“Kazinoda həmişə uduzurdum, amma qızlara yaxşı çay pulu verirdim...” - “RƏŞAD GƏNCİNSKİ” PROKURORA BELƏ DEDİ

Baxış sayı:
2313

Minskdə azərbaycanlı kriminal avtoritet, “Rəşad Gəncinski” ləqəbli Rəşad İsmayılovun işi üzrə məhkəmə prosesi gedir. Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Rəşad İsmayılov Rusiya vətəndaşıdır, Moskvada yaşayıb və Ukraynadakı azərbaycanlı diasporu üzrə “nəzarətçi” statusu olub. O, bir Azərbaycan və bir Belarus vətəndaşı ilə birlikdə Belarus ərazisinə qanunsuz olaraq silah-sursat keçirməkdə, narkotik dövriyyəsində ittiham olunur.

Cinayət işinin materiallarına əsasən Rəşad İsmayılov Azərbaycan vətəndaşı Vaydar Məmmədov və Belarus vətəndaşı Valeri Qritsukla birlikdə 2018-ci ilin noyabr ayında Lexus LX570 markalı avtomobildə Rusiyadan Belarus ərazisinə keçiblər. Saxlanılarkən onların üzərindən iki tapança və patronlar tapılıb. Habelə İsmayılov narkotik maddənin təsiri altında olub və onun üzərindən həşiş aşkar edilib. Əməliyyat daxili qoşunların SOBR xüsusi təyinatlı dəstəsinin iştirakı ilə Belarus DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

İsmayılovun və digər təqsirləndirilənlərin işi üzrə bu günkü məhkəmə iclasına Belarusdakı azərbaycanlı diasporunun nümayəndələri də qatılıblar. Onlar İsmayılovun “günahsız olduğunu” deyiblər. Bildiriblər ki, İsmayılov Minskə “böyrəyini müalicə etdirmək üçün” gəlmişdi.

 Rəşad İsmayılov isə məhkəmədə prokurorun suallarına cavab olaraq Minskə “dincəlmək, kazinoda oynamaq üçün gəldiyini” deyib.

“Kazinoya gedəndə heç vaxt 20 min götürmürəm, 10 min götürürəm, bilirəm ki, uduzacam”,-o prokurora bildirib. İsmayılov əlavə edib ki, Minsk kazinolarında qızları yaxşı “çay pulu” verirdi.

Habelə o, Minskdə spa-salonlara getdiyini, iki dəfə katerdə gəzdiyini də deyib. İsmayılovun bildirdiyinə görə, Minskə getməzdən əvvəl bir neçə gün Həştərxanda dincəliblər, Volqa çayında balıq tutublar.

İttiham olunan kriminal avtoritet etiraf edib ki, davamlı olaraq spirtli içki içməyi xoşlayır. “Bir ay öz biznesimə elə nəzarət edirəm ki, sonra bir ay dayanmadan içmək lazım gəlir”,-Rəşad İsmayılovun bu sözləri zalda gülüşə səbəb olub.

 O habelə Rusiya ərazisində, Moskvada mühafizəçilərlə dolaşdığını bildirib. “Mənim şəxsi mühafizə şirkətindən olan 6 mühafizəçim var. Və mühafizəçi qismində məni əsasən dördü müşaiyət edir-ikisi qısalüləli avtomatla, ikisi tapança ilə”,-o deyib.

İsmayılov şikayətlənib ki, istintaq təcridxanasında ona geyimini tez-tez dəyişməyə imkan vermirlər. Belə ki, kriminal avtoritet paltarını gündə üç dəfə dəyişməyə vərdiş etdiyini deyib. “İndi isə bunu etməyə icazə vermirlər”,-o şikayətlənib.

İş üzrə 30-dan çox şahidin adı keçir, onların arasında İsmayılov və digərlərinin saxlanıldığı şəhərkənarı klubun işçiləri, kazino əməkdaşları, Minsk Milli aeroportunun işçiləri və əməliyyatçılar var.

İş üzrə adı keçən Vaydar Məmmədov isə Moskvada yaşayıb, qeyri-rəsmi sürücü işləyib. Rus dilində pis bilir və nəticədə məhkəməyə onun üçün tərcüməçi gətirilib.

Belarus mənbələrinin məlumatına görə əslində İsmayılov Minskə  Saşa Kuşner adlı “vor zakon”la münasibətləri aydınlaşdırmaq üçün gəlmişdi. Belə ki, Kuşner İsmayılovu “vor zakon” saymadığını onun üzünə deyibmiş.