​Keçmiş nazir hakim qarşısında ağladı... – MƏHKƏMƏ SƏDRİ: “AYIB OLSUN, ƏYLƏŞ”

Nizami Ağasiyev: “Hələ də orduda Vəli Ələsgərovun adamları var”

Naxçıvan şəhər sakini, Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik. “Hürriyyət”in ötən saylarında qeyd etmişdik ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Son günlər isə məlum olur ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb. Bu haqda dünən redaksiyamızın qonağı olan N.Ağasiyevlə söhbətimizdə məlumat əldə etdik. 

(Əvvəli bu linkdə“VƏLİ ƏLƏSGƏROV DEDİ Kİ, ZƏNG VUR ALLAH GƏLSİN, GÖRƏK KİŞİDİR, YA ARVAD” )

“Məni şəxsi heyətin qabağında soyundurdular”

Keçmiş hərbçi deyir ki, MTN əməkdaşları tərəfindən hədələndiyindən sözügedən informasiyanı təkzib etsə də, başqa heç bir suala cavab verməyib: “Mən orda hərbi polisin rəisinə bildirdim ki, yalandır. Əlavə suallar verəndə danışmadım, çünki ailəmi MTN-ə aparacaqlarından qorxurdum. Fikirləşirdim ki, yəqin məni cənab komandanımız qəbul edər, bu zaman hər şeyi ona açıb deyərəm. Mən ondan başqa heç kimə inana bilməzdim.
Səhərisi günü hərbi polisin rəisi gəlib mənə dedi ki, Ağasiyev, sənə bəd xəbərim var. Dedim nədir? Dedi, səni ordu sıralarından tərxis edirlər. Mən inanmadım. Çünki, əksinə, mən belə fikirləşirdim ki, böhtanla tutulmağıma, içəridə döyülüb, təzyiq altında saxlanılmağıma baxmayaraq, MTN-dən vətən xaini kimi çıxmamışamsa, yəqin komandanım məni daha çox istəyəcək. Ancaq, gözlədiyimin əksinə, məni Şahbuzdakı N saylı hərbi hissəyə gətirdilər. Zabit, əsgər heyətini meydanında düzdülər, məni çıxardılar qabağa və dedilər ki, zabit şərəfinə xələl gətirdiyi üçün rütbəsi alınır. Hətta əlavə olaraq onu da dedilər ki, ordu komandiri cənab Kərəm Mustafayevin əmri ilə şəxsi heyətin qabağında formanı soyunub, sonra çıxıb getməlisən. Bunun ardınca məni şəxsi heyətin qarşısında soyundurdular və o vəziyyətdə ayın 3-də ordudan tərxis etdilər”.

“Belə çıxır ki, mən MTN-də döyüldüyüm vaxt hərbçi deyilmişəm...”

Sentyabrın 3-də mənə sənəd verildi ki, get hərbi komissarlıqda qeydiyyata düş, özünə pasport al. Amma mən pasportu alandan 2 ay sonra hərbi biletimi götürəndə gördüm ki, ayın 1-də ordu sıralarından tərxis olunduğum qeyd olunur. Yəni belə çıxır ki, mən MTN-də “podval”da döyüldüyüm vaxt hərbçi deyilmişəm. Əgər hərbçi deyildimsə, niyə məni ordan çıxarıb hərbi polisə aparırdılar. Və yaxud necə ola bilər ki, hərbçi olmadığım halda şəhərdə hərbi formada gəzəm?! Axı mülki şəxsin hərbi formada gəzməsi qadağandır. Və yaxud da şəhərdə gəzirdimsə, məni niyə hərbi hissəyə aparırdılar və ayın 3-də əmr verirdilər ki, get hərbi komissarlıqda qeydiyyata düş?!

“Mənim barəmdə pis rəy formalaşdırıblar”

Nizami Ağasiyev hesab edir ki, onun barəsində Kərəm Mustafayevə yanlış məlumat verildiyindən, günahsız olduğu təsdiqlənsə belə, öz işinə bərpa olunmur: “Belə başa düşürəm ki, cənab komandanımız Kərəm Mustafayevin məni qəbul etməməsi keçmiş milli təhlükəsizlik naziri Vəlı Ələsgərovun atdığı böhtanlarla bağlıdır. Mənim barəmdə pis rəy formalaşdırıblar. Ona görə də məni qəbul etməyib. Ona kimi cənab komandanın mənə xüsusi hörməti, eləcə də mənim ona böyük hörmətim olub. Mən 16 il orduda xidmət etmişəm. Bu müddətdə 1 dəfə də səhvim olmayıb. Töhmət, xəbərdarlıq almamışam. Həmişə qramota, orden, pul mükafatları almışam. Eləcə də yaxşı xidmət etdiyimizə görə, bayramlarda məişət əşyaları və s. verirdilər”.

“Hələ də orduda Vəli Ələsgərovun adamları var”

N.Ağasiyevə görə, hələ də orduda Vəli Ələsgərovun adamları var: “Yəqin hazırda da cənab komandanın sağında-solunda Vəli Ələsgərova yaxın adamlar var ki, məni qəbul etmir. Görünür, Vəli Ələsgərovun adamları orduda da nüfuz sahibi olublar”.
Onun sözlərinə görə, bir qadının şikayəti əsasında həbs edildiyini məhkəmədə Vəli Ələsgərov da təsdiq edib: “Məkəmədə dedi ki, mənə qadın məlumat vermişdi ki, məni və oğlumu belə bir adam narahat edir. Orda mən sual verdim ki, qadın kimdir, gətirilsin bura, görüm, mən kimi narahat etmişəm. Vəli Ələsgərov gah dedi ki, bilmirəm, gah dedi yadımdan çıxıb, gah dedi burda yoxdur, gedib. Axırı məhkəmənin sədri Vəli Ələsəgərova dedi ki, ayıb olsun, əyləş.
Sonradan mən araşdırdım, amma kim olduğunu demədilər ki, məxfidir. Gah da dedilər ki, deyə bilmərik, sonra gedib problem yaradarsan. Bir başqası isə dedi ki, o qadın da, o uşaq da burda yoxdur, ölkəni tərk ediblər”. 

