​Keçmiş nazir hələ də gündəmdədir - “TƏLƏBƏ YOLDAŞLIĞI” SUÇU

Baxış sayı:
14021

İl yarımdır ölkənin ən böyük nazirliyinin - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçısı dəyişdirilsə də, keçmiş nazirin adı gündəmdən düşmür. Düzü, bu populyarlığı təbii qarşılamaq zorundayıq. Amma yerli-yersiz gündəmin eks-nazirin adı ilə zəbt edilməsi də yolverilməzdir. Təsəvvür edin, vətəndaşların müraciətlərinə, basının sorğularına cavab verilmir, əvvəlki rəhbərlik suçlandırılır. Kimsə qanunsuzluğa yol verir, adını keçmişlə, keçmiş nazirlə bağlayırlar.
Bu günlərdə DSMF-in hansısa şöbəsinin müdiri işləmiş şəxsin hələ sübuta yetirilməyən qanunsuz əməlinin suçlusu da, sən demə, keçmiş nazir imiş. Başlıca suç isə şübhəli şəxsin nazirin tələbə yoldaşı olması haqqında iddialardır. Bəyəm kiminsə tələbə yoldaşı olmaq suçdur? Və yaxud kimsə tələbə yoldaşının etdiyinə görə cavabdehlik daşıyırmı?
Təbii ki, sualların ritorikliyi şübhə doğurmur. Di gəl, keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirinin adı, özəlliklə, reket mətbuatın gündəmindən düşmür. Bu gündəmdə qalmağın qərəzlə edildiyini vurğulaya bilərik. Nədən yeri gəlmədiyi halda hər bir neqativ işlərdə nazirin adının hallanması, pozitiv işlərdə, məsələn, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açılmamasıdır.
Onu da vurğulayaq ki, hansısa qurumun sıradan bir işçisinin hansısa əməlinə görə qurumun rəhbərini suçlamaq və şəklini başa çıxarmağın özü də yolverilməzdir. Belə çıxır hansısa deputat “cinayət başında yaxalanırsa “, parlamentin sədri cavab verməlidir və şəkli “informasiya lövhəsi”ni bəzəməlidir?
Yenə də deyirik, heç kəs və heç bir qurum qınaqdan, suçdan sığortalanmayıb və azad edilməyib. Amma suçun, qınağın da bir əsası-kökü olar da! Tələbə yoldaşlığı haçandan suç sayılır?
Məğrur Bədəlsoy