Karantində olan italyanlar eyvana çıxıb mahnı oxuyurlar - VİDEO

Baxış sayı:
2920

Koronavirus səbəbindən evdə qalmağa məcbur olan İtaliya sakinləri özlərinə əyləncə tapıblar. Onlar eyvanlara çıxır və mahnı oxuyurlar.

“Qafqazinfo”nun məlumatına görə, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələn, Neapol sakinləri öz əhvallarını qaldırmaq üçün “Napoli” futbol klubunun himnini oxuyurlar.

Kazoriya kommunasında eyvanlardan bu sözlər eşidilir: “Bu axşam bütün Kazoriya xorda birləşib. Xalq heç vaxt təslim olmayacaq, ona görə də irəli, Neapol!”.

Toskanada Siyena şəhərciyində karantində olan insanlar “Canto della Verbena” xalq mahısını ifa ediblər.

Beneventoda isə insanlar zərb alətlərinin sədaları altında oxuyublar. Bir sutkadan da az müddətdə Feysbukda video 2 milyondan çox baxış sayı toplayıb.

Qeyd edək ki, İtaliya Çindən sonra koronavirusdan daha çox əziyyət çəkən ikinci ölkə olub. İtaliyada fövqəladə vəziyyət rejimi tətbiq olunub, yerli hakim dairələr insanların hərəkətini məhdudlaşdırıb, məktəblər, mağazalar və restoranlar bağlanıb, kütləvi tədbirlər və milli çempionatın futbol matçları təxirə salınıb.