Keçmiş MTN əməkdaşları haqda ŞOK AÇIQLAMA

İlqar Yusifov: “MTN əməkdaşları mənim ailəmin harda gizlədildiyini bilirlər”
 
“Mən Mədət Quliyevin qəbuluna düşmək istədim, amma Pərvizlə Elçin imkan vermədi”
 
“Tanış haker mənə məsləhət verdi ki, get ərizə yaz, mən gəlib təsdiq edərəm ki, sənin ailən ölkədədir, amma...”
 
Yusifov İlqar Yusif oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Hərbi xidmətini başa vurduqdan sonra, 2003-cü ildə Əhmədova Pərvanə Hüseyn qızı ilə ailə həyatı qurub. Onların rəsmi nikahından 2005-ci və 2011-ci ildə iki qız övladı dünyaya gəlib. Son illərə qədər ailəsi ilə xoşbəxt həyat yaşayan İlqar Yusifov, artıq həyat yoldaşı və iki qızının üzünü görməyə möhtacdır. Çünki, dediyinə görə, həyat yoldaşı kənar təsirlər nəticəsində ovladlarını da götürüb Suriyaya gedib. Bütün bunlar haqda “Hürriyyət”ə danışan İ.Yusifov şok açıqlamalarla çıxış edib.
 
(Əvvəli ötən saylarımızda)
 
