“Kanal 13”-ün direktorunun apellyasiya şikayətinə baxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının icraçı direktoru, həbsdə olan Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
 
Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda qərar elan edilib, şikayət təmin olunmayıb.
Qeyd edək ki, iyunun 2-də Nəsimi Rayon Məhkəməsi Ə. Orucovun evində axtarış aparılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.
 Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib./APA