Kim Çen dünyanı oyuncaq silahlarla aldadıb

Şimali Koreyanın aprelin 15-də keçirdiyi hərbi parad Amerikaya əzələ nümayişi kimi qiymətləndirilirdi.
Amerikalı mütəxəssislər Pxenyanın hərbi parad zamanı nümayiş etdirdiyi silahlarla bağlı maraqlı faktlar ortaya çıxarıb.
Foks Nyus televiziya kanalına danışan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Maykl Pregent parad zamanı Şimali Koreya əsgərlərinin əllərindəki silahların çoxunun saxta olduğunu bəyan edib.
Maykl Pregent Pxenyanın özünü dünyaya isbat etmək üçün saxta silahlardan istifadə etdiyi qənaətindədir:
“Fotoşəkillərə diqqətlə baxsaq, görərik ki, bu silahlar gerçək deyil. Hətta əsgərlərin istifadə etdiyi günəş eynəkləri belə döyüş üçün uyğun olmayan ləvazimatdır. Məqsəd yalnız döyüş ehtimalına qarşı təsirli bir mesaj göndərmək olub”.
Maykl Pregent paradda nümayiş etdirilən tüfəng və avtomatların güllələrinin spiral formasında saxlanılması üçün nəzərdə tutulan cibliklərin də saxta olduğunu qeyd edib.


Maykl Pregent eyni zamanda bildirib ki, Şimali Koreyada silah istehsalı sahəsində ciddi problemlər yaşandığı üçün AK-47-lərin belə istehsal edilib-edilmədiyi şübhəlidir.