KİLSƏ ZƏNGLƏRİ VƏ DAŞ YUXULAR - "Google"-da iki sözün axtarışındakı fərq

Baxış sayı:
12034

“Google Trends” zəmanəmiz üçün heç də təəccüblü olmayan bir statistika açıqlayıb: Fransanın tarixi rəmzi olan Notr-Dam kafedral kilsəsini xarabalığa çevirən yanğın Pasxa bayramının qeyd olunduğu Bazar günü Şri-Lankanı sarsıdan və təxminən 300 nəfərin öldüyü partlayışla müqayisədə, “Google”-da 7 dəfə çox axtarışa verilib.

İlk baxışdan təəccüb doğuran həm də budur ki, hər iki üzücü, dünyanı yasa batırmış hadisə kilsədə baş verib. Amma Yer kürəsinin sayca ən böyük dini kəsimi aprelin 15-də baş verən faciəyə daha çox maraq göstərib. Hətta Asiya qitəsindəki ada-dövlətdə partlayışın Pasxa gününə təsadüf etməsi də xristian aləminin düşüncəsinə sirayət etməyib.

Diqqət yetirin, Parisin məşhur qotik üslublu kafedralında baş verən yanğında insan ölümü qeydə alınmayıb. Lakin 856 yaşlı kilsə ilə müqayisədə, aprelin 21-də təxminən 300 nəfərin ölümünə tükü tərpənən insanlar azlıqdadır.

Niyə bu cür olsun ki?

“Google Trends”-in hesabatına əsasən, Şri-Lanka faciəsinə geniş maraq ən böyük müsəlman icması olan Hindistan, üstəlik, rəsmən müsəlman ölkələri sayılan İndoneziyaBirləşmiş Ərəb Əmirliklərində göstərilib.

Qəribə deyilmi?

“Əl-Cəzirə”də analitik Qabriel Kahlut Notr-Dam faciəsinə marağın böyüklüyünü Qərb yarımkürəsinin (Avropa və Şimali-Cənubi Amerika, Avstraliya) hadisə yerinə yaxınlığı və ingilisdilli auditoriyasının genişliyi ilə izah edib. Onun sözlərinə görə, axtarış sayında Hindistanın ilk pilləni tutması Şri-Lankaya coğrafi yaxınlıqla izah olunmalıdır.

Məntiqlidir, amma təkcə Şərq yarımkürəsindəki Hindistan əhalisinin sayı Qərb dünyasının ümumi əhalisindən çoxdur. İndoneziya və BƏƏ əhalisini də bu saya qatdıqda, daha nüfuzlu rəqəm alınır.

Kahlutun unutduğu bir məqam var: həm Hindistan, həm də Şri-Lanka ingilisdilli auditoriyaya şamildir.

Qərb-Şərq müqayisəsində fərq yaradacaq amil yalnız medianın gündəmində yoxluq, internet istifadəçilərinin say azlığı, internet xidmətinin keyfiyyətsizliyi və ya zəif ictimai fəallıq ola bilər.

Kahlutun növbəti açıqlamasında təəccüblü görünməməlidir: “Bu nümunəni hər zaman görürük. Məsələn, Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması xəbəri peyda olduqda, Amerikadakı insanlar əsasən qəzaya uğrayan yaxınları ilə bağlı axtarış aparırdılar”.

Əlbəttə, belə də olmalıdır, hər bir faciədə insanlar, ilk növbədə, yaxınlarını axtarmalı, onların aqibəti ilə maraqlanmalıdır. Amma söhbət Notr-Dam kafedralındakı yanğın və ya Şri-Lanka kilsəsində terror aktından getdikdə, qlobal ictimai rəy bu iki hadisənin cazibəsinə eyni dərəcədə düşməli deyilmi?

Bu baş vermirsə, deməli, Qərb və Şərq yarımkürələrində, bu cür demək mümkündürsə, ayrı-seçkiliyə, ikili standarta başqa məntiqli izahlar axtarılmalıdır.

Təəssüf ki, gözdeşən fərqə nümunə axtarmaq üçün çox səy göstərmək lazım gəlmir. Təkcə son dövrdə sayıla biləcək neçə-neçə insan faciəsi və ya tarixi abidənin xarabalığa çevrilməsi halları var. Hər dəfə dünyanın bir hissəsi hayqırarkən, digər coğrafi-siyasi bölümü susur.

Parisdə yanğın xəbəri gəldikdən sonra “Twitter”-dəki bir post çox populyar idi: 856 yaşlı Notr-Damla müqayisədə, Şamın 1003 yaşlı Üməyyə məscidinin dağıdılmasına biganəlik vurğulanırdı.

Həqiqətən, Suriyada vətəndaş müharibəsinin ən aktiv çağında axtarış portallarında bu tarixi abidənin adını yazan neçə internet istifadəçisi oldu?

…Notr-Damda yanğından sonra Viktor Hüqonun kafedral kilsənin adını verdiyi romanı bir daha vərəqlədim. Düşündüm ki, görəsən, indi də kilsə, sinaqoq və ya məscid qarşısında atılmış uşaqlar olurmu?

Bəlkə də var, övladlığa götürülən o uşaqlar böyüyüb, yaraşıqlı, təhsilli, rifahlı olur, amma bəlkə də, heç biri doğuşdan eybəcər Kvazimodo kimi daxilən mərhəmət çeşməsi deyil – daşürəklidir.

“Düz üç yüz qırx səkkiz il, altı ay, doqquz gün bundan əvvəl parislilər Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə oyandılar” – Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı bu cümlə ilə başlayır.

Bu gün insanları daş yuxulardan heç partlayış da oyada bilmir…

Əziz Rzazadə

“Strateq”, 23.04.2019