Kadr siyasətinin fəlsəfəsi... - SƏRDAR CƏLALOĞLUNUN YAZISI

Baxış sayı:
2046

Və yaxud kifayət qədər səlahiyyət əldə etmiş məmurun “birincilik” həvəsinə düşməsinin səbəbləri

Məmurun səlahiyyət həddini aşması ilə əldə etdiyi zövq onda hakimiyyət əzmi hissi yaradır

Azərbaycan müstəqillik əldə etdikdən sonra kadrlarla baglı iki ciddi neqativ hal durmadan inkişaf etməkdədir. Bura kadrların dövlət çevrilişlərinə və vəzifə cinayətlərinə - səlahiyyət həddini aşmağa, vəzifədən sui-istifadəyə, vəzifəsini yerinə yetirməməyə, korrupsiya və rüşvətə, nəhayət vəzifəyə bağlanmayan cinayətlərə meyl etmələri aiddir. Dövlət çevrilişləri və vəzifə cinayətləri faktiki fərqlilik təşkil edən kadr siyasətinin iki qüsurundan meydana çıxır. Hansı ki, bu qüsurların  eynilikləri (mahiyyətləri) uyğun, bərabərlikləri (formaları) uyğun deyildir. Bərabərliklərin uyğunsuzluğu  dövlət çevrilişlərinin hədəfinin hakimiyyətdəki birinci şəxs, vəzifə cinayətlərinin hədəfinin ayrı-ayrı   vətəndaşlar olmasıdır. Eyniliklərin uyğunluğu hər iki kadr  cinayətinin dövlətə və xalqa ziyan vurmasından ibarətdir. Yəni bir məmurun rüşvət alması ilə başqa bir  məmurun dövlət çevrilişinə cəhdin mahiyyəti eynidir; hər iki halda dövlət nüfuzdan düşür və zəifliyir, xalq bundan ziyan görür və vətəndaşlar dövlətə yadlaşır.
Kadr nə deməkdir və kadr cinayətləri nədən qaynaqlanır?
Kadr - konkret vəzifə daşımaqla məsuliyyət daşıyan, səlahiyyətə malik olan şəxs(iyyət)dir. Burada vəzifə, məsuliyyət, səlahiyyət, şəxsiyyət anlayışlarının mənasına  diqqət etmək lazım gəlir.
Vəzifə - hakimiyyəti yaratmağın, nəzarət etməyin və tənzimləməyin sosial funkisyasıdır. Hansı ki, məcmui şəkildə idarəetmə adlanır.

Hakimiyyət nədir və o necə yaranır?

Hakimiyyət malik olmağın təzahüridir. Malikliyin iki -konkret və mücərrəd forması vardır. Konkret malik olmaq - mülkiyyət hüququ - maddi şeylər üzərində hüquq, mücərrəd malik olmaq azadlıq hüququ – öz üzərində hüquqa malik olmaqdır. Bir insanın nəyəsə malik olması o insanın hakimiyyəti deməkdir, hansı ki, mülkiyyət və azadlıq hüququ kimi meydana çıxır. Buradan da hakimiyyətin iki mənbəyi olduğu aşkar olur: maddi varlıqlar üzərində hakimiyyət və insanlar üzərində hakimiyyət. Maddi varlıqlar üzərində hakimiyyət -vətəndaşların mülkiyyət üzərində hüququnun, insanlar üzərində hakimiyyət - onların azadlıqlarının məhdudlaşdırılmasından meydana çıxır.
Şəxsiyyət - cəmiyyətlə ümumi münasibətdə olan (mücərrəd fərdi münasibətdə) fərddir.
Fərd - başqa insanlarla xüsusi münasibətlərdə olan insandır. Cəmiyyətlə münasibətlərdə olmayan istənilən insan fərd kimi çıxış edir. Buradan aydın olur ki, istənilən vəzifə sahibi cəmiyyətlə ümumi münasibətlərdə olmalıdır. Buradan da hakimiyyətin legitimliyi meydana çıxır. Hakimiyyətin legitimliyinin konkretləşdirilməsi məsuliyyət yaradır.
Məsuliyyət vəzifəlinin hakimiyyətinin məhdudlaşdırılmasının, vətəndaşın hakimiyyətinin azadlığının ölçülənməsindən - sərhədləndirilməsindən ibarətdir. Məsuliyyət hakimiyyətin legitimliyinin əlamətlərindən biridir.