İlqar Yusifov deyir ki, mətbuata müraciətlərindən sonra Baş Prokurorluqdan dəvət edərək, ondan izahat alıblar: “Amma mənim əlimdə bu qədər sənəd-sübut ola-ola, müstəntiq Emil Qəhrəmanov bircəciyini də istəmdi. Mən ona dəfələrlə dedim ki, əlimdə bu qədər faktlar var, sözlərimə heç bir əhəmiyyət vermədi. Sadəcə, mənim tələbimdən sonra keçmiş qaynatamı çağırıb ondan izahat alıblar. O da izahatda bildirib ki, bəli, mənim qızım İraqdadır.
Mən təkrar müstəntiqlə görüşdükdə dedi ki, biz atasından izahat aldıq, sənin dediklərini dolayısı ilə təsdiqlədi. Dedim bununla işinizi bitmiş hesab etdiniz...?
Dəfələrlə israr etsəm də, adlarını çəkdiyim şəxslərin heç biri ora çağırılmadı. Mən həmin ərəfədə müstəntiqə onu da dedim ki, yoldaşım dəfələrlə nömrə dəyişir, gah ABŞ, gah Malta, gah Rusiya, gah Türkiyə, gah da İsrail mobil operator nömrələrindən zəng vurur, araşdırın, onun harda olduğunu müəyyən edin. Doğrudur, özümə söz vermişdim ki, bu nömrələr haqda heç kimə deməyim. Çünki nə vaxt bu haqda kiməsə danışanda, yoldaşım dərhal həmin nömrəni dəyişirdi. Elə müstəntiqə məlumat verdiyim günün səhərisi də yoldaşım nömrəni dəyişdi. Bütün bunlar təsadüf ola bilməzdi. Çünki dəfələrlə özüm üçün aydınlaşdırmışdım ki, mən istər MTN-ə, istər də Baş prokurorluğa bu haqda məlumat verəndə, dərhal həmin nömrələr bağlanırdı. Bu səbəbdən müstəntiqin yanına üz tutdum ki, bu necə olur...?! Dedi ki, məndən şübhələnirsən? Dedim, bəs kim dedi, bu necə oldu? Nə isə. Sonra yenə başqa nömrəni də müstəntiqə dedim, dərhal həmin nömrəni də dəyişdilər...”.
İ.Yusifovun sözlərinə görə, Suriyada olduğu deyilən qızı onunla sonuncu dəfə 2015-ci ilin avqust ayının 19-da əlaqə saxlayib: “Ondan sonra əlaqə saxlamadı. Amma yoldaşım ansına və adları mənə məlum olan digər şəxslərə demək olar ki, hər gün yazır. Hər dəfə də mən üz tuturam bu şəxslərin yanına ki, onun yerini müəyyənləşdirin. Mənə deyirlər ki, bunlar rominq nömrələrdir, heç yerdə qeydiyyatları yoxdur. Dedim, axı, bu adama Watsap-la yazırsa, bunu təyin etmək bu qədər çətindir?!”.
İlqar Yusifov bildirdi ki, bu il yanvarın 7-də keçmiş MTN-nin əməkdaşı Pərviz onun yeni yardılan DTX-ya çağırıb: “O, telefonda adını demədi, amma mən onu səsindən tanıdım. Mənim səhər saat 10-da DTX-ya gəlməyimi xahiş etdi. Özümü sığortalamaq üçün bu danışığı qeydə almışam. Soruşdum ki, orda məni kim qarşılayacaq. Dedi gəl, qarşılayacaqlar. Və getdikdə məni yenə Pərviz və Elçin qarşıladı. Biz orda oturduq və söhbət başladı. Dedilər ki, sən bizə böyük təhlükə yaratmısan, bizi işdən çıxarılma təhlükəsi ilə üz-üzə qoymusan, sənə sonuncu dəfə xəbərdarlıq edirik, başından böyük danışma... Dedim nə üçün fikirləşirsiniz ki, başımdan böyük danışıram, bəs siz mənə vaxtilə vəd verirdiniz ki, uşaqlarını qaytaracağıq, nə oldu?!
Həmin vaxt hiss etdim ki, səsimi yazırlar. Məni isə qeyri-qanuni olaraq onların səsini yazıdığım üçün cinayət məsuliyyətinə cəlb olunmaqla hədələyirdilər. Dedim yox, əgər bu mənim həyatımla, təhlükəsizliyimlə bağlıdırsa, mən sizin səsinizi yaza bilərəm. Onu da əlavə etdim ki, əgər mən sizin səsinizi qanunsuz yazmışamsa, bəs siz niyə mənim səsimi indi yazırsınız?! Masanın üzərindəki telefonu çevirib özlərinə göstərdim...
Həmin söhbətdə 3-cü bir şəxs də oldu. Onun da adı Elçin idi. Bu zaman məlum oldu ki, əvvəl tanıdığım Elçin guya öz nömrəsidir, əslində isə həmin Elçinin nömrəsini verib mənə. Mən də hər dəfə bu adamı zəng edib narahat edirəm, ondan öz uşaqlarımın tapılmasını, mənə kömək etməsini xahiş edirəm. Sonra orda söhbət açıldı və mən dedim ki, sənin nömrəni bu adam verib mənə. Üstəlik, mən Pərvizin və Elçinin mənə ayrı-ayrılıqda verdiyi tapşırıqları da açdım və həmin Elçin mat-məətəl qaldı. Bundan sonra o, mənə haqq qazandırmağa başladı.
Onlara dedim ki, əgər siz mənə bu qədər yalan vədlər vermisinizsə, mən artıq heç nədən qorxmayıb, nəinki adınız, hətta əməllərinizlə bağlı mətbuata açıqlamalar verəcəm. Mən hətta Mədət Quliyevin qəbuluna da düşmək istəmişəm. Amma həmin Pərvizlə Elçin imkan verməyib. Yəni mən “komendatura”ya yaxınlaşıb, özümü təqdir edirəm və hansı səbəbdən gəldiyimi bildirdikdə, deyirlər 10 dəqiqə gözlə, rəhbərlik qəbul edəcək. Amma hər dəfə rəhbərliyin əvəzinə məni həmin Pərvizlə Elçin qarşılayıb, həyacanlı şəkildə bildiriblər ki, bizi işdən çıxara bilərlər. Mən də demişəm ki, mənim ailəmi, uşaqlarımı tapın, siz mənim yoldaşımı, uşağlarımı öz maraqlarınıza qurban vermisiniz, indi də mənimlə hesab çürütmək istəyirsiniz, mümkün deyil”!

