Keçmiş NKVD agentinin Stalin və işgəncələr haqda gündəliyi nəşr olunub

Baxış sayı:
13727

Belarusda “Keçmiş NKVD əməkdaşının gündəliyi: stalinizmin sənədli ifşası” kitabı çapdan çıxıb. Kitabda sovet təhlükəsizlik orqanlarının veteranı İosif Yatçenyanın xatirələri yer alıb.
 
Bizimyol.info xəbər verir ki, Yatçenya əvvəlcə milis əməkdaşı, sonra isə NKVD agenti olub. 1937-ci ilin noyabrın 1-də həbs edilib.
 
“Beş sutka ərzində nə əyləşməyə, nə su içməyə, nə yeməyə, nə də yatmağa imkan verdilər. Ayağımızın birini qoyub, o birisini qaldırırdıq. Axırda dözmədim, ürəyim getdi. Ayağa qaldırıb otuzdurdular. Bir qurtum su verdilər. Sonra qələmi uzatdılar ki, göstərdikləri yerdə protokolu imzalayım”, – Yatçenya belə yazıb.
 
Keçmiş agentin yazdığına görə, yeganə sağ qalmaq şansı protokolu imzalamaqdan imtina idi: “Siz bilmirsiniz ki, hər səhər oyanıb nə vaxt öldürüləcəyini gözləmək nə deməkdir”.
 
Yatçenya cəmi bir il həbsdə qalıb, sonra azadlığa buraxılıb.
 
NKVD əməkdaşı gündəliyində SSRİ repressiyalarının səbəbini də izah edib. Onun fikrincə, Mərkəzi Komitənin baş katibi İosif Stalin aclığa və ağır iqtisadi vəziyyətə görə məsuliyyəti üzərindən atmaq istəyirdi. NKVD agentləri ölkə rəhbərliyinə çatdırırdı ki, insanlar Stalini və kolxoz sistemini günahlandırır. Bunun üçün də ölkə daxilində xarici kəşfiyyat orqanlarına işləyən satqınların olması haqda təbliğat kampaniyasını uydurmağa ehtiyac vardı.
 
Kitabın redaktoru və naşiri Anastasiya Zelenkova əmin edir ki, bütün faktlar Yatçenyanın bioqrafiyasından və Belarus KQB-sinin arxivlərindəki xatirələrindən götürülüb.
 
Yatçenya 1890-cı ildə anadan olub. 65 yaşı olanda xatirələr yazmağa başlayıb. Ölümündən sonra nəvəsi Vladimir Yatçenya həmin xatirələri çap etmək ideyasını ortaya atıb. İosif Yatçenya xatirələrində özünün başqalarına işgəncə verməsi haqda bir cümlə də yazmayıb.