İctimai münasibətlərdə vətəndaşların azadlığının onların razılığı və mülkiyət üzərində bəzi hüquqların qanuni şəklidə məmurlara verilməsindən (vergilər, cərimələr və s. şəklində) səlahiyyət meydana çıxır.
Səlahiyyət - məmurun azadlığının, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasının ölçülərindən ibarətdir. Buradan da səlahiyyətlə məsuliyyətin bir-birinə əks iki sosial normalar olduğu aydın olur. İdarəetmədə məsuliyyət artdıqda səlahiyyət, əksinə, səlahiyyət artdıqda məsuliyyət azalır. Bu əlaqə bir qayda olaraq səlahiyyət hərislərində məsuliyyətsizliyə meyl yaradır ki, bu da özbaşınalıq kimi təzahür edir.
Politologiya elmi səlahiyyət və məsuliyyətin nisbətinə görə iki cür idarəetmə - aşagi və yuxari keyfiyyətli  idarəetmə müəyyən etmişdir. Yuxari keyfiyyətli idarəetmə vətəndaşın öz azadlığı üzərində başqasının hakimiyyətinin könüllü razılaşmasından, mülkiyyət üzərində bəzi hakimiyyətin qanuni yollarla həyata keçirilməsindən ibarətdir. Ən yaxşı idarəetmə ən legitim hakimiyyətlərə xasdır.
Aşağı keyfiyyətli idraəetmədə vəzifələrin icrası vətəndaşlarla razılaşdırılmır, belə hakimiyyət qeyri-legitim olur və hakimiyyətdə vəzifənin məsuliyyəti formal xarakter daşıyır.
Məsuliyyət formal xarakter daşıdığından, səlahiyyətlə əksilik tələb etmir və məsuliyyətin itirilməsi həcmində səlahiyyətin spontan artımı baş verir. Nəticədə kadrın səlahiyyəti - azadlıqları ölçüsüz olur. Hüquqda bu səlahiyət “həddini aşmaq” adlandırılır.
Məsuliyyət olmayan yerdə səlahiyyət həddi silinir, nəticədə aşağı keyfiyyətli idrəetmədə məsuliyyət nə qədər azalırsa, səlahiyyət bir o qədər artır. Beləliklə, məmurun formal hakimiyyəti ilə faktiki hakimiyyəti arasında zidiyyət meydana çıxır. Belə hallarda məmurlar  onlara aid olmayan hakimiyyət səlahiyyətlərindən istifadə etmyə cəhd edirlər.
Məsiliyyətin formal xarakter daşıdığı vəzifələrdə kadrlar vətəndaşlar üzərində səlahiyyətlərini durmadan genişləndirməyə meyl edirlər. Nəticədə mülkiyyətin qeyri-qanuni əldə edilməsi və insanların azadlığının məhdudlaşdırılmasında özbaşınalıq yaranır.
Özbaşınalıq - vətəndaşda narazılıq, məmurda razılıq yaradan sosial hadisədir. Özbaşınalıqda vətəndaşlar öz qanuni hakimiyyətlərini itirir, məmurlar qeyri-qanuni hakimiyyət əldə edirlər. Hər bir özbaşınalıq aktında məmurla vətəndaş hakimiyyətə görə bir-birinə əksilik təşkil edir. Məmur qazanır, bu, onda hakimiyyətdən razılıq hissi - tələbatların artıqlaması ilə ödənməsindən təmin olunma – zövq yaradır. Bunun əksinə vətəndaş itirir, bu, onda narazılıq hissi - tələbatların ödənilməsinin qarşısının alınmasında - əzab meydana çıxır...
Əzab - vətəndaşda ədalət hissini meydana çıxarır. Ədalət hissi öz növbəsində  porofenomen kimi daxildə ən sadə ideya yaradır, hansı ki, özünün bəsitliyinə görə vətəndaş həmin ideyanın yaranmasından xəbərsiz olur. Bu ideya haqq adlanır. Haqqa malik olmaq insanları haqlı edir. Bu cür bəsit ideyalar şüurdan şüuraltına keçərək orada depolaşır.
Məmurun səlahiyyət həddini aşması ilə əldə etdiyi zövq onda hakimiyyət əzmi hissi yaradır. Bunun ən sadə ideyası haqqa əksilik təşkil edən haqsızlıq (hakimiyyətin qeyri-qanuni ələ alınması - uzurpasiya) adlanır.