İ.Yusifov daha sonra “Hürriyyət” vasitəsilə prezident İlham Əliyevə müracit edib: “Mən hörmətli prezidentə müraciət edirəm. Əgər mənim səsimə səs verilməsə, məcbur olub bu məsələni ölkədən kənara çıxaracam. Azərbaycanda ola-ola xarici ölkə səfirliklərinə müraciət etməli olacam.
Çünki mənə dəqiq deyilmir ki, ailəm hardadır. Mən özüm araşdırma aparıram və görürəm ki, mənim uşaqlarımın Suriyada olması amili tam olaraq təsdiqini tapmır. Çünki mənim qızım fevralın 13-də saat 6-da mənə yazdı ki, ata gəl bura, əgər sən gəlsən, anam səninlə barışacaq. 40 dəqiqə bizim yazışmamız getdi. Bilirsiniz ki, Suriya hazırda poliqondur, insanlar öz evlərindən didərgin düşüb. Qızım isə dedi ki, evdə internet yoxdur, internet olan yerə gərək taksi ilə gedək, ona görə sənə yaza bilmirəm.
Bu gün Suriyda uşaqlar taksi ilə harasa gedə bilər?!
Mən “102” xidmətinə də müraciət etdim ki, xahiş edirəm, mənim nömrəmi nəzarətə alın, uşaqlarım yazdıqda onların yerini müəyyənləşdirin. Buna baxmayaraq, qızım yazır-yazır, mən yazışmaları göstərirəm onlara və həmin insanlar da deyirlər ki, bunu uşaq yazmır... Nə fərqi var, kim yazır? Səs yazısı ki, uşaqlara aiddir və onların mənimlə danışmasını da təmin edirlər.
Mən onların olduqları evə də diqqətlə fikir vermişəm. Ən çox da divarlara, hansı ki, onlar Azərbaycanda olduqda da ona oxşar evdən yazırdılar. Mən belə düşünürəm ki, bunlar – MTN əməkdaşları mənim ailəmin harda və kimlər tərəfindən gizlədildiyini bilirlər. Mənim məqsədim odur ki, ailəm tapılsın və bütün bu məsələlərin başında duran insanlar cinayət məsuliyyətinə cəlb olunsun.
Mənə Şəhla da bir gün zəng etdi ki, sənin ailəndən xəbər var. Dedi gəl “Qara Qarayev”ə, “Sevinc” kinoteatrının yanına. Mən getdim. Dedi ki, sənin ailən Türkiyə-Suriya sərhədindədir, bu yana keçmək istəyir, get ora. Ondan qabaq da Dövlət Sərhəd Xidmətindən də mənə bildirmişdilər ki, sənin ailən ordadır, biz təxmin etmişik...”.
Ilqar Yusifov deyir ki, həyat yoldaşının yerinin müəyyən edilməsi ilə bağlı rəsmi qurumlara etdiyi müraciətlər faydasız olduğundan, bu məsələ ilə özü məşğul olmaq qərarına gəlib: “Bir tanışım mənə Kamran adlı bir hakerin telefon nömrəsini verdi. Özü də zəng vurub xahiş etdi ki, mənə gələn zənglərdən ailəmin harda olduğunu müəyyənləşdirsin. Mən Əhmədlidə həmin Kamranla görüşdüm. O, mənim kompüterimi istədi. Kompüterimi apardım və uzun cəhdlərdən sonra həmin zənglərin hansı ölkədən daxil olduğunu müəyyənləşdirmək mümkün olmadı.Telefonumun parametrləri də zəif olduğundan həmin proqramı yükləmək olmurdu ki, onlar mənimlə yazışanda, həmin zəınglərin hardan gəldiyini bilmək olsun.
Bir neçə gün sonra Kamran əlaqə saxladı ki, mən baxmışam, sənin ailən burdadır. Hətta o, 3 nömrədən gələn siqnalların yerini müəyyənləşdirdi və fotoşəkil kimi öz telefonundan mənim telefonuma göndərdi. Sonra məlum oldu ki, +1604... ilə başlayan nömrənin siqnal gələn yeri Bayıl qəsəbəsi - “Abu Arena”, +1 443...-dən siqnal gələn yer - Hacıqabul, +90-la başlayan nömrədən gələn zəngin yeri Saray qəsəbəsi - Ferma ilə üzbəüz yerləşən marketin yanı... Hətta o mənə dedi ki, ora təkcə getmə, çünki əgər o evdə silah görüntüsü varsa, atışma ola bilər.
Nəhayət mən həmin yerə baxış keçirdim və bu evin yerini müəyyənləşdirdim. Darvazadan baxdım ki, içəridə başıbağlı qadın paltar sərir. Mən dərhal ordan uzaqlaşmaq istədikdə qabağıma furqonlu bir “çeşka” verildi. Üzlərində çox da uzun tük olmayan iki cavan oğlan həmin evə baxmağımın səbəbini soruşduqda, mən həmin an özümü sərxoşluğa vurdum. Yəni guya “piyan”am, qonaq gəlmişəm, qapıları səhv salmışam. Dərhal da ordan uzaqlaşdım və kənardan izləməyə başladım. Həmin maşın evə tərəf arxa-arxaya verildi, baqajını açıb içəriyə “setka”lar daşıdılar. Sonra maşın çıxıb getdi. Açığı, həmin maşının nömrəsini götürmək imkanım olmadı. Çünki elə yerdə dayanmışdım ki, şübhə çəkmək istəmirdim.
Bundan sonra mən dərhal Abşeron rayonunda sahə müvəkkili baş leytenant Mahir müəllimə zəng vurub, çağırdım. Ona belə də dedim ki, gəl, yaxşı xəbərlər var, sənin ulduzun artacaq, uşaqları tapmışam. Mahir müəllim və yanında da bir serjant “015” markalı maşınla ora gəldilər. Gələn kimi soruşdular ki, mən buranı necə aşkarladım. Hər şeyi danışandan sonra Mahir müəllim maşından düşüb biraz aralıda 3-4 dəqiqə kiminləsə telefonda söhbət etdi. Daha sonra mindi maşına və mənim təcili şöbəyə çağırıldığımı bildirdi. Dedi ki, rəis deyir, gəlsin bura. Getdik Xırdalana, amma nə rəis qarşıladı, nə də başqa bir şəxs. Həmin Mahir müəllimin qabağına da polkovnik leytenant Zülfüqar müəllim çıxdı və ona çox hirsli tərzdə nə isə dedi. Sonra Mahir müəllim mən yaxınlaşıb dedi ki, sən get evə, ora əməliyyatçılar göndəriləcək, baxış keçirıləcək. Dedi ki, guya mənə də məlumat verilcək. Amma bununla bağlı heç bir iş görülmədi.
Mən sonradan həmin hakerlə əlaqə saxladım. O dedi ki, artıq həmin ünvandan siqnal gəlmir, bu dəfə siqnal Güzdəkdən gəlir. Onu da dedi ki, kim nə deyir-desin, sənin ailən burdadır.
Sonra mənə məsləhət verdi ki, get ərizə yaz, mən gəlib təsdiq edərəm, lap prokurorluğa da gələrəm. Ancaq mənim dəfələrlə etdiyim müraciətlərimə baxmayaraq, onu çağırıb izahat belə almadılar. Mən konkret olaraq polkovnik Zülfüqar müəllimlə görüşdüm ki, xahiş edirəm, həmin hakeri çağırıb izahat alın. Dedi ki, o yalan deyir. Mən dedim ki, bütün hallarda çağırın, o adam gəlsin ifadə versin. Lakin Zülfüqar müəllim hər dəfə bu işi “burdu”. Mənə də çatmır ki, onun burda nə məqsədi vardı?! Axı haker yalan desə belə, onun ifadəsini almaq belə çətin idi ki...?!    
 
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.az
 
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edəcək.