​Kəfən geyərək düşmən tərəfə keçməyə cəhd etdilər

Cavid Qurbanovun əlindən erməniyə qaçan Kəlbəcər qaçqınları sərhəddə yaxalandılar

Iyulun 11-də saat 10:00 radələrində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun sifarişi ilə oğulları Qalib Bayramovun günhasız olaraq həbs edilməsinə etiraz edən Kəlbəcər qaçqınları Əli Bayramov və həyat yoldaşı Qənirə Abdullayeva ağ parçadan kəfən geyərək düşmən tərəfə keçməyə cəhd ediblər.
“Hürriyyət”in əldə etdiyi məlumata görə, ər-arvad Tərtər rayonu ərazisindən təmas xəttini keçməyə cəhd göstərərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıblar. Daha sonra Kəlbəcər qaçqınları Tərtər rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. İdarədə polis rəisi onlarla söhbət edərək, hansı səbəbdən düşmən tərəfə keçmək istədiklərini soruşub. Ə.Bayramov bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov oğlu Q.Bayramovu günahsız yerə həbs etdirib, özünə isə onun adamları tərəfindən təzyiq olunur.
Məlumata əsasən, Kəlbəcər qaçqınlarının Tərtər Polis İdarəsində izahatı alındıqdan sonra, polis rəisi hadisə ilə bağlı rayonun icra başçısına məlumat verib. Başçı bu faktla bağlı ciddi məşğul olacağını və lazım gələrsə, bu haqda ölkə başçısı İlham Əliyevə də məlumat veriləcəyini vurğulayıb.
Qeyd edək ki, dünən axşam saatlarında icra başçısının göstərişi ilə Əli Bayramov və həyat yoldaşı Qənirə Abdullayeva sərbəst buraxılıb.
Xatırladaq ki, bir müddət əvvəl qarşılaşdığı haqsızlıqlarla bağlı “Hürriyyət”ə müraciət edən Ə.Bayramov Cavid Qurbanovun qəzəbinə gəldiyini bildirmişdi. Buna səbəb ilk olaraq C.Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun onun 150 min AZN pulunu mənimsədiyi haqda mətbuata danışması olub.
Belə ki, Aqil Məmmədov oğlunu işə düzəltmək adı altında ondan 150 min AZN alsa da, sözünə əməl etməyib. Bu səsəbdən o, verdiyi pulu icra başçısından geri istəyib. Lakin bu zaman başçı Ə.Bayramovdan 150 min manat aldığını inkar edib və üstəlik ona hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Əli Bayramov deyir ki, sözügedən faktla bağlı dəfələrlə ölkə başçısına və bütün rəsmi qurumlara müraciət etsə də, iki ilə yaxındır onun şikayətinə baxılmır. “Çünki Cavid Qurbanov bu işə baxılmasına imkan vermir, adamı, pulu var, tapşırtdırır ki, mənim şikayətimə baxılmasın” – deyə məcvuri köçkün vurğulayıb.
Bundan əlavə “Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” başlıqlı yazıda da Ə.Bayramov demişdi ki, son vaxtlar C.Qurbanovun prezidentlə qohum (?) olduğu haqda informasiyalar dolaşdığından, heç bir məmur ona qarşı çıxmaq istəmir: “İndi kəlbəcərlilər və Cavid Qurbanovun yaxınları arasında belə söhbət gedir ki, Cavid Qurbanov prezidentlə qohum olub, bir başqası deyir ki, bacanaq olub. Bu, mənə bir o qədər də aydın deyil. Amma belə çıxır ki, indi Cavid Qurbanov prezidentə güvənərək belə bir addım atır?! Axı biz də bu ölkənin vətəndaşıyıq. Bu ölkədə bizim şikayətimizə baxılmırsa, sözümüzü prezidentə çatdıra bilmiriksə, bəs hara müraciət edək?!...”.
İddia olunur ki, bu yazı “Hürriyyət”də işıq üzü gördükdən sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov ciddi narahat olub. Bu səbəbdən o, öz yaxın adamları vasitəsilə, bir daha “Hürriyyət”ə müraciət edəcəyi təqdirdə, şikayətçi Əli Bayramovun oğlu Qalib Bayramovu həbs etdirməklə, öldürtdürməklə hədələyib.
Bundan bir neçə gün sonra isə həyat yoldaşı Qənirə xanımla redaksiyamıza gələn Əli Bayramov bildirdi ki, “Cavid Qurbanov, söz verdiyi kimi, oğlumu həbs etdirdi”. Bu hadisənin nə vaxt baş verdiyini soruşduqda, Ə.Bayramov dedi ki, oğlu Qalibi iyunun 14-də həbs ediblər. Onun sözlərinə görə, həmin gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev zəng edərək Qalib Bayramovu yanına çağırıb. Bundan öncə Kəlbəcərin icra başçısı A.Məmmədov və DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadə və rayon prokuroru Ariz Əliyevdən etdiyi şikayətlərlə bağlı dəfələrlə Z.Quliyevin qəbulunda olduğundan, Qalib həbs olunacağını düşünmədən müstəntiqin qəbuluna yollanıb.
Hansı ki, həmin gün Əli Bayramovla həyat yoldaşı Qənirə Abdullayevanı da Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul etməli imiş. Onlar idarədə olduqları zaman Qalib atasına zəng edərək, onu həbs edəcəkləri haqda məlumat verib. Bundan az sonra isə Q.Bayramovun əlini qandallayaraq, onu polis maşınına basıblar.
Hurriyyet.org
P.S. Mövzunu davam etdirəcəyik.