​Kadırov “Dudayev” sui-qəsdindəki ittihama cavab verdi

Cövhər Dudayev batalyonunun rəsmi nümayəndəsi Əminə Okuyevanın ölümünün arxasında Ukrayna xüsusi xidmət orqanları dayanıb.
Muxalifət.az xəbər verir ki, bu sözləri Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.
 “Ayı sənin qarşında dayandığı zaman ayı izi axtarmaq lazım deyil. Kiyevdə yaxşı bilirlər ki, Nikiforovanı (Okuyeva əvvəl Anastasiya Nikiforova adlandırılıb – red.) amansız şəkildə öz doğma xüsusi xidmət orqanları atəşə tutublar. Onlar bununla özlərinin Qərbdəki sahiblərinin diqqətini hökumət əleyhinə mitinqlərdən yayındırmaq, Rusiyanı öz bəlalarında yenidən günahkar elan etmək istəyiblər”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Dudayev batalyonunun rəhbəri Adam Osmayevin avtomobili güllələnib. Nəticədə Osmayev yaralanıb, onun həyat yoldaşı Əminə Okuyeva başından aldığı güllə yarasından həlak olub.
Osmayevə bundan öncə iyun ayında hücum olmuşdu. O zaman Sankt-Peterburqdan olan çeçen əsilli sahibkar Artur Denissultanov Osmayevi yaralamış, onun həyat yoldaşı Okuyeva isə cavab atəşi ilə sahibkarı vurmuşdu. Denissultanov sui-qəsdini həyata keçirməzdən əvvəl cütlüyə özünü Fransanın “Le Mond” qəzetinin nümayəndəsi kimi təqdim etmişdi.
2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəmişdilər. Osmayev 2014-cü ilin noyabrında azadlığa çıxmışdı.
Ukraynada Cövhər Dudayev adına çeçen batalyonunun komandiri məşhur general İsa Munayevin 2015-ci il fevralın 1-də Debaltsova yaxınlığında gedən döyüşlərdə həlak olmasından sonra Osmayev bu batalyona rəhbər gətirilmişdi. Sonradan Rusiya mətbuatı Munayevin ölümündə məhz Osmayev və Akuyevanı günahkar bilmişdi./Axar.az/