“MTN-də telefonuma format vermişdilər”

N.Ağasiyev deyir ki, həbsdən əvvəl qadının ona zəng vurduğu telefon nömrələri yadında deyil: “Həmin adının nömrələri yadımda deyil. Mənim telefonumu MTN-də aldılar, format vermişdilər. Nə nömrələr, nə şəkillər, nə də mesajlar qalmışdı. Ondan sonra mən başqa bir yerdə çalışdım ki, format olunan faylları qaytaram. Tanıdığım kompüter mütəxəssisi mənə dedi ki, bunu elə format ediblər ki, heç bir şeyi bərpa etmək mümkün deyil. 
Onu da deyim ki, telefonumu da 4 ay sonra hərbi prokurorluğun əli ilə almışam. Saxladılar ki, araşdırma gedir, mən də getdim müraciət etdim prokurorluğa ki, bu 4 ay müddətində telefonun içində nə araşdıra bilərlər?! 
MTN-dən gəlib, hərbi polisdə olanda da məni apardılar “Nar Mobile”ə, orda son 3 il ərzidə yazdığım mesajların, zənglərin hamısını çıxardılar. Heç bir şey əldə edə bilmədilər ki, mən kiməsə zəng vurmuşam və yaxud da mesaj yazmışam. Mənim həmin qadına yazdığım cəmi 3 mesajım çıxmışdı ki, onların da hər birində yazırdım ki, məni narahat etmə, hətta təhqir də etmişdim”. 

“MTN-in “podval”ında döyülə-döyülə Vəli Ələsgərov mənim evimə 2 nümayəndə göndərib...”

N.Ağasiyev deyir ki, məhkəmə günahsız olduğunu sübut edəndən sonra öz işinə bərpa olunmağa çalışıb: “Mən zərərçəkmiş şəxs qismində tanındığm günün səhəri hərbi məhkəməyə gedib, məhkəmənin sədri ilə görüşdüm. O da etiraf etdi ki, həqiqətən Vəli Ələsgərovun atdığı böhtana görə mənim ailəm dağılıb, işdən uzaqlaşdırılmışam. Hansı ki, mən sentyabrın 2-də MTN-in “podval”ında döyülə-döyülə Vəli Ələsgərov mənim evimə 2 nümayəndə göndərib. Onlar deyiblər ki, mən guya oğlan uşağına təcavüz etdiyim vəziyyətdə tutulmuşam. 
O sözə görə də mənim ailəm dağıldı və xidmətdən uzaqlaşdırıldım. 
Məhkəmənin sədri mənə dedi ki, hərbiyə müraciət elə, mənə sorğu göndərsinlər, o sorğu əsasında məhkəmənin qərarını poçt vasitəsilə göndərim. Məhkəmə qapalı keçirildiyi üçün mənə arayış vermədilər. 
Mən hərbiyə müraciət etdim, rəsmi məktub da göndərdim. Amma mənə heç bir cavab gəlmədi”.

“Kərəm Mustafayev bilsəydi ki, həqiqətən mən günahsız olmuşam...”

N.Ağasiyev deyir ki, onun işə bərpa edilməməsi də K.Mustafayevin onun barəsində həqiqətlərdən xəbərsiz olması ilə bağlıdır: “Yəqin ki, mənim haqqımda çox yanlış məlumatlar veriblər. Əksə halda, o, məni özü qəbul edərdi. Çünki xidmətimə, keçdiyim döyüş yollarına görə, mənə həddindən artıq hörməti olub. Kərəm Mustafayev bilsəydi ki, həqiqətən mən günahsız olmuşam, məni Vəli Ələsgərov şərləyib, o zaman cənab komandanımız məni şəxsən qəbul edərdi. Görünür, Vəli Ələsgərovun yetrimələrindən onun ətrafında hələ də qalır ki, cənab komandanımıza düzgün məlumat vermirlər”.

“Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?!”

Keçmiş hərbçi onu da dedi ki, V.Ələsgərov məhkəmədə onunla üzləşmə zamanı ağlayıb: “Mən məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədirnə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, Əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad? Allahı tanıyırdınsa, niyə məni terror təşkilatı ilə əlaqədə ittiham edirdin?! Hansı ki, əgər mən işgəncələrə dözməyib bunu yazsaydım, həm özüm, həm də tayfam biabır olardı. O, heç nə demirdi, sadəcə başını aşağı salıb susurdu. 
Məhkəmə zamanı ona elə sözlər deyilirdi ki, onun kişiliyi, şərəfi olsa, o başı bədəndə saxlamaz. Belə ki, yenə də xidmət etmək istədiyini deyirdi, tutulmamaq istəyirdi və s.”.

(Ardı var)
Ayxan İLDIRIMTÜRK

- Keçmiş hərbçinin pasportu nə üçün əlindən alınıb?
- Nizami Ağasiyevi Bakıya gəlməyə məcbur edən səbəb nədir?
Bu və digər suallara “Hürriyyət”in növbəti sayında cavab tapa biləcəksiniz.