Kanadadadakı separatçılardan da erməni separatizminə dəstək gəldi... - FOTO

Baxış sayı:
319
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də  işğal altındakı Xankəndi şəhərimizdə  30 ölkədən 150 nümayəndənin iştirakıyla “Artsaxın dostları” adlı erməni separatçılığına beynəlxalq dəstək forumu keçirilib. 
 
Erməni nəşrlərinin verdiyi məlumata görə, üzdəniraq tədbirdə Kanadaya qarşı ərazi iddialarıyla çıxış edən Kvebek separatçılarının nümayəndələri də iştirak edib. Onlardan biri – “Kvebek milli məclisi”nin üzvü Qay Vellet  qondarma separatçı-terrorçu erməni rejiminin başçısı Bako Saakyanla görüşdə Azərbaycanın işğal altındakı torpaqlarındakı rejimi “sülh və hüquq ölkəsi” adlandırıb.
Kvebek ərazisinə daxil olan və Kanadanın ikinci böyük  şəhəri Monrealın  icraiyyə komitəsinin üzvü  Mari Deros  da separatçı erməni rejiminə tərif vurub, Xankəndini “müasir şəhər” adlandırıb. “Artsax gənciliyi”nin öz “ölkəsi”ndə yaşamaq arzusunu haqlı hesab edib.
 
Xatırladaq ki, Kvebek Kanadada ikinci ən böyük əyalətdir. İngilisdilli Kanadadan fərqli olaraq Kvebekin əhalisi əsasən fransızdillidir. Atlantik okeanına çıxışı olan bu əyalət ABŞ-la quru sərhədə malikdir. Kvebekin ərazisi Azərbaycanınkından iki dəfə böyük olsa da, əhalisi 8 milyon nəfərdir. Vaxtilə Yeni Fransa kimi tanınan Kvebek yeddi illik müharibədən sonra Böyük Britaniyanın proteksiyası altına girib, daha sonra Kanada konfederasiyasının tərkibinə daxil edilib.
Bu bölgə daima müstəqilliyə can atsa da, ötən əsrin 60-cı illərində daha ciddi şəkildə müstəqillik iddiası sərgiləyib. Həmin vaxt Kvebekdə sakit inqilab baş verib və bu inqilab Kvebekin iqtisadi, ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb olub. Kvabek əhalisinin mühüm bir hissəsi Kanadadan ayrılmaq, müstəqil fransızdilli dövlət qurmaq fikrinə düşüb. Təbii ki, mərkəzi hakimiyyət separatizmlə mübarizəyə başlayıb və ənənəvi üsula - “qiyam yuvaları”nı zorla dağıtmaq metoduna üstünlük verməyib.
 
Uzun çəkən mübarizədən sonra Kvebek separatçıları öz niyyətlərinə çatmasalar da, Kvebek üçün xeyli xüsusi imtiyazlar, hüquqlar əldə edə biliblər. Kanadanın konstitusiyasında Kvebek üçün xüsusi status nəzərdə tutulub. Əyalət əmlak, vətəndaş hüququ, səhiyyə, təhsil və hüquqçuluq sahəsində qanunlar qəbul etmək səlahiyyətinə malikdir.
 
Qeyd edək ki, Kvebek separatçıları Qarabağdakı qondarma erməni rejimə mütəmadi siyasi-ideoloji dəstək verir. Bu ilin yayında Xankəndidə keçirilmiş qondarma “Avropa futbol çempionatı”nda (“CONİFA”) Kvebek separatçılarının “Nissa” komandası da iştirak edib.//Moderator