Keçmiş müstəntiqin işgəncə iddiası araşdırılır

Xəzər rayon Prokurorluğu keçmiş müstəntiq Rüfət Səfərova 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə verilib-verilmədiyini araşdırır.
 
Prokurorluğun əməkdaşı bu gün həmin müəssisədə cəza çəkən R.Səfərovla görüşüb. Bu barədə keçmiş müstəntiqin vəkili Bəhruz Bayramov bildirib.
Müdafiə tərəfi iddia edir ki, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb. "Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə ona zor tətbiq edilməsi - qolunun bağlanması, işgəncə verilməsi barədə məlumat verib".
B.Bayramov deyir ki, bununla bağlı araşdırıma aparılması üçün prokurorluğa müraciət edib və müraciət əsasında R.Səfərovun işgəncəyə və qeyri-insani davranışa məruz qalması araşdırılmağa başlanıb və prokurorluq əməkdaşı R.Səfərovdan izahat alıb.
Xatırladaq ki, R.Səfərov 2015-ci ilin dekabrında bəyanat verərək, hüquq-mühafizə orqanlarından çıxıb. O, hüquq mühafizə orqanlarının fəaliyyətini kəskin tənqid edib. Daha sonra ona qarşı təkrar rüşvət almaq ittihamı irəli sürülüb.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib. R.Səfərov sentyabrda cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınmışdı. Ona 9 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi ilk vaxtlarda da "kars" cəzası verilmişdi.