Keçmiş sovxoz direktoru Yusif Nağıyev Mariupolda bu hala düşüb - AZƏRBAYCANLI “BOMJ”UN HƏYATI, +VIDEO

Baxış sayı:
6649

Azərbaycanda bir vaxtlar sovxoz direktoru işlədiyini və üç ali təhsili olduğunu deyən Nağıyev Yusif Həsən oğlu hazırda Ukraynanın Mariupol şəhərindəki parklardan birində “bomj” həyatı yaşayır.

Virtualaz.org xəbər verir ki, onun barəsində 0629.com.ua portalına Mariupol sakinləri məlumat veriblər. Nağıyev şəhərin Levoberejni rayonundakı qəhrəmanlar parkındakı skamyalardan birində məskən salıb, don vurduğu üçün hər iki ayağı amputasiya olunub.

“Mənim adım Nağıyev Yusif Həsən oğludur. Azərbaycandanam. 56 yaşım var. Azərbaycanda sovxoz direktoru işləmişəm, üç ali təhsilim var. İkimərtəbəli evim, uşaqlarım, torpaq sahəm olub”-azərbaycanlı “bomj” bildirir.

Nağıyev indiki hala düşməsinə görə SSRİ rəhbəri Mixail Qorbaçovu günahlandırır. Deyir ki, Mariupola 1992-ci ildə gəlib və fəhləlik etməyə başlayıb: “Əlimdən hər iş gəlir. Yaxşı inşaatçıyam, amma hər şey bu cür zibil alındı”.

Yusif nəql edir ki, uzun müddət kirayə qalıb, ev sahibəsi ölüb. Həmin vaxt o xəstəxanada olub. Xəstəxanadan çıxanda evin qapıları bağlı idi və dediyinə görə bütün pulları, əşyaları orada qalıb. Ev sahibəsinin qızından açarı alıb evdən əşyalarını götürə bilməyib. Beləliklə, “bomj”a çevrilib.

Hərdən təsadüfi işlərdə işləyib bir az pul qazanan Yusifi ötən ilin dekabrında don vurub. Onun don vurmuş ayaqlarını kəsiblər. Deyir ki, həmin vaxt şəhərdə Yeni il ağacına gözətçilik edirdi. “Maşında oturmaq lazım idi, amma hər halda soyuq idi. Maşın qızdırılmırdı, nəticədə ayaqlarım dondu”-azərbaycanlı “bomj” deyir.

Yusifi həmin vaxt xəstəxanaya aparıblar, xəstəxanada deyiblər ki, dərmanları almaq üçün 50 min qriven lazımdır. Onun isə bu qədər pulu yox idi. “Həkimlər adamı sağaltmırlar, şikəst edirıər”-o deyir.

İndi Yusif hərəkətsiz qalıb və bütün günü skamyada oturur. Ona yerli sakinlər kömək edirlər, isti yemək, odeyal verirlər. Yusifin sifəti dağılıb. Deyir ki, bu yaxınlarda skamyadan yıxılıb və burnu sınıb, sifəti əzilib. Yerdə hələ də onun qan ləkələri qalır. “İnsanlar mənə kömək edir, bir nəfər də yerlim var. Polis hərdən gəlir, baxıb gedir”-o deyir.

Yusif deyir ki, içki içsə də heç kimlə işi yoxdur: “Əlbətdə, içirəm. Belə vəziyyətdə necə içməyəsən?”

“Bomj” qışın yaxınlaşmasına görə qorxuya düşüb. Deyir ki, tezliklə qar yağacaq, 15-20 dərəcə şaxta olacaq. “Mən onda neyləyəcəyəm?”-ümidsiz halda jurnalistdən soruşur.

Azərbaycanlı “bomj” deyir ki, evsiz-eşiksizlər üçün xüsusi sığınacağa getmək istəmir. Bir dəfə oradan qaçıb. “Güclə qaçmışam. Ora çirklidir, hər yerdə siçovullar dolaşır, təkcə çörək və çay verirlər. Yatmağa yer yoxdur. Döşəmədə yatırıq. Öləcəyəmsə qoy burada ölüm”.

Yusifin ümidi Beynəlxalq Qırmızı Xaç cəmiyyətinədir. İnanır ki, ancaq bu təşkilat onu Azərbaycana, ailəsinin yanına qaytara bilər.