Kartofla kələmi bahalaşdıran səbəblər

Baxış sayı:
7525

KTN rəsmisi: “Kartofun bahalaşması mövsümi amillərlə bağlıdır”; Müstəqil mütəxəssis: “İranda qadağa yenicə qüvvəyə minir, amma bizdə...”
Mart ayının son günləri Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artımla müşayiət olundu. Xüsusilə soğanın qiymətinin 1,5 manata yüksəlməsi əhali arasında böyük narazılıqla qarşılandı. Bu məhsulun qiyməti aprelin ilk həftəsində 1 manata qədər ucuzlaşdığı halda, bu dəfə kələm və kartof bahalaşmağa başladı. Belə ki, hazırda müxtəlif satış məntəqələrində kələmin 1 kiloqramının qiyməti 1,5-2 manat arasında dəyişir. Kartof isə 0,9-1 manatdan 1,2-1,5 manata qədər bahalaşıb.

Qeyd edək ki, hökumət qurumları soğanın qiymətindəki bahalaşmanın bu məhsulun xaricə ixracının artması ilə bağlı olduğunu açıqladılar. Bəs kələm və kartofu bahalaşdıran hansı amillərdir?
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, kələmin qiymətindəki kəskin artım soğanda olduğu kimi, ixracın çoxalmasından irəli gəlir: "Ötən il Azərbaycanda rekord həcmdə - 108,7 min ton kələm istehsal olunub. Buna qədər bizdə illik kələm istehsalı 90-92 min ton arasında dəyişib. 2018-ci ildə isə istehsalın 18 faiz artmasına nail olmuşuq. İstehsalla bərabər, ötən ilin oktyabr-dekabrından etibarən kələm ixracında da ciddi artım müşahidə olunur. 2017-ci ildə təqribən 700 ton, 2018-ci ildə 800 ton kələm ixrac etmişdiksə, 2019-cu ilin 2 ayı ərzində 1324 ton kələm ixrac olunub. İxracın 550 tonu Gürcüstana, 605 tonu Rusiyaya göndərilib. Bu o deməkdir ki, iki ay ərzində ixrac olunan kələmin 87 faizi iki ölkəyə göndərilib. Məsələ burasındadır ki, adətən mövsümün bu dövründə Gürcüstandan Azərbaycana kələm idxal olunurdu. Amma bu mövsüm Gürcüstanda məhsul qıtlığı olduğu üçün onlar məhsul təchizatını bizim bazar hesabına təmin edirlər".

Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə ile ilgili görsel sonucu

Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə, regionda kənd təsərrüfatı məhsullarına tələbatı artıran əsas amillərdən biri Suriya və İraq iqtisadiyyatının dağılmasıdır: “Bu iki ölkədə kənd təsərrüfatı istehsalı iflic vəziyyətindədir. Ona görə də bizim də idxal bazarımız olan Türkiyə və İrandan bu ölkələrə ixrac hədsiz artıb. Bu artım bizim həmin ölkələrdən idxalımızın həm həcminə, həm də qiymətinə təsir göstərir. İranda son bir ayda müşahidə olunan böyük yağıntılar kənd təsərrüfatı istehsalında ciddi azalmalara gətirib çıxarıb. Ölkənin kartof-soğan ixracına qadağa qoymasının əsas səbəblərindən biri budur. Türkiyəyə gəlincə, burada istehsal artsa da, Suriya və İraqa satış daha sürətlə çoxaldığı üçün mart ayında burada da kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım qeydə alınıb. Azərbaycandan da İraqa ixrac artmağa başlayıb. Ötən il bu ölkəyə 6 min ton soğan ixrac olunub.

