Keçmiş Komitə sədrinin qardaşı məhkəmə qarşısında - ZƏRƏRÇƏKMİŞLƏR PROSESƏ MƏCBURİ GƏTİRİLƏCƏK

Baxış sayı:
5131

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan iş adamı Sahib İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə zərərçəkmiş İsmayıl Cəfərov ifadə verib. Zərərçəkmiş ifadəsində Sahib İbrahimovu tanımadığını bildirib. 2011-ci ildə "Sahil-D" şirkətindən mənzil aldığını deyən zərərçəkən Məzahir Cəfərovla görüşərək ona 50 min manat ödəyib. Sonradan məlum olub ki, həmin mənzil ondan başqa daha iki nəfər şəxsə satılıb. Zərərçəkmiş hazırda həmin mənzildə yaşadığını bildirib.
Daha sonra prosesdə digər zərərçəkmiş Eldəniz Cəfərov ifadə verib. O, ifadəsində "Sahil-D" şirkətindən aldığı evi sonradan yaxın dostunun qohumuna satdığını göstərib: "Mənzilin kvadratını 1200 manatdan almışdım. Həmin evi sonradan tanış adama satdım. 2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. İnanmadım, araşdırdım, gedib Məzahirlə görüşdüm. Məzahir dedi ki, problem yaranıb, həll ediləcək. Sonra problem həll olundu".
Zərərçəkmiş S. İbrahimovu tanımadığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim digər zərərçəkmişlərin məhkəməyə gəlmədiyini, onların barəsində məcburi gətirilmə qərarı çıxarılacağını bildirib.
Məhkəmə prosesi dekabrın 26-da davam edəcək.
Qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.
S.İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb./Virtualaz