Haqq və haqsızlıq ideyalarının şüuraltına toplanmasının müəyyən mərhələsində həmin ideyalar şüuraltından şüura - düşüncə prosesinə keçir və uyğun olaraq məmurlarda və vətəndaşlarda dörd dərəcəli - orjinal, xüsusi, ümumi və ən ümumi mürəkkəb ideyaların yaranmasına səbəb olur.
Bu cür ideyaların vətəndaşlarda yaranması ayrı-ayrı mərhələlərdə vətəndaşda narazılığını ifadəetmə meydana çıxarır. Vətəndaşın narazılığını ifadə etməsinin iki forması - mücərrəd və konkret formaları vardır. Mücərrəd forma - sözlə, rəy ifadəetmə kimi konkret forma - hərəkətlə, sosial davranışla narazılığın kənara çıxarılmasından ibarətdir.
Narazılığın mücərrəd formasının orjinal ideyası insanın narazılığını öz-özünə bildirməsindən ibarətdir. El arasında bu “mırtlanmaq”, ”donquldanmaq” adlanır. Mırtlanmaq -  insanın özü özünə narazılığını bildirməsidir. Bu narazılıq ifadə etməyin ən bəsit formasıdır ki, bütün narazı insanlar narazı qaldıqda mırtlanır.
Narazılığın yaratdığı xüsusi ideya narazılığı başqalarına ifadə etməyə keçir. Buradan giley meydana çıxır.
Giley - bir insanın öz narazılığını başqa bir insana bildirməsindən ibarətdir. Bu cür narazılığı yalnız xüsusi adamlar və ya xüsusi hallarda edir. Buradan da narazı qalanlardan giley edənlərin sayının az olduğu üzə çıxır.
Narazılığın yaratdığı ümumi ideya narazılığın ümumi formasına - qeybətə keçir.
Qeybət - bəzi narazı insanların öz narazılıqlarını bir-birinə bildirməsindən ibarətdir. Qeybəti bəzi adamlar etdiyindən narazılığa görə qeybət mərhələsində insanlar bir-birinə əks iki yerə ayrılır. Qeybət edənlər və qeybət edənlərin əleyhinə olan narazı insanlar. Pis idarəetmənin hamıda narazılıq yaratmasını təyin etməyin çətinliyi bununla bağlıdır. Bu sosial fenomendir, hansı ki, narazılıq bəzi insanlarda hakimiyyəti müdafiə etməsinə səbəb olur. Fransız sosioloqu J.Simen bu qrupa daxil olan insanları “zülmə məruz qalanların onlara zülm edənlərin tərəfinə keçib, onların özlərinə zülm etməsinə yardımçı olması” kimi təyin etmiş və səbəbini izah edə bilməmişdir. Bunun səbəbi insan psixologiyası ilə bağlıdır. Belə ki, zəif xarakterli insanlar sado-mazoxist tipinə malik olur və onlar özlərinə verilən əzabdan zövq aldıqlarından, hakimiyyətin narazılıq yaratma mexanizmlərini gücləndirirlər. Nəticədə giley edənlərə qarşı hakimiyyətlə narazı elementlərin bəzi qrupu birləşir. Bu fenomen vəziyyətə düzgün qiymət verməkdə hakimiyyətdə olanları aldadır. Onlar zülmə məruz qoyduqları xalqın bəlli bir təbəqəsinin onları müdafiə etməsindən arxayınlaşır və zülmə davam edirlər.
Narazılığın ən ümumi ideyasi şikayət kimi meydana çıxır.
Şikayət - pis idarəetmənin aradan qaldırılması tələbini özündə ifadə edir. Şikayətin üç dərəcəsi vardır; aşağı rütbəli məmurdan yuxarı rutbəli məmura şikayət, bir hakimiyyət qolundan ona nəzarət edən digər hakimiyyət qolundakı məmura şikayət və nəhayət Allaha şikayət. Allaha şikayət insanların narazılığının mütləq ideyasi kimi meydana çıxır.
Koqnitivliyə görə, düşüncə prosesinin sonunda meydana çıxan ən ümumi ideya – şikayətin ən ümumi davranışa keçməsi ilə narazılığın konkret ifadə edilmə formaları yaranır. Buradan, uyğun olaraq narazılığın davranışla ifadə edilməsinin dörd forması meydana çıxır.
Narazılığın ən ümumi ideyasının - şikayətin ən ümumi davranışa keçməsindən etiraz meydana çıxır.
Etiraz - narazılığın davranışla ən ümumi ifadə formasıdır. Etirazlar bir qayda olaraq lokal xarakter dasıyıb, konkret bir məmurun fəaliyyəti ilə bağlı narazılığın ifadə edilməsindən ibarətdir. Etirazçının idarəetmə ilə bağlı heç bir konkret tələbi olmur. Sadəcə ümumi şəkildə düşdüyü vəziyyətdən şikayət edir. Səbəbini bilmədiyindən etirazçıda hakimiyyətlə bağlı tələb meydana çıxmır. Etirazlar konkret məmura, anonim pis idarəetməyə qarşı insanların hərəkətlənməsidir.
Şikayətin ümumi davranışlara keçməsindən uyğun olaraq bir-birinə əks iki cür ümumi davranış yaranır. Belə ki, bəzi insanlar öz narazılığını ümumi şəkildə ifadə edir, buradan üsyan, bəziləri öz narazılığını hakimiyyətin iştiraki ilə dinc yola həll etməyə cəhd edir, buradan isə diltapma cəhdi və ya oportunizm meydana çıxır.
Üsyan - pis idarəetmənin dəyişilməsi tələbi ilə meydana çıxan  vətəndaşların bəzi davranışlarından ibarətdir.
Şikayət ideyasının xüsusi davranışa keçməsindən xüsusi destruktiv davranışlar - sui qəsdlər, terrorlar, iğtişaşlar  və s. kimi davranışlar doğur. Bütün bunlar inqilabın ayrı-ayrı əlamətlərini təşkil edir.
Nəhayət, şikayətin orijinal davranışa keçməsindən inqilab davranışı meydana çıxır.
İnqilab - idarəetmə ilə birlikdə idarəedənlərin dəyişilməsi ideyasının davranışlarından ibarətdir. İnqilab narazılığın bütün xüsusi davranışlarını kompleks şəkildə özündə ifadə edən sosial hadisədir.
Özbaşınalıq aktının digər tərəfini təşkil edən məmurun səlahiyyətlərinin aşması onda hakimiyyət hərisliyi hissi yaradır. Hansı ki, həmin hiss qeyri-qanuni hakimiyyət əldə etmə - ən sadə bəsit ideyanı meydana çıxarır və həmin ideya insanın şüuraltına keçir. Biz bunu haqqın əksinə uzurpasiya (hakimiyyət ələ keçirmə) ideyasi adlandıra bilərik. Vəzifəsində ən azı bir dəfə özbaşınalıq etmiş istənilən məmurun şüuraltına psixoterapiya və ya hipnozla müdaxilə etsək, onun şüuraltında hakimiyyətin uzurpasiya ideyasının olmasını sübut edə bilərik. Bu, psixoloji bir qanunauyğunluqdur və məmurların prezidentə yaxınlığından, tutduğu vəzifədən və etdiyi özbaşınalıqdan asılı olmayaraq hər bir məmurda onun iradəsindən asılı olmayaraq, zərurətə görə meydana çıxan ideyadır. Uzurpasiya  ideyası müəyyən həddə kimi toplandıqdan sonra, məmurun şüuraltından şüuruna keçir və uyğun olaraq düşüncədə dörd mərhələdən keçməklə generasiyaya - ümiləşməyə məruz qalır.
Uzurpasiya ideyasının zaman-zaman təhtəlşüurdan şüura keçməsi məmurda uzurpasiya ideyasının təkrarlanması ilə möhkəmlənməsini  -  özbaşınalığı davam etdirmək, təkrarlamaq cəhdinin ideyasından ibarətdir. Buradan da cəzasızlıq şəraitinin məmurları hakimiyyətə qarşı yönləndirən hal olduğu aydın olur.
Uzurpasiya ideyasının orjinallaşması məmurda orjinal ideya - vəzifəni dəyişdirmək ideyasından ibarətdir. Məmurlar eyni ranqda, amma daha cox haqsızlıq edə biləcəkləri vəzifələri tutmaq haqqında düşünürlər.
Uizurpasiya ideyasının xüsusiləşməsi hakimiyyət ierarxiyasında yerdəyişməkdən - vəzifənin böyüdülməsi istəyindən ibarətdir. Belə ideya vətəndaşlarla yanaşı, həm də konkret hakimiyyətə malik başqa məmurlar üzərində hakimiyyət ələ almağa cəhddən ibarətdir.
Uzurpasiya ideyasının ümumi forması məmurların şüurunda bir-birinə əks iki cür ideyaya ayrılır: bəzi  məmurlarda hakimiyyət daxilindən hakimiyyət qollarından birinə başçılıq etmək ideyası, bəzi məmurlarda hakimiyyətdən çıxmaqla kənardan həmin vəzifələrə gəlmək ideyası yaradır. Məsələn, bu yaxınlarda bir nəfər diplomat rəsmi vəzifəsindən istefa verdi və dərhal da prezidentliyə namizəd olacağını bəyan etdi. Bu cür uzurpasiya ideyasına görə bəzi məmurların mövcud hakimiyyətlə əməkdaşlıqdan imtina edib, kənardan hakimiyyətin ali idarəçiliyinə gəlmək istəməsi onların davranışlarını qiymətləndirməkdə vətəndaşlarda çətinlik yaradır və vətəndaşlarda belə insalara qarşı rəğbət yaranır. Belə adamlar bir çox hallarda hakimiyyətdən getmələrini hakimiyyətin ümumi haqsızlığı ilə əlaqələndirilər və vətəndaşlar belələrinin toruna düşür.
Uzurpasiya ideyasının ən ümumi forması birinci şəxs olmaq, yəni total hakimiyyətə malik olmaq ideyasında başa çatır. Bununla da haqsızlığın - hakimiyyəti uzurpasiya ideyasının düşüncədə ümumiləşdirilməsi  prosesi başa çatır.
Uzurpasiya ideyası ən ümumi forma aldıqdan sonra, davranışlara keçir və məmurlarda dörd cür davranış dəsti meydana çıxarır:
Ən ümumi uzurpasiya ideyasi ən sadə davranışı - orijinal davranışı meydana çıxarır. Buradan vəzifə həddini aşma hərəkətləri təzahür edir. Vəzifə həddini aşmağa meyl edən hər bir adam uzurpasiya ideyasına malik olduğunu sübut edir. Burada paradoks ondan ibarətdir ki, bu mərhələdə məmurlar hakimiyyətə olduqca sadiq olur, özlərinin qeyri-qanuni səlahiyyətələri həcmində hakimiyyətin alovlu müdafiəçilərinə çevrilirlər. Bu, onunla bağlıdır ki, məmurun vəzifəsi onun ideyasına çatmağa imkan vermir və məmur mövcud hakimiyyətdən uzurpasiya üçün maksimum bəhrələnməyə cəhd edir. Yəni məmur pis idarəetməni özünün hakimiyyət hərisliyi naminə qoruyur.
Ən ümumi uzurpasiya ideyasının xüsusi davranış forması yaratmasından vəzifədən sui-istifadə meydana çıxır. Vəzifədən sui-istifadə ən müxtəlif xüsusi uzurpasiya davranışlarından – qeyri-qanuni sərvət toplamaqdan və insanlar üzərində qeyri-qanuni hakimiyət əldə etməyin növlərindən ibarətdir. Hakimiyyət həddinin aşması əvvəlcə bilavasitə tabeçilikdə olan insanları, sonra tabeçilikdə olmayan insanları əhatə etməyə başlayır. Burdan səlahiyyətlərin mənimsənilməsi, mülkiyyət hüququnda mülkiyyətin qeyri-qanuni əldə edilməsi meydana çıxır. Bu, korrupsiya adlanır.

Korrupsiya - məmurların öz vəzifələrində səlahiyyət həddini aşmaqla xüsusi mülkiyyət əldə etməsindən ibarətdir. Məmurların səlahiyyət həddini aşmaqla əldə etdikləri əlavə hakimiyyət özlərində olan qanuni əsas hakimiyyətdən çox olduğu andan başlayaraq, həmin məmurlarda özündən yuxarıdakı məmuru devirmək -əvəzləmək  ideyası meydana çıxarır. Bununla da dövlət çevrilişlərinə cəhdin əsası qoyulur.
Ən ümumi uzurpasiya ideyasının ümumi davranışlara keçidindən bir-birinə əks iki cür hakimiyyət davranışı meydana çıxır: Vəzifə cinayətlərinə əl atmaq və qeyri-qanuni yollarla layiq olmadığı əlavə vəzifə imtiyazları (təltiflər, mükafatlar, səlahiyyətlər və s.) əldə etmək. Vəzifə cinayətlərinə əl atmaq qanunun kobud pozulması ilə hakimiyyət əldə etməyi, əlavə imtiyazlar almaq - imtiyaz verənə xüsusi xidmətlər göstərməklə əlavə hakimiyyət əldə etməyi bildirir. Birinci hal hakimiyyət zirvəsindən uzaqlaşmağa, ikinci hal əksinə, hakimiyyət zirvəsinə yaxınlaşmağa, daha çox sədaqət nümayiş etdirməyə cəhd tələb edir.
Ən ümumi uzurpasiya ideyasının məmurların xüsusi davranışlara keçidində məmurlarda ayrı-ayrı xarakterli tabesizlik halları - yuxarıların əmrlərini icra etməmək, onları dəyişdirmək, alternativ hakimiyyət yaratmaq və s. meydana çıxır.
Ən ümumi uzurpasiya ideyasının məmurların orjinal davranışlarına keçidi bir adamda dövlət çevrilişinə cəhd yaradır. Hansı ki, vəzifə cinayətləri ilə əlavə imtiyazların vəhdətindən və ya iki cür uzurpasiyaya cəhd edən  məmurlarin ittifaqından meydana çıxır. Bu da dövlət çevrilişlərinin vaxtında dəyərləndirilməsində və anlanılmasında çətinlik yaradır. Vətəndaşlar hakimiyyətdən əlavə imtiyazlar almış bir şəxsin vəzifə cinayətləri törətməsinə və ya belə məmurların cinayət edən məmurlarla ittifaqına heç cür anlaya bilmirlər və bu zaman həmin məmurların çevrilişdə iştirakına görə vəzifə cinayətləri etmiş insanların hakimiyyətə gəlməsinə müqavimət göstərmirlər.
Beləliklə, qeyri-legitim hakimiyyətdə son nəticədə məmurların razılığından dövlət çevrilişləri, vətəndaşların narazılığından inqilablar meydana çıxır və bu prosesslərdən ya biri, ya da digəri xüsusi vəziyyətdən asılı olaraq önə çıxır.
Ümumilikdə isə, məmurlar hakimiyyətə sədaqətinə görə 3 qrupa ayrılır. Birinci qrupa ən sədaqətli olanlar – özündə orjinal və xüsusi uzurpasiya ideyası saxlayan məmurlar aiddir. Bu cür məmurlar səlahiyyət həddini aşan və səlahiyyətindən sui-istifadən edənlərdir.
İkinci qrupa özündə ümumi uzurpasiya ideyası saxlayanlar aiddir. Belələrinin bəziləri sədaqətli olur, bəsiləri isə yox. Bu səbəbdən də onların bəziləri müxalifətlə əməkdaşlığa gizli və aşkar meyl edir və ya da müəyyən vaxtda hökuməti tərk edir.
Üçüncü qrupa özündə ən ümumi uzurpasiya ideyası saxlayan məmurlar aiddir. Hansı ki, onların hamısı formal olaraq sədaqətli, faktiki olaraq xəyanətkardır. Yəni istənilən əlverişli şəraitdə yüksək rütbəli məmurların hamısı çevrilişə real cəhd edən məmurun tərəfinə keçirlər.
Narazı vətəndaşlar da buna uyğun olaraq 3 qrupa bölünür:
Birinci qrupa orjinal və xüsusi narazılıq ideyalarına malik insanlar aiddir. Onlar hakimiyyətə qaraşı mübarizədən kənardadır.
Ümumi narazılıq ideyasına malik insanlar orta təbəqəni təşkil edirlər. Bu təbəqənin insanlarından müxalifət əmələ gəlir. Eləcə də bu insanların bir qrupu zaman-zaman hakimiyyəin tərəfinə də keçirlər.
Ən ümumi narazılıq ideyası ilə “silahlanmış” bütün vətəndaşlar dövlət çevrilişinin potensial iştirakçılarıdır.
Bütün bunlarla yanşı, hökumətin cəza tədbirləri də 3 qrupa bölünür. Belə ki, hökumət sadə və xüsusi uzurpasiya ideyası olan adamlara toxunmur.
Umumi uzurpasiya ideyası olan adamların bəzilərini cəzalandırır, bəzilərini isə cəzadan kənarda saxlayır.
Ən ümumi uzurpasiya ideyası olanların isə hamısını bir qayda olaraq cəzalandırır.
O cümlədən, buna uyğun olaraq narazılıq ideyasına malik olanlara da hökumət müxtəlif yanaşır. Belə ki, orta və xüsusi narazılıq ideyasına malik insanlara reaksiya vermir. Ümumi narazılıq ideyası olanların bəzilərinə reaksiya verir, məsələn, problemlərini həll edir, narzılığı aradan qaldırmağa cəhd edir və s.
Ən ümumi narazılıq ideyasına malik olanların isə hamısını cəzalandırır.

(Davamı var)

Sərdar CƏLALOĞLU