Keçmiş konsul yeni hərəkat yaratdı – OYAN

Martın 6-da Niderland Krallığının Amsterdam şəhərində OYAN Siyasi Hərəkatın əsası qoyulub. Bu barədə Azərbaycanın Niderlanddakı keçmiş konsulu Nahid Cəfərov feysbuk səhifəsində məlumat paylaşıb.

Keçmiş konsul yazır ki, Hərəkatın əsas məqsədi cəmiyyəti qısa zaman ərzində təşkilatlandıraraq aktiv siyasi proseslərə cəlb etmək və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır.

Hərəkat yalnız İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyətinə Ataxan Əbilov, Nahid Cəfərov, Rəsul Mürsəlov və Aydın Ramazanov daxildir. İdarə Heyətinin fəaliyyətinə Hərəkatın Beyin Mərkəzinə üzv olan və dünyanın müxtəlif yerlərində təhsil almış gənclər dəstək verir. Beyin Mərkəzinin əsas funksiyası Hərəkatın fəaliyyət istiqamətlərini və mübarizə metodlarını müəyyən etmək və bununla bağlı müxtəlif konsepsiyalar hazırlayaraq İdarə Heyətinə təqdim etməkdən ibarətdir.

Hərəkat öz əsas fəaliyyətini cəmiyyəti dəyişiklikliyin vacibliyinə inandırmaq üzərində qurur və bununla bağlı müxtəlif sahələrə dair (təhsil, səhiyyə, vergi, iqtisadi inkişaf, kənd təsərrüfatınəqliyyat və s) proqramlar hazırlayaraq cəmiyyətə təqdim etməyi nəzərdə tutur. “Gəlin ölkəmizi birlikdə quraq” şuarı ilə fəaliyyətə başlayan OYAN, bütün ölkə əhalisini bu prosesə cəlb etməyi qarşısına məqsəq qoyub.

Hərəkat rejimə qarşı mübarizədə aktiv olan bütün siyasi partiya və hərəkatlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir.