KABEL OĞRULARI YAXALANDILAR

Salyan və Kəpəzdə kabel oğruları yaxalanıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 12-nə keçən gecə Salyanın Qardılı kəndi ərazisində “Azərenerji” ASC-yə məxsus 500 metr mis naqilin kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Oktyabrın 31-nə keçən gecə isə rayonun Şəkərli kəndinin ərazisindən keçən, Salyan və Ələt yarımstansiyalarını qidalandıran sistemin işlək vəziyyətdə olan elektrik xəttinin 250 metrlik hissəsinin kəsilərək oğurlanması barədə daha bir fakt aşkarlanıb.
Hər iki cinayətin açılması istiqamətində DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları birgə tədbirlər keçiriblər. Əldə olunmuş əməliyyat məlumatı əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Yenikənd kənd sakinləri Vahid Ataşov və Eldar Babayev olduqları məlum olub.
Ətraflarında aparılan tədbirlərlə onların hər iki oğurluğu digər 2 nəfərlə birgə qrup halında törətdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə rayon sakinləri olan Elşad Babayev və Tahir Quliyev də saxlanılıblar.
Oğurlanmış kabelin bir hissəsi polis əməkdaşları tərəfindən Elşad Babayevin həyətindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun “KamAZ” markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.