'Kara Sevda'nın Özbəkistanda yayımı dayandırıldı

Baxış sayı:
6001

Özbəkistan hökuməti özəl telekakanala populyar türk serialı “Kara Sevda”nın yayımını dayandırmaq göstərişi verib. Bu teleserialın özbək ailə dəyərlərinə zidd olduğu bildirilirdi. Zo'r TV dövlətin tələbinə əməl edərək iyulun 31-dən teleserialın yayımını dayandırıb. Ölkədə çox sevilən bu serial ötən il də yasaqlanmışdı və cəmi üç gün idi ki yayımı bərpa olunmuşdu. Baş nazirin göstərişi Zo'r TV-nin prodüseri bu qərara görə “azsaylı” dini mühafizəkar auditoriyanı ittiham edib. Onlar davamlı olaraq hakimiyyətdən tələb edirdilər ki, serialın yayımı kəsilsin. “Özlərini əxlaq keşikçiləri adlandıranlar... Telegram və digər sosial media vasitəsilə imza toplayaraq prezidentin virtual səhifəsinə göndəriblər”, – anonimlik şərtilə danışan prodüser iyulun 31-də AzadlıqRadiosu-nun özbək xidmətinə deyib. “Onlar sonucda şounun dayandırılmasına nail oldular... çünki hücumları sistematik idi”, – o, sözlərinə əlavə edib. “Kara Sevda” 2018-ci il fevralın 16-da da efirdən çıxarılmışdı. O zaman Baş nazir Abdullah Aripov teleserialın qadağan olunmasına çağırırdı. Daşkənddən bir hökumət işçisinin AzadlıqRadiosu-na deməsinə görə, serialın ikinci dəfə yasaqlanması göstərişi də Aripovdan gəlib. Onun sözlərinə görə, hökumətin iyulun 30-da keçirilən iclasında Aripov Zo'r TV-nin serialı ötənilki qadağaya baxmayaraq efirə qaytarmasını kəskin tənqid edib. Telekanal açıqlama verməyib Zo'r TV-ni Daşkəndin zəngin meri Jahongir Ortiqkhojaev təsis edib. Özbəkistan hökuməti bütün media qurumlarına, özəl müəssisələrinə güclü nəzarət edir. Məsələyə Ortiqkhojaev, yaxud Zo'r TV administrasiyasından reaksiya gəlməyib. Telekanal “Kara Sevda”nın yayımının ikinci dəfə qəfil kəsilməsinə də aydınlıq gətirməyib. 2017-ci ilin avqustundan yayımı başlanandan bu teleserial islamçı Azon.uz vebsaytında kəskin tənqid olunurdu. Ötən ilin fevralında vebsaytda dərc olunmuş məqalədə deyilirdi ki, “Kara sevda”ya baxanlar “gözləri ilə günaha batırlar”. Serialı dublyaj etmiş özbəklər isə “xəyanətkarlar” adlandırılırdı, əhali “onlarla mübarizəyə” çağrılırdı. “Kara sevda” teleserialında zəngin ailədən olan bir qadının zəhmətkeş və təvazökar bir gəncə aşiq olması, ancaq ailəsini şantaj edən varlı biznesmənlə ailə qurmağa məcbur qalmasından söz açılır. Beynəlxalq Emmy mükafatı almış “Kara sevda” dünyanın 70-dən çox ölkəsində göstərilib. Özbəkistan bundan öncə də türk seriallarını qadağan edib, onlarda “özbək xalqının mentalitetinə uyğun olmayan səhnələrin” yer aldığını deyib.