hərəkətlər gözlənilib. Ola bilərmi ki, elə bu aksiyalar müxalifətin birliyi məsələsini də aktuallaşdırsın?
– Milli Şura özü bir müxalifət birliyidir. Yalnız siyasi deyil, ictimai-siyasi qurumdur. Bütün mitinqi də Milli Şura təşkil edib, hamıya da müraciət olunub. Kifayət qədər də izdihamı olan mitinq idi. “Müxalifətin birliyi”-ni istəyirlərsə, hesab edirəm ki, kim özünü müxalifətin birliyində görürdüsə meydanda idi.