​Keçmiş nazirlərimiz indi nə işlə məşğuldurlar?

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır.
Muxalifet.az vəzifədən getmiş nazirlərin hazırkı fəaliyyətləri ilə bağlı yazını təqdim edir:
1998-ci ildən Təhsil naziri vəzifəsində çalışmış Misir Mərdanov 2013-cü ili aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
2004-2015-ci illər ərzində Rabitə və Yüksək Texnologiyalar naziri işləmiş Əli Abbasov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiridir.
23 iyul 2004-cü ildə Milli Təhlükəsizlik naziri təyin olunmuş Eldar Mahmudov hazırda həbsdədir. O, prezidentin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Hazırda heç bir vəzifəni icra etmir.
2002-ci ildən 2017-ci ilə qədər Nəqliyyat naziri işləmiş Ziya Məmmədov bu vəzifədən sonra bizneslə məşğul olmağa başlayıb.
1993-cü ildən 2005-ci ilə qədər Səhiyyə naziri vəzifəsini icra etmiş Əli İnsanov da həbsdədir. O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib.
29 may 1992-ci ildən 2 sentyabr 1993-cü ilə qədər ölkənin 2-ci xarici işlər naziri işləmiş Tofiq Qasımov hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.
Cəmi 4 ay - 12 may 1993-cü ildən 2 sentyabr 1993-cü ilə qədər təhsil naziri vəzifəsini icra etmiş türkoloq alim Firudin Cəlilov hazırda təhsil eksperti kimi çıxışlar edir.
Xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ildən 1995-ci ilə qədər Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
3-cü maliyyə naziri Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilə qədər bu vəzifəni icra edib. 2004-2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. Hazırda iqtisadçı mütəxəssis kimi proqnozlar, təhlillər aparır.
Azərbaycanın 4-cü xarici işlər naziri Tofiq Zülfüqarov 1998-ci ilin mart ayından 1999-cu ilin aprelinə kimi bu vəzifəni icra edib. 2005-2015-ci illər ərzində Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda siyasi ekspertdir.
Müdafiə naziri Dadaş Rzayev bu vəzifəni 23 fevral 1993-cü ildən 17 iyun 1993-cü ilədək icra edib. Hazırda təqaüddədir.
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın 5-ci xarici işlər naziri kimi fəaliyyət göstərib. Nazir vəzifəsindən getdikdən sonra Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010) vəzifəsini icra edib. Hazırda Macarıstanda fövqəladə və səlahiyyətli səfirdir.
1995-ci ildən 2004-cü ilə qədər milli təhlükəsizlik naziri işləmiş Namiq Abbasov hazırda təqaüddədir.
Fərhad Əliyev 2001-2005-ci illər ərzində iqtisadi inkişaf naziri vəzifəsini icra edib. 2005-ci il oktyabrın 19-da həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Hazırda bizneslə məşğuldur.
Rəhim Qazıyev 1992-ci ildən 1993-cü ilə qədər müdafiə naziri vəzifəsini icra edib. 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Hazırda təqaüddədir.
Surət Hüseynov 1993-1994-cü illər ərzində ölkənin 4-cü baş naziri vəzifəsini icra edib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi barədə qərar qəbul edib. Həbs olunmaması üçün Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də isə Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Hazırda bizneslə məşğuldur.