Keçmiş bank müdiri məhkəmə önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmdə təqsirləndirilən  VTB Bankın keçmiş filial müdiri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə baxış iclası davam etdirilib. 
Şahid Qoca Abbasov deyib ki, iş adamı Fuad Musayev üçün öz bağ torpağını girov qoyaraq kredit götürüb: “Həmin pul biznesə sərf olundu. Altı ay sonra bankdan zəng edib kreditin ödənilmədiyini dedilər. Fuada dedim, o krediti ödədi, mən də banka gedib kreditin ödənilməsi ilə bağlı arayış aldım. Sonra filial müdiri dəyişdi, yenə zəng edib kreditin ödənilmədiyini dedilər. Mən də prokurorluğa şikayət etdim. Krediti götürəndə İlham Qasımovun qəbulunda olmuşdum. Sonda mənim adıma olan kreditlər ödəndi”. 
Təqsirləndirilən İ.Qasımov deyib ki, filial müdiri kimi kredit verən şəxs olmayıb, sadəcə hazır sənədlərə qol çəkib: “Fuad Musayev və Rəfail Əliyev valyuta mübadiləsi biznesi ilə məşğul olurdular. Sonradan bu bizneslərini daha genişləndirməyə başladılar. İşlərini Bakıda inkişaf etdirmək üçün bankdan ayrı-ayrı adamların adına pul götürüblər”. 
Dövlət ittihamçısı vəsatət verərək F.Musayev və R.Əliyevin şahid qismində dindirilməsini istəyib. 
Hakim bildirib ki, hər iki şəxs hazırda 10 saylı cəza çəkmə müəsisəssində cəza çəkirlər. 
Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək. 
Qeyd edək ki, İ.Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb, “İnterpol” vasitəsilə axtarışa verilib və saxlanılaraq Azərbaycana gətirilib.