Keçmiş deputatların yenidən “seçilməyə” mənəvi haqları yoxdur

Baxış sayı:
4032

Əlillərin öz vəsaiti ilə infrastrukturla təmin edilməsinə səs verənlər əlillərin səsinə hansı haqla yiyələnəcəklər?

Artıq növbədənkənar seçki marafonunun iki addımlığındayıq. Sabahın “susqunluq günü”nün ardınca səsvermə başlayır. Ölkə üzrə bütün dairələrdə, bir-ikisini çıxmaqla, özünü buraxan özündən razı deputatlar yenidən Milli Məclisdə təmsil olunmaq iddiasındadırlar. Vaxt darlığı, debatların gərəkən səviyyədə   təşkil edilməməsi, ödənişsiz efir hüququna qadağa virtual debatları zəruri edir. Təsəvvür edin,   ödənişli efirin bir saniyəsi , yəni namizədin ağzını açması bir aylıq sosial müavinət həddində - 65 manat, namizədin 2 saniyəlik ağzını açıb -yumması isə 3-cü dərəcəli Qarabağ əlilinin 130 manatlıq pensiyası miqdarındadır.
Əlillərin hüquq müdafiəçisi olaraq və təbliğatın son günü olduğundan çox danışmağa ehtiyac duymuruq. Ölkə əhalisinin ortalıq 6 faizindən çoxunu 620 minlik əlillər ordusunun təşkil etdiyini bayraq edib bircə sualımıza keçmiş deputatların cavab verməsini istəyirik. 31 may 2018 tarixli 1153 saylı qanunun 15.3 maddəsinə özünüz səs vermisiniz, yoxsa düyməni yerinizə basıblar? Yadınızda olmaz, həmin maddəni bir daha əlillərə olan “diqqət”inizə çatdırırıq :
“İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ ƏLİLLİYİ  OLAN ŞƏXSLƏR İSTİSNA OLMAQLA, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN YAŞADIQLARI FƏRDİ EVLƏRİN ONLAR ÜÇÜN UYĞUNLAŞDIRILMASI ONLARIN VƏSAİTİ HESABINA TƏMİN EDİLİR. “
Yadınıza və “diqqət”inizə onu da salaq ki, bu 620 minlik əlillər ordusunun, olsa-olsa, 10 faizi istehsalat və peşə xəstəsidir. Qalanları əsəbdən, anadangəlmə, yol qəzalarında ... əlil olanlardır. Yəqin aldıqları cüzi pensiyanın məbləği sizə gizlin deyil. Bu şəxslər kilsələrin SOCARın vəsaiti hesabına təmin olunduğu qazı ,suyu,  işığı , interneti hansı vəsaitləri ilə  özlərinə uyğunlaşdırsınlar, yol çəksinlər? Bu “təminat”a səs verənlər indi hansı haqla əlillərdən, onların ailə üzvlərindən , torpağının 20 faizi işğalda olan millətdən SƏS istəyirlər?
Sizdən soruşuruq, ay parlamentin (özəlliklə!) sosial siyasət, səhiyyə komitəsinin ( HƏKİM !) üzvləri!
Sualımıza cavab verin,  Sədaqət xanım Vəliyeva ... (üç nöqtənin yerinə hərə öz rəqibinin adını yaza bilər, biz “öz dairəmizin deputatı ilə virtual debatdayıq ) , belə “diqqət və qayğı”ya görəmi yenidən deputat kürsüsünü işğal  etmək fikrindəsiniz?
Nizami 25 saylı II seçki dairəsinin “başbilənləri”nə səslənirik, bilməzsiniz köhnə saxtakarlığa əl atarsınız, onda əlillərin yürüşü qaçılmaz olacaq.

Məğrur BƏDƏLSOY,
QARABAĞ QAZİLƏRİ NİZAMİ SEÇİCİLƏRİNİ DÖYÜŞÇÜ NAMİZƏD  VÜQAR TOFİQ OĞLU MƏMMƏDOVA SƏS VERMƏYƏ SƏSLƏYİR!