Kələm bahalaşdı ile ilgili görsel sonucu

İxrac imkanlarının genişlənməsi istər-istəməz bazardakı tarazlıq şərtlərinə təsir göstərir. Bazarın bəlli bir həcmi var. Bir il əvvəl planlaşdırırsan ki, bir məhsuldan bu həcmdə əkəcəm. Amma birdən-birə bazarda gözlənilməz tələb yaranır, ixrac kəskin yüksəlir. Bu, əlbəttə, ölkə iqtisadiyyatı üçün müsbət haldır. Bu mənada ki, fermerlərimiz yaxşı şərtlərlə öz məhsullarını satır və məhsulların ixrac coğrafiyası genişlənir. İxracın kəskin artımı isə bazardakı şərtlərə təsir göstərir".
KTN rəsmisi bildirir ki, Azərbaycanda istehsal olunan məhsulun qiyməti dünya bazarlarındakı qiymətlərdən xeyli ucuzdur:
“Bir ölkə öz məhsulunu dünya bazarına ona görə çıxara bilir ki, həmin məhsulu dünya bazarındakı qiymətlərdən daha ucuz istehsal edə bilir. Bizim məhsul da ixrac olunur və satılırsa, deməli, dünya bazarındakı qiymətlərdən ucuzdur. Ona görə də biz rahatlıqla deyə bilərik ki, ixrac qiymətlərimiz daxili bazardakı qiymətlərdən yüksəkdir”.
F.Fikrətzadə onu da qeyd edir ki, bizdə hazırda bazara faraş kələm çıxmaqdadır: “Kürdəxanı kələminin satışı başlayıb. Bu günlərdə Ağdaş kələmi də bazara çıxarılsa da, yağıntılar üzündən məhsulun keyfiyyətində bəzi problemlər var. Bu üzdən bazarda özünə yer tuta bilməyib. Digər rayonların məhsulu da hələ yağıntılara görə bazara çıxarılmayıb. Amma yaxın günlərdə bu proses başlayacaq və qiymətlər aşağı düşəcək, bazarda tarazlıq yaranacaq”.
Kartofa gəlincə, nazirlik rəsmisi bildirir ki, bu məhsulun qiymətindəki artım sırf mövsümi amillərlə bağlıdır: “Qiymətlərə baxsaq, ötən il də bu vaxtlar kartofun topdansatış qiyməti 90-95 qəpik arasında dəyişib, pərakəndə satış qiyməti isə 1,2-1,3  manat olub. Yəni hazırda köhnə kartof tükənmək üzrədir, yeni məhsul isə təzə-təzə çıxır. Buna görə də qiymətlərdə qısamüddətli dövr üçün bahalaşma müşahidə olunmaqdadır.
Bu ilin iki ayında Azərbaycandan xaricə cəmi 260 ton kartof ixrac olunub.  İdxala gəlincə, yanvar-fevralda kartof idxalı 42 min ton təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 14 min ton artıq idxal olub. Yəni faktiki olaraq bu gün kartofun qiymətinin qalxmasında başlıca rol mövsümi amillərdir. İdxal-ixrac amili burada hansısa rola malik deyil. Düşünürəm ki, tezliklə kartofun qiyməti düşəcək. Çünki daha çox həcmdə faraş kartof bazara daxil olacaq".
F.Fikrətzadənin sözlərinə görə, İrandan kartof ixracı qadağan olunsa da, bu qəraradək alınan məhsul hələ yoldadır: “Hazırda gömrük sərhədlərimizdə xeyli məhsul var, rəsmiləşdirmə başa çatan kimi bazara daxil olacaq”.

Nicat Nəsirli ile ilgili görsel sonucu

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Nicat Nəsirli isə hesab edir ki, bizdə qiymətlərə təsir edən əsas amillərdən biri əhalidəki psixoloji xarakterli ajiotaj sindiromudur: “Əcnəbi ölkələrdə hansı məhsulun qiyməti bahalaşırsa insanlar şərti refleks olaraq şəxsi istehlakı aşağı salmaqla qiymətlərə təzyiq göstərir, ucuz alternativ məhsullara yönəlməklə tələbat yükünü aşağı salmağa çalışır, ”balanslı istehlak" taktikasına əl atırlar. Nəticədə, əhalinin qiymətlərə gözəgörünməz basqısı yaranır. Xarici ölkələrdə tez-tez keçirilən “ucuz həftəsonu” kampaniyalarının səbəblərindən biri də budur. Bizdə isə əksinə proses baş verir. Hansı məhsulun qiymətində dəyişmə baş verirsə, hamı daha çox almağa başlayır ki, nəticədə qiymətlərin daha da yüksəlməsi üçün əlverişli platforma yaranır. Əhalinin məhsullara reallıqdan uzaq “xəyali tələbatı” yeni qiymətəmələgətirən faktora çevrilir. Uzun illərdir bazarlarda kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar.
İranın kartof-soğan ixracına qadağa qoyacağı haqqında xəbər məlum olan kimi cəmi iki günün içində kartofun qiyməti təxminən soğanla bərabərləşdi, hətta bəzi satış nöqtələrində kartof “qalib gəldi”. Qadağa bu gün (dünən-red.) qüvvəyə minsə də kütlə srağagündən “Səhər tezdən yuxudan durub gördün ki, iki manat olub. Nə edəcəksən?!”-suallarını verə-verə kütləvi şəkildə hamı bir-birini necə gərginləşdirdisə qiymət həqiqətən 2 manat həddinə çatdı".
Mütəxəssisin fikrincə, işin çatışmayan tərəfi budur ki, bizdə qiymət dəyişmələri zamanı cəmiyyətdə gərginləşmiş insanlara mənəvi dəstək olan, şəxsi istehlakı aşağı salmağa dəvət edən,"psixoloji xaosla gödəniyyət arasındakı fasiləsizliyi" dayandırmağa çağırış edən sosial institutlar da yox səviyyəsindədir: “Ən son məlumat: sahələrdə yazlıq kartofun ”nübar versiyası" yığılmağa başlanıb, qiyməti də ötən ilin müvafiq dövründəkindən iki dəfə ucuzdur. Əgər ötən ilin aprelində faraş kartof 3 manata satılırdısa, hazırda Cəlilabadda 1,50 qəpikdən satışı başlayıb. Belə situasiyalarda kütləni “Qiymətlər bahalaşacaq!” təbliğatı aparıb gərginləşdirməkdən, qiymətləri daha da yüksəltməkdənsə, “Tezliklə qiymətlər sabitləşəcək” deyib müsbət tona yükləmək daha rasional addım olardı".../musavat