"Kanal 13"ün direktorunun məhkəməsində ŞAHİDLƏR İFADƏ VERDİ

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Kanal 13"də mühasib işləmiş Kübra Məmmədova dindirilib.
O bildirib ki, "Kanal 13" və Qafqaz Media Mərkəzi ilə 2009-cu ildən əməkdaşlıq edib. K.Məmmədova xidmət müqaviləsi ilə layihələrin icrasında iştirak etdiyini, hesabatları verdiyini qeyd edib. O, hər hansı vergidən yayınma halına rast gəlmədiyini də söyləyib: "Layihələrin icrasından asılı olaraq 100-150 manat arası maaş almışam".
Daha sonra digər şahid qismində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov ifadə verib.
Təşkilat rəhbəri deyib ki, Ə.Orucovla layihə icrası ilə bağlı əməkdaşlıq edib.
O, prokurorun sualına cavab olaraq bildirib ki, Ə.Orucovdan heç bir şikayət və tələbi yoxdur.